“Neft 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi stabil qaldı” – Fikrət Yusifov
Bizi izləyin

Ekopublika.az

“Neft 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi stabil qaldı” – Fikrət Yusifov

Son günlər ölkədə dollar ajiotajı müşahidə edilməkdədir. Qonşu dövlətlərdə devalvasiya xəbərlərindən təsirlənən əhali valyuta dəyişmə məntəqələrinə üz tuturlar. Ajotajın sonu hara gedir?

Publika.az-ın sualına cavab verən iqtisadçı ekspert Fikrət Yusifov deyir ki, dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. Təkcə qonşu dövlətlərdə deyil, hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrində milli valyutaların ABŞ dollarına nisbətən ucuzlaşması prosesi baş verir:

“Yaranmış vəziyyət tələb edir ki, prosesə obyektiv qiymət verək, ölkəmizdə bu sahədə mövcud olan durumu əsaslı şəkildə təhlil edib cəmiyyətə əsil həqiqətləri söyləyək. Lakin təəssüflə qeyd edim ki, ölkəmizdəki fürsətçillər bu dəfə də ənənələrinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, insanları xof içində saxlamaq yolunu tutublar. Məsələnin kökünü bilən də, bilməyən də mətbuatda istədiyi açıqlama ilə çıxış edir, heç bir mənbə, istinad nöqtəsi göstərilmədən müxtəlif uydurma rəqəmlər səsləndirilir. Əlbəttə, məsələlərə obyektiv yanaşdıqda, hər şeyin qaydasında olduğunu və proseslərin bizə zərər vermədiyini, yaxud verməyəcəyini heç bir halda iddia etmək olmaz. Lakin ölkədə görülən qabaqlayıcı tədbirlər, hökumətin prosesi az ziyanla ötüşdürməyə hesablanmış addımları, büdcənin neftdən asılılığını minimuma endirmək məqsədi daşıyan dövlət proqramları öz bəhrəsini verəcəyək. Bu proses üzdə göründüyü kimi təkcə dünya maliyyə bazarını hədəfə almayıb. Hadisələr bütövlükdə dünyanı bir ölkədən asılı vəziyyətə salmağa və yalnız bir vahid güc mərkəzinin meydana gəlməsinə doğru aparır. Prosesi idarə edənlər buna nail ola biləcəklər, ya bilməyəcəklər, bu artıq başqa bir mövzudur. Bizi hələlik daha çox ölkəmizin bu olaylardan mümkün qədər az ziyanla çıxması maraqlandırır.

Azərbaycan dünyanın iqtisadi – maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, dünya iqtisadiyyatında baş verən proseslərin bizə aidiyyatı olmasın. Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər birinci dəfədir ki, onun qiymətində dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991- 1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi stabillik mərhəlləsinə qədəm qoya bildi. Bu, Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq, Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi sual olunur:

Əgər Azərbaycan hökuməti qeyri-neft sektorunun çox aşagı səviyyədə olduğu, neftin dünya bazarlarında qiymətinin 17-18 dolları keçmədiyi həmin illərdə təhsil, səhiyyə və büdcədən maliyyələşən başqa təşkilatların işçilərinin əmək haqlarını, təqaüdləri vaxtlı-vaxtında ödəyə bilirdisə, bunu indi də edə bilməzmi? Əlbəttə ki, edər. İndi bizim neftsiz, qazsız iqtisadi və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir. İndi Azərbaycanın istənilən iqtisadi təlatümləri adlatmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var. Odur ki, cəmiyyətə yalan informasiyalar ötürən, insanlarda narahatlıq yarada biləcək bəyanatlar verən, heç bir istinad nöqtəsi olmayan uydurma rəqəmlər ortaya atanlar bu yolla siyasi uğur qazanacaqlarını düşünürlərsə, kökündən yanılırlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm