Zamin olmağın təhlükəli tərəfləri
Bizi izləyin

Ekopublika.az

Zamin olmağın təhlükəli tərəfləri

İyul ayının 1-nə kimi olkənin maliyyə-kredit təskilatları huquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilən kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,6 faizinin odəmə vaxtı kecib. Kreditlərlə bağlı diqqəti çəkən başqa bir məqam zaminlərin sayıdır, Belə ki, qanunvericilikdə kreditin bir cox təminat üsulları nəzərdə tutulub. Onlardan biri zaminlərdir. Mərkəzləşdirilmiş Kredit Reyestrinin birinci rübə olan məlumatına görə, zaminlərin sayı 1,109,476 nəfər təşkil edib.

Nəzərə çatdıraq kredit verilişi prosesi çətinləşdirildikdən sonra zaminlərin məsuliyyəti də artırılıb. Zamin olan vətəndaşlar bir sıra hallarda sonradan borcu qaytarmaq məcburiyyətində qalırlar. Bəzən kredit üzrə aylıq ödəniş zaminin bankda olan kart hesabından çıxarılır.

Publika.az-a bu haqda danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, əksər hallarda zamin olan şəxslər müqaviləni oxumadan imzalayırlar: “Məsələn, bizim mərkəzə müraciət edən vətəndaşlarımızdan biri qeyd edir ki, onun əmək haqqı kartı olan bankdan başqası kredit götürüb və o da zamin durub. Cəmi 1-2 ay sonra kredit götürən borcu qaytarmaqdan imtina edib. Bəlli olub ki, zamin olan vətəndaşımızın oxumadan imzaladığı müqavilədə borc götürənin pulu qaytara bilmədiyi halda pulun onun hesabından çıxılması barədə bənd var. Borc götürən isə pulu banka ödəməkdən imtina edib. Bu isə o deməkdir ki, formal prosedura kimi bildiyi zaminlik müqaviləsi onun üçün ciddi xərc yaradıb”.

İqtisadçı deyir ki, əksər hallarda kredit götürən şəxs zaminliyin formal olduğunu deyərək zaminlər cəlb edir: “Bəzi hallarda isə müraciət edilən şəxs zaminlik ilə bağlı ona müraciət ediləndə utanır və yox demir. Nəticədə isə krediti bir şəxs götürür xərcləyir qaytarmır, o puldan xəbəri olmayan zaminin hesabından isə aylıq pul çıxılır. Buna görə də, zamin olmadan öncə fikirləşin: kredit qaytarıla bilməyəndə həmin pulu qaytarmağa hazırsınızmı? Bankla bağlıdığınız müqaviləyə əsasən zamin təxminən borc götürən qədər məsuliyyət daşıyır. Kredit qaytarıla bilməyəndə zamin həmin borcun qaytarılmasına şərik edilir. Ona görə də, çalışın yaxından tanımadığınız, ödəmə qabiliyyətini tam bilmədiyiniz insana zamin olmayın. Nəzərə alın ki, çox fərqli səbəblərdən istənilən kreditin ödənilməsində problemlərin olması heç zaman istisna edilmir”.

Məsələnin qanunvericilik tərəfinə gəlincə, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Şərh olunan maddənin bəndinin bir qədər şərti olmasını qeyd etmək lazımdır. Əslində zaminlik öhdəliyi başqa şəxsin kreditorunun qarşısında həmin şəxsin (borclunun) öhdəliklərinin icra etməməsi nəticəsində əmələ gəlir və zaminin öhdəliyi yalnız borc pulun qaytarılmasından ibarətdir. Qeyd olunan öhdəlik, borclunun zaminliklə təmin edilmiş əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi kimi hüquqi faktın əsasında yaranır.

Kreditorun qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası var. Bu özünəməxsusluq zaminlik müqaviləsinin bağlanmasından sonra nə zaminin, nə də ki, kreditorun əsas öhdəliyin pozulmasına qədər hüquq və vəzifələrin olmamasından ibarətdir. Lakin borclu tərəfindən kreditorun qarşısında götürülmüş öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə qədər münasibətin olmamasını hesab etmək özüdə böyük yalnışlıq olar. Çünki müqavilənin bağlanması faktının öz hüqüqi mənası var.

Zaminlik müqaviləsi həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm