Neftin ucuzlaşması büdcə gəlirlərinə necə təsir etdi? - TƏHLİL
Bizi izləyin

Ekopublika.az

Neftin ucuzlaşması büdcə gəlirlərinə necə təsir etdi? - TƏHLİL

Dünya bazarlarında neftin qiymətinin iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftə bağlı ölkələrdə ciddi problemlər yaradıb. Sözsüz ki, neftin qiymətində yaranan dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Maliyyə Nazirliyinin açıqlamasına görə, 2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln manat, xərcləri 8577,9 mln manat olub, 770,7 mln manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Publika.az-a büdcəni şərh edən iqtisadçı-ekspert Fikrət Yusifov bildirir ki, neft qiymətlərinin 2 dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün həmən qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq, büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib:

“Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir. Baxın büdcəyə, 6 ay ərzində Vergilər Nazirliyinin xətti ilə yığılan - qeyri neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqaisədə 11,4% artıb. 2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinə 7 milyard 714,4 milyon manat proqnoza qarşı 7 milyard 807 milyon manat vəsait daxil olub. Bu da proqnoz göstəricilərinin 101,2 faiz yerinə yetirilməsi deməkdir. Hesabat dövründə büdcənin xərc hissəsi 85% icra edilib (10 milyard 92 milyon manat proqnoza qarşı 8 milyard 578 milyon manat). Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib.

Proqnozla nəzərdə tutulduğundan 1 milyard 514 milyon manat az vəsait xərclənməsi, təbii ki, neftin qiymətlərinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu çox düzgün addımdır. Yazılmış təsnifatla büdcə xərcləri müdafiə olunan və müdafiə olunmayan xərclərə bölünsə də, əslində büdcədə həmişə 2-ci və 3-cü dərəcəli xərclər kateqoriyasına aid edilə biləcək xərclər mövcuddur və lazım gəldikdə onlara qənaət edilməsi praktikasna hər bir ölkədə rast gəlmək olar.

Bir sözlə, nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barel üçün 90 dollar səviyyəsindən isə 35-40% aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmisi 15% qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Prezident ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 100 milyon manata qədər güzəştli kreditlər alıblar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm