BDU-nun dekanı: "Peşəkar jurnalist olmaq bir köşə yazısı yazmaqla bitmir”
Bizi izləyin

İKT

BDU-nun dekanı: "Peşəkar jurnalist olmaq bir köşə yazısı yazmaqla bitmir”

“Jurnalistikada janrlar arasındakı adi fərqləri belə bilməyənlər, bu peşənin ali təhsilinin vacib olmaması ilə bağlı elə "ciddi" fikir yürüdürlər ki, həyatımın son 22 ilinə heyfim gəlir, az qala...”.

Bu fikirlər Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluya məxsusdur. Feysbuk səhifəsində ixtisaslı və ixtisassız jurnalist polemikasına bu cür təəssüfünü bildirən Vüqar müəllim Publika.az- açıqlamasında məsələnin mahiyyətini daha ətraflı izah edib:

“Xəstəyə iynə vurmaq üçün həkim diplomu lazım deyilsə, bu, o demək deyil ki, sən artıq müalicə prosesinə də keçə bilərsən. Təbii ki, Azərbaycan mediasında jurnalistika diplomu olmayan, lakin kifayət qədər peşəkar, hər zaman qürurla imzalarını tanıdığımız media təmsilçilərimiz var. Lakin bu o həm də o demək deyil ki, peşəkar jurnalist olmaq üçün bu ixtisasın diplomuna ehtiyac yoxdur. Peşəkar jurnalist olmaq üçün jurnalistikanın mahiyyətini, fəlsəfəsini bilmək lazımdır. Bunu isə nəzəri bilikləri almadan anlamaq mümkün deyil. Jurnalistika tək-tük unikal xüsusiyyətə malik peşələrdəndir ki, orada təcrübə ilə nəzəriyyə tam vəhdətdə olur. Jurnalistika xəbərdən başlayır. Xəbərin standartlarını, bu janrın spesifik xüsusiyyətlərini, tələblərini bilmədən onu necə hazırlaya bilərsən? Yəni, burada istedaddan başqa nəzəri biliklər də olmalıdır. Bəli, yalnız nəzəri bilikləri olan və yazı, nitq qabiliyyəti olmayan, buna ümumiyyətlə, həvəs göstərməyən birindən də, hətta diplomu olsa da, jurnalist olmaz.

Vüqar müəllim, jurnalistika fakültəsini bitimiş jurnalistlərlə qeyri-ixtisaslı jurnalistlər arasındakə başlıca fərqi belə görür: “Müasir medianın problemləri çoxdur. Bu gün bu problemlərdən xəbərdar olmadan media menecment barədə ciddi danışmaq mümkün deyil. Yəni, yeni tendensiyalardan, jurnalistikada sürətlə gedən dəyişikliklərdən xəbərdar olmaq lazımdır. Təbii ki, ixtisaslı jurnalistlər bu prosesdən xəbərdar olur və kökünü bildiklərindən, prosesi izləyə bilirlər. Məsələnin ikinci tərəfi, müəyyən nəzəri əsasları bilməklə bağlıdır. Peşəkar jurnalist olmaq yalnız esse yazmağı, fikrini yazılı şəkildə ifadə etməyi, bir köşə yazısı ilə fikirlərini bölüşməyi bacarmaqla bitmir. Peşəkar jurnalist jurnalistikanın fəlsəfəsini, standartlarını, normalarını bilməlidir ki, öz fəaliyyətini qura bilsin. Jurnalist tənzimləmə mexanizmlərindən – istər hüquqi, istər özünütənzimləmə – xəbərdar olmalıdır ki, peşə normalarına əməl etməməyin nəticələrini dərk edə bilsin. Jurnalistikanın ictimai nəzarət funksiyasını anlamalıdır ki, medianın mahiyyətindən xəbərdar olsun. Sosial məsuliyyət konsepsiyasından məlumatlı olmalıdır ki, çiynində cəmiyyət, insanlar qarşısında necə ciddi, böyük yük daşıdığını anlasın. Bütün bu sadaladıqlarım əslində, çox ciddi məsələlərdir. Bizim çox yaxın təcrübəmizdən misal gətirim: 2014-cü ilin avqust, 2016-cı ilin aprel əməliyyatları zamanı informasiya ilə iş prosesini daha savadlı quran tərəf məhz peşəkar jurnalistlər oldu. Həvəskarların yönəltdikləri saytlarda verilən dezinformasiyalar və yoxlanılmamış, leqallaşmamış informasiyaların yayımlanması nəticəsində biz, kiçik müddət olsa belə müəyyən narahatlıqlar yaşadıq. Halbuki, jurnalistika xəbərdən başlayır. Xəbərin nə olduğunu, xəbərlə iş prinsiplərini bilməlisən ki, jurnalistikada ilk addımını ata biləsən. Bizim fakültənin məzunları həm də hər məlumatın xəbər olmadığını bilirlər, bunları arasındakı fərqləri görürlər. Bu səbəbdən nəzəriyyəni bilmək olduqca vacibdir. Lakin jurnalistika praktik vərdişləri sevən bir peşədir. Praktikadan gələn və indi də praktik jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, bunu xüsusilə vurğulamağı özümə borc bilirəm”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov ixtisasca jurnalist olmasa da, jurnalistika sektorunda uğur qazanmış şəxslərdəndir. 8 dildə fəaliyyət göstərən saytın rəhbəri də bu uğurunu məhz jurnalistikanın nəzəriyyəsini öyrənməyə borclu olduğunu bildirir:

“Əslində, hər kəs jurnalist ola bilər. Lakin jurnalistikanın nəzəriyyəsini bilmək şərti ilə. Mən özüm Beynəlxalq Münasibətlər fakültəsini bitirmişəm. Jurnalist kimi işləməyə başlayandan 3-4 il sonra hiss etdim ki, mənim mütləq nəzəriyyəyə ehtiyacım var. Ən azından janrları, üslubları bilməlisən ki, gördüyün işin mahiyyətini anlayasan. Ona görə həmin dövrdə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində tədris olunan kitabları əldə etdim və hamısını oxudum. Daha aydın dərk etməyə başladım ki, mən hansı işi görürəm. Ona qədər də həmin işi görürdüm, amma bir qədər kortəbii şəkildə. Bir var aşıq, bir də var peşəkar musiqiçi. Aşıq istedadı sayəsində çalıb-oxuya bilər. Amma onu nota ala bilməz, çaldığı musiqni təhlil edə bilməz. Bütün bunlar üçün musiqi savadı lazımdır. Jurnalistika da belədir. Təhsil almadan yaxşı yazı yazmaq, müsahibə almaq, reportaj hazırlamaq mümkündür. Amma bu işin mahiyyətinə vararaq, mütləq jurnalistikanın nəzəriyyəsini bilməlisən".

Amin Nəzərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm