• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropada Şərq küləyi: neftdən nə xəbər var? - HESABAT

Avropada Şərq küləyi: neftdən nə xəbər var? - HESABAT

Yola saldığımız həftə səhmlərin qlobal bazarlarda dalğalanması ilə başladı. Çin iqtisadiyyatının yavaşlaması nəticəsində Şanxay Birjası 9 faizə yaxın dəyər itirdi. Bu küləyin təsiriylə Avropa birjaları da sərt şəkildə gerilədi.Amma Çin Mərkəz Bankının faiz endirimi qərarı və Amerika Birləşmiş Ştatlarında iqtisadi artımla bağlı rəqəmlərin açıqlanması birjaları özünə gətirdi. Bununla belə olan oldu. Dünya maliyyə bazarları həftənin əvvəlindən yüz milyardlarla dollar itirdilər.

Yeri gəlmişkən, əmtəə birjasında da vəziyyət sabit keçmədi. Neftin qiyməti əvvəlcə sərt şəkildə endi. Və bu valyuta kurslarında geriləmələrə səbəb oldu. Konkret olaraq, inkişaf etməkdə olan birjalarda pul vahidləri dəyərdən düşdülər. Lakin həftənin sonuna vəziyyət bir qədər sabitləşdi. Neft, rubl, tenge, lari, lirə dəyər qazandı. OPEC rəsmisi isə proqnozları ilə nigarançılıqlara son verdi. Bildirdi ki, 2015-ci ilin sonuna kimi dünya birjalarında neftin 1 barrelinin dəyəri 40-50 dollar ətrafında dəyişəcək. Cari ilin sonuna kimi yalnız Çin iqtisadiyyatında bərpa prosesi başlayarsa, "qara qızıl" 60 dollaradək bahalaşacaq. Onu da qeyd edək ki, dekabrda Avstriyanın paytaxtı Vyanada OPEC-in növbəti iclası baş tutacaq ki, bu da neftin bahalaşmasına səbəb ola biləcək amillərdəndir.

Başlayaq birjalara qənim kəsilən Çindən. Çin Mərkəz Bankı indekslərin aşağı düşməsi səbəbindən noyabr ayından sonra beşinci dəfə faiz endiriminə getdi. Qərar nəticəsində kredit faizləri 0.25 faiz nisbətinə endirildi və 4.6 faiz təşkil etdi. Buna baxmayaraq, 1996-cı ildən bu tərəfə ölkənin hissələrində ən böyük 5 günlük eniş yaşandı.

Beynəlxalq bazarları sarsıdan Çin Birjasındakı eniş Rusiyaya da təsir etdi. Rusiyada dolların kursu 71 rubla yüksəldi. Vəziyyət o həddə çatdı ki, iqtisadiyyat naziri Aleksey Ulyukayev bu il iqtisadi artımın 3,3 faiz ətrafında azalacağını proqnozlaşdırdıqlarını söylədi. Xatırladaq ki, bundan əvvəlki təxminlərdə həmin rəqəm 2,8 faiz idi.

A.Ulyukayev 2016-ci ildə neftin barrelini 55 dollardan nəzərdə tutduqlarını da açıqladı. Bildirdi ki , neftin qiyməti tarazlaşdıqdan sonar rubl dəyər qazanacaq.

Bu arada Rusiyanın statistika komitəsi ilin 7 ayının iqtisadi-sosial göstəricilərini açıqladı. Hansı ki oradakı rəqəmlər heç də xoş gələcək vəd etmirdi. Statkoma görə, Rusiyanın ümumi daxili məhsulu iyulda illik əsasda 4,6, ilin əvvəlindən 3,6 faiz azalıb.Xarici ticarət dövriyyəsinin profsiti isə 34 faiz azalaraq 11,2 milyard dollara düşüb. İyulda ölkənin ixracı 28 milyard dollar təşkil edib. İdxal 17 milyard dollar olub. Ruisyadan uzaq xarici dövlətlərə ixrac illik əsasda 40,5 faiz, idxal 43 faiz, MDB ölkələrinə isə ixrac 36,5 faiz, idxal 33,1 faiz azalıb.

Bununla bərabər rusiyalıların gəlirləri iyulda 1,4 faiz artıb. Amma gəlirlər illik əsasda 2 faiz, yeddi ayda 2,9 faiz azalıb. Yetkililərin sözlərinə görə, əhalinin gəlirləri 2016-cı ilin birinci rübündə artacaq.Yəni yaz gələr yonca bitər.

Putin dərdlənməsin neynəsin. Düşməndə iqtisadi göstəricilər vur çatlasın edir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının ilin ikinci rübündə pronozlaşdırılandan çox artdığını bəyan etdi. Ümumi Daxili Məhsul ilin ikinci rübündə 3.7 faiz artıb. Hansı ki ABŞ Ticarət Nazirliyi bu rəqəmi 2.3 faiz proqnozlaşdırmışdı. Ekspertlər artımı fond sərmayələrinin, istehlak xərclərinin artması və sabit investisiyalarla əsaslandırırlar. Qeyd edirlər ki, rəqəmlər ABŞ Mərkəz Bankının (FED) bu il faiz artırımına getmə ehtimalını artırıb.

Deyəsən ağlaşma bitir. Yunanıstan iqtisadiyyatında 0.9 faiz artım qeydə alınıb. Ölkənin yaşadığı dərin iqtisadi böhrana rəğmən ilin ikinci rübündə artım qeydə alınması hamını çaşdırıb. Xatırladaq ki, Yunanıstan iqtisadiyyatı 2014-cü ilin ilk rübündə 0.2 faiz keriləmişdi. Bu ilin birinci rübündə artım 0.1 faiz səviyyəsində qalmışdı. Son hesabatdan isə görünür ki, ölkədə istehlak xərcləri 1.1 faiz, ixrac 0.1 faiz artıb. Elə bu da iqtisadi artımı stimullaşdırıb. Digər tərəfdən turizm sektorundan əldə edilən gəlir də artıma təsir edib. Məlumatlara əsasən, Yunanıstana bu il 25 milyon turistin gəlməsi gözlənilir. Əldə ediləcək gəlirin isə 14 milyard avro olacağı nəzərdə tutulub.

Fransada da nəhayət işsizlərin sayı azalıb. Belə ki, işsizlik yanvar ayından bu tərəfə ilk dəfə geriləyib.Ölkənin İş Nazirliyinin açıqladığı rəqəmlərə inansaq, iş axtaranların sayında 0,1 faiz azalma baş verib. Bununla belə hələ də ölkədə 3,5 milyondan çox adam işsizdir. Onu da qeyd edək ki, Avropanın ikinci böyük iqtisadiyyatı son iki il ərzində 0,6 faiz nisbətində artıb. Lakin mütəxəssislər məşğulluğun artması üçün iqtisadi artım nisbətinin ən azı 1,5 faizə yüksəlməsini vacib sayırlar.

İngiltərə iqtisadiyyatından da xəbər var. İlin ikinci rübündə 0.7 faizartıb. Ümumi daxili məhsul son üç ayda 0.7 faiz, istehsal 0.6 faiz artıb. Xarici ticarətin artımda payı isə 1 faiz təşkil edib. Bunun fonunda istehlakçı xərcləmələri azalaraq 0.7 faiz səviyyəsində qalıb.

Yaponiyada inflyasiya bu il üçüncü dəfə sıfır səviyyəsinə enib. Təzə qidanı çıxmaq şərti ilə istehlak qiymətləri yenə dəyişməyib.Artıq bir ilə yaxındır iqtisadiyyatı durğunluq yaşayan ölkədə Mərkəz Bank (BOJ) inflyasiyasının 2 faizə yüksəlməsini hədəfləyib. Eyni zamanda iqtisadi artımı təmin etmək üçün yenin məzənnəsini zəiflətməyə çalışır.

Yola saldığımız həftə Ukrayna höküməti də iqtisadiyyatını xilas etməyə çalışdı. Yenə də borc üçün tərəfdaşlarının qapısını döydü. Martdan başlayan və ara səra davam edən danışıqlar müsbət nəticələndi. Ukrayna xarici borcunun yenilənməsi məqsədilə beynəlxalq kredit təşkilatları ilə razılaşdı.Ukraynanın 18 milyard dollarlıq borcunun 20 faizi silinərək borc xətti yenidən açıldı. Bu da təxminən 4 milyard dollarlıq bir məbləğdir. Ukrayna Maliyyə Naziri Natalia Jaresko müzakirələrin nəticəsini belə izah etdi: “Düşmənlərimizin gözlədiyi kimi Ukrayna müflisləşməyəcək".

Daha bir xəbər qlobal ticarətlə bağlıdır. Dünya ticarəti ilin ilk yarısında son 6 ilin ən sürətli enişini yaşayıb. "World Trade Monitor" qlobal ticarətin həcminin ilin ikinci rübündə 0,5 faiz azaldığını bildirib. İlk rübdə daralma nisbəti 1,5 faizə yüksəlib. "World Trade Monitor" maliyyə böhranından bu yana ən böyük daralmanın yaşandığını açıqlayıb.Yalnız iyun ayında ticarətin həcmi artsa da, bu ümumi artıma gətirib çıxarmayıb.

İş dünyası

“Apple” yeni ağıllı telefon modeli “ İphone 6s” modelini sentyabrın 9-da təqdim edəcək. Telefon ilk əvvəl ABŞ-ın San Fransisko şəhərində təqdimata çıxarılacaq.Əmin olun ki, sabahı gün yerli “civilərimiz” tərəfindən Bakıya gətirdiləcək. Nə isə keçək xəbərimizə. Şirkətin bu yeni modeli ekranın həssas olması, kamera sisteminin daha inkişaf etməsi, prosessor sürətinin yüksəlikliyi ilə seçilir.”Apple”nin “ İphone 6s” bərabər “Apple TV” və “iPad“ modellərini də təqdim etməsi gözlənilir.Yeni modellərin ilk olaraq ABŞ, Almaniya, İngiltərə və Yaponiyada satışa təqdim ediləcəyi deyilir.

Almaniyada iş dünyası məmnun vəziyyətdə olduğunu bəyan edib. Məlum olub ki, Almaniyada istehsal edilən yüksək keyfiyyətli məhsullara tələb davam edir. Avqust ayında Alman İş Dünyasının Trend indeksi iyulla müqayisədə artıb.

Rusiyanın "Rosneft" şirkətinin səhmlərinin bir qismi isə özəlləşdirilə bilər. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin dediyinə görə, özəlləşdirməyə şirkətin səhmlərinin 19,5%-i çıxarıla bilər. O, özəlləşdirmənin 2016-cı ildə baş tuta biləcəyini istisna etməyib. Bildirək ki, hazırda "Rosneft" şirkətinin əsas səhmdarı 69,5%-lik paya sahib olan "Rosneftqaz" ASC-dir.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Deməli, yola saldığımız həftə dağıdıcı qüvvələrin təbliğatının əksinə qonşu ölkələrdəki kimi devalvasiya baş vermədi. Milli valyutamız manat dolların qarşısında dirəniş nümayiş etdirdi. Rubla,tengeye, lariyə, lirəyə nümunə oldu.

"Fitch Ratings" beynəlxalq kredit reyting agentliyi xöşbəxtliyimizə qərəzsiz yanaşıb Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini "BBB-" investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu "sabit" saxladı.Agentliyin hazırladığı hesabata əsasən Azərbaycanın investisiya səviyyəli reytinqi ölkənin aşağı suveren borcu, 2006-cı ildən yüksək xammal qiymətləri və cari hesabın müsbət saldosu nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivlərini əks etdirir.Reytinq üzrə proqnozu sabit saxlayan agentliyin qənaəti ondan ibarətdir ki, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alacaq. Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda "Fitch Ratings" tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqinin "BBB-" investisiya səviyyəsində bir daha təsdiq olunması ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

Son günlər birjalarda uğurlu satışlar reallaşdıran "SOCAR Turkey Energy A.Ş" indi də

STAR neft emalı zavodunun səhmlərinin bir qismini satmağa hazırlaşır. "SOCAR Turkey Energy A.Ş"nin rəhbəri Kənan Yavuzun sözlərinə görə, "SOCAR Turkey Energy A.Ş"-nin tərkibinə daxil olan şirkətlərin hər biri ayrılıqda maddi mənbələr yaratmaq imkanına sahib ola biləcək.O həmçinin 2020-2021-ci illərdə "SOCAR Turkey Energy" şirkətinin səhmlərinin bir hissəsi birjada satışa çıxarılacağını vurğulayıb.

Bu arada K.Yavuz təkcə satışla məşğul olmur. O “SOCAR Turkey Energy A.Ş"nın Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) 7%-lik paya sahib olmaq niyyətində olduğunu dilə gətirib. Deyib ki, hazırda bu istiqamətdə işlər davam edir: "SOCAR Turkey Energy" öz növbəsində sahib olacağı paya uyğun olaraq TANAP-a sərmayə qoyacaq".

Məlumat üçün deyək ki, hazırda TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Yola saldığımız həftənin daha bir önəmli xəbəri Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşü oldu.Hansı ki həmin görüşdə tərəflər SOCAR tərəfindən Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin özəlləşdirilməsi məsələsini müzakirə etdi. Əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadıldı.

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR