• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qonşularımızın valyutası kəllə-mayallaq gedir – bizi nə gözləyir?

Qonşularımızın valyutası kəllə-mayallaq gedir – bizi nə gözləyir?

Yola saldığımız həftə bir çox ölkələrdə devalvasiya ilə yadda qaldı. Konkret olaraq, Çin hökümətinin öz valyutasını 2 faizə yaxın ucuzlaşdırması bəzi dövlətlərdə şok effekti yaratdı. Qazaxıstan pul siyasətində dəyişikliyə gedərək üzən məzənnəyə keçdi. Nəticədə tenqe 26 faiz dəyər itirdi. Bundan Qırğızıstan soması təsirlənərək dollar qarşısında əriməyə başladı. Bu azmış kimi neftin 40 dollara qədər ucuzlaşması rus rublunu kəllə mayallaq etdi. Rubl avro və dollara nisbətdə kəskin düşdü. Türk lirəsi də bir dollar 3 lirə səviyyəsinə endi. Tunelin sonu bununla bitmədi. Necə deyiblər dərd dərd gətirər.

“Bloomberg" ekspertləri nəs ağızlarını yenə də açdılar. Və keçmiş SSRİ ölkələri daxil olmaqla dünyanın daha 10 ölkəsində devalvasiya gözləndiyini bəyan etdilər. Agentliyin analitikləri bildirdilər ki, rus rublunun ucuzlaşması ölkə ilə sıx ticarət əlaqələri olan postsovet dövlərtlərinə xüsusi təsir göstərəcək. Məsələn, Ermənistan dramı devalvasiyaya uğrayacaq. Qazaxıstan milli valyutasının devalvasiyası isə Tacikistan və Türkmənistan valyutalarını özü ilə bərabər aşağı çəkəcək.Yəni cəhənnəmə gedənin özünə yoldaş axtarmas kimi. Türkmənistan manatı 20% dəyərdən düşəcək, Tacikistan somonisi isə 10-20%. Neft hasilatını bir qram da azaltayan şeyxlərin vətəni Səudiyyə Ərəbistanın da milli valyuta ucuzlaşacaq.

Neftdən söz düşmüşkən, dünya bazarında neftin qiyməti də həftə ərzində son 6 ildə ən aşağı səviyyəsinə düşdü. Brent markalı neftin 2,49% ucuzlaşaraq oktyabr müqavilələri üzrə qiyməti 45,13 dollar təşkil etdi. Bu da 2009-cu ildən indiyədək “qara qızıl”ın ən aşağı həddidir.Nyu-York birjasında isə WTI markalı neft 2,11% ucuzlaşaraq 40,45 dollara satıldı. Hərracların gedişində neftin qiyməti hətta 39,97 dollara endi. Bu da 2009-cu ilin fevralından indiyədək ən aşağı qiymətdir.

Başlayaq başı bəlalı rubldan. Deməli, neftin qiymətindəki sərt eniş rubla şillə kimi dəyib. Rubl dollar və avro qarşısında son altı ayın ən aşağı səviyyəsinə geriləyib. Dollar 67.2 rubla yüksəlib, avro isə 75 rublu keçib. Ən maraqlısı da odur ki, Rusiya hökuməti rublu xilas etməyə tələsmir. Prezident Vladimir Putinin köməkçisi, keçmiş iqtisadiyyat naziri Aleksey Belousov bildirib ki, ölkənin rublun məzənnəsini qorumaq üçün lazımi qədər valyuta ehtiyatı yoxdur. Hazırda mövcud olan 358 milyard dollar qızıl-valyuta ehtiyatının yalnız 300 milyard dolları valyutadır. Onun da 120 milyon dolları toxunulmaz sayılan ehtiyat fondlarına aiddir. Qalan vəsait isə ölkənin ehtiyaclarını cəmi 9 ay ödəyə bilər. Ona görə də hökumət rublu qorumaq niyyətindən əl çəkib – rubl da qazax tenqesi kimi “sərbəst üzmə”yə buraxılıb.

Həftə Qazaxıstan üçün də qara başladı. İqtisadiyyatının quruluşu Azərbaycana daha çox bənzəyən ölkədə hökümət inflyasiyanı hədəflənmək və valyuta dəhlizini ləğv etmək məqsədilə "üzən məzənnə"yə keçdi. Bununla da müsibət başladı. Tenqe dollara münasibətdə 26% dəyərini itirdi. Vəziyyə o həddə çatdı ki, valyuta dəyişmə məntəqələrinin qapısına qıfıl vuruldu, avtomobil satışı dayandırıldı. Amma “Əhmədin anası ölməyib”. Prezidenti Nursultan Nazarbayev bankda tenqe ilə depozit saxlayan və milli valyutanın devalvasiyasından itirən vətəndaşların kompensasiya edilməsinə dair göstəriş verib. Bununla da 18 avqusta qədər tenqe ilə qoyulan depozitlər kompensasiya ediləcək.

Tenqenin gələcək taleyinə gəlincə, Qazaxıstanda başa düşürlər ki, bu vəziyyətdə tenqeni istəsələr də, xilas edə bilməyəcəklər. Çünki səbəblərin əksəriyyəti xarici amillərlə bağlıdır və hökumət onları dəyişə bilmir. Yəni tenqenin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq.

Türkiyənin milli valyutası - lirənin məzənnəsi də sürətlə aşağı düşür. Konkret avqustun 19-da ölkə ərazisində bir ABŞ dolları 2,9 Türkiyə lirəsinə dəyişdirildi. Qara bazarda isə bir dollar 2,95 lirə oldu. Avqustun 20-də 1 ABŞ dolları 3,020 lirə səviyyəsinə yüksəldi. Türkiyə Mərkəzi Bankından bildirirlər ki, lirənin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır. Xatırladaq ki, cari ilin yanvarında bir ABŞ dollarının məzənnəsi təxminən 2,35 lirə olub. Lirənin ucuzlaşmasının nə qədər və hansı həddədək davam edəcəyi bilinmir. Hökümət də bu haqda nəsə demir. Görünən odur ki, inkişaf etmiş qeyri-neft sektoruna malik Türkiyə üçün lirənin ucuzlaşması çətinlik yaratmır, əksinə Türkiyə mallarının rəqabət qabiliyyətini və satışlarını artırır.

Türkiyə ilə bağlı daha bir mühüm hadisə təbii qazın qiymətinə endirimlə bağlı Rusiya tərəfi ilə 10,25%-lik razılaşma əldə edilməsidir.Bu barədə nazir Taner Yıldız danışıb. O deyib ki, bu razılaşma ilə əlaqədar hələlik saziş imzalanmayıb: “Bizim tərəfimizdən bir problem yoxdur. Qarşı tərəfin də istədiyi zaman bunu dəyərləndirə bilərik”.T.Yıldız əlavə edib ki, “Türk Axını” ilə bağlı müzakirələr davam edir. “Hər iki ölkənin maraqlarını qoruması son dərəcədə təbii haldır”.

Hər həftə Çin ilə bağlı nəsə bəd xəbər olmalıdır. Ölkənin iqtisadiyyatı son altı ildə ən aşağı səviyyəsinə enib. 2009-cu ilin martından sonra Çin iqtisadiyyatı ən aşağı səviyyədədir. Belə ki, istehsal son 6,5 ildə ən sürətlə eniş edib. Bundan başqa, iqtisadi fəallıq indeksi də (PMI) 47,1 ə enib. Mütəxəssislərin fikrincə, qarşıdakı bir neçə il ərzində ölkənin iqtisadi vəziyyəti heç də ürəkaçan olmayacaq.

Çindən gələn həyəcan siqnalı, eləcə də Federal Rezerv Sisteminin sentyabrda dolları bahalaşdıracağı təhlükəsi ABŞ birjalarında sərt külək əsdirdi. Nəticədə Amerika şirkətlərinin perspektivləri pisləşdi və səhmləri kəskin ucuzlaşdı. Ölkə iqtisadiyyatının əsas göstəricisi sayılan Dow Jones indieksi 3,12% azalaraq 2011-ci ildən indiyədək ilk dəfə 16 460,01 həddinə endi. Başqa sözlə indeksin göstəricisi birdən-birə 500 pillə düşdü. Digər əsas göstərici sayılan “S&P 500” indeks idə 2,70% azalaraq 1980,85 pilləsinə endi. Ümumiyyətlə adı çəkilən göstərici 2015-ci ilin yanvarından indiyədək ilk dəfə 2000-dən aşağı oldu.

İş dünyası

İş dünyası da qan ağlayır. ABŞ birjalarındakı zəlzələ “Apple” 158 milyarda başa gəldi. Düzdür, şirkət hələ də Amerikanın ən bahalı şirkəti sayılır. Belə ki, ”Apple”nin bazar kapitalizasiyası 618 milyard dollardır. Lakin Amerika mətbuatının yazdığına görə, şirkətin səhmləri hazırda 6 dollar ucuzlaşaraq 106,72 dollara enib. Hansıki bir qədər əvvəl bu rəqəm 134 dollar idi. Deməli söhbət 20 faiz ucuzlaşmadan gedir.

Devalvasiyalar isə milyarderlərin evini yıxıb. Tanınmış 400 iş adamı bir həftədə 182 milyard dollar pul itirdilər. Ən çox pul itirən isə məşhur iş adamı, milyarder Uorren Baffet oldu. Siyahıda ondan sonra ikinci İsveçrəinin “Glencore Treyd” şirkətinin sahibi Ayvana Qlazenberqer gəlir. A. Qlazenberqer devalvasiya nəticəsində bir gündə 76 milyard ABŞ dolları pul itirib. Qeyd edək ki, dünyanın bəzi ölkələrinin valyutalarında baş verən dəyişikliklər hələ davam edir. Analitiklər yaranmış vəziyyətin bir müddət davam edəcəyini istisna etmir

Hindistanın hava yolu şirkəti “İndigo” isə ilin günün bu vaxtında “Airbus”'dan 250 ədəd A320 sifariş edib. Bununla da rekorda imza atıb. İki şirkət arasında əldə olunan razılaşma çərçivəsində “İndigo”nun sifarişləri 2018-2026 illər arasında təslim ediləcək.Sürətli şəkildə böyüyən Hindistanlı hava yolu şirkəti “Airbus”dan 2005-ci ildə də 100 ədəd A320 almışdı.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Rusiya,Qazaxıstan və Türkiyədə valyutaların ucuzlaşması “qasırğanın” Azərbaycana da çatacağı ehtimalını gücləndirdi. Çoxları növbəti “qara şənbəni” istisna etmədilər və valyuta dəyişmə məntəqələrinə axışdılar. Vəziyyətdən istifadə edən bəzi banklar Mərkəzi Banka paralel yeni “məzənnə tavanı” müəyyən etdilər. MB isə kommersiya banklarını “ağıllı olmağa” çağırdı. Uzun sözün qısası dolların satış məzənnəsinin maksimal həddini aşmamağı bildirdi. Valyuta bazarında ajioatjı aradan qaldırmaq üçün banklara şifahi xəbərdarlıq göndərdi. Dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə etdi: “Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb. Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Bu ajiotajı aradan qaldırmaq üçün Mərkəzi Bank rəhbərliyi tərəfindən kommersiya banklarına xəbərdarlıq edilib. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün“.

Bunun ardınca Mərkəzi Bankı bankların nağd valyuta ilə təminat barədə məlumat yaydıb.Bildirdi ki, valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yalandı., Bankların həm nağd, həm də qeyri nağd valyuta üzrə tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Deyəsən, pul haqqında çox danışdıq. Keçək həftənin digər önəmli iqtisadi hadislərinə. SOCAR "Petkim"dəki səhm paketinin 13%-nin "Goldman Sachs İnternational"a satılmasının səbəblərini açıqladı. "SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz bildirdi ki, bu addım "SOCAR Turkey Energy" şirkətinin qloballaşdırılması üçün atılıb. Bununla yanaşı, SOCAR-ın törəmə şirkətinin rəhbəri qeyd edib ki, bağlanan əqddən əldə olunan vəsait hesabına şirkətin bəzi borcları qaytarılacaq: "Bu əqd Türkiyəyə iqtisadiyyatına olan etibarın göstəricidir. Bilirsiniz ki, əqdin dəyəri 1,3 milyard dollardır. Əqdin bağlanmasının əsas səbəblərindən biri şirkətimizin qloballaşdırılmasına nail olmaqdır. Bununla yanaşı, səhmlərin satışından əldə olunan vəsaitin bir qismi bəzi borclarımızın qaytarılmasına yönələcək ".

Qeyd edək ki, "SOCAR Turkey Energy" şirkəti "Petkim Holding"dəki səhm paketinin 13%-ni satıb. "SOCAR Turkey Energy"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları təşkil edib. "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

Embarqolardan xilas olan İran Azərbaycanın ən böyük qaz layihəsi “Şahdəniz”də payını artırmaq niyyətində olduğunu açıqladı. İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezinin sözlərinə görə,bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”. Xatırladaq ki, “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.

Həftənin daha bir maraqlı müzakirə mövzusu yeddi ildir geçikən sosial mənzil fondu ilə bağlı oldu. Deputatlardan birinin parlamentin payız sessiyasında bu yöndə məsləhətləşmələri aparılacağını deməsi sosial mənzil fondu ətrafında yeni şərhlərə yol açdı. İqtisadçı-ekspertlər bəyan etdilər ki, sosial mənzil fondu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll edə bilər. Neftin dünya bazar qiymətinin aşağı düşməsinə baxmayaraq bunun üçün ölkənin vəsait var. Yəni dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradır. Bu vəsait həmçinin mənzil bazarının rentabelliyinin qorunması baxımından təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadratmetrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadaratmetrin “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili… Devalvasiya xəstəliyindən əziyyət çəkənlərə “yastığınız yüngül” olsun deyib növbəti həftənin yekunlarını gözləməkdən başqa çarəmiz yoxdur.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR