Banklarda nə baş verir, kim hara təyin olundu?
Bizi izləyin

Ekopublika.az

Banklarda nə baş verir, kim hara təyin olundu?

“Qara şənbə” kimi xatırlanan 21 fevraldan təxminən 6 ay keçir. Manatın devalvasiyası əsasən bank sektoru üçün zərbə oldu. Kifayət qədər bank prosesdən özünə gələ bilməyib. Artıq iki bank bağlanıb, yerdə qalanlarda isə kadr dəyişiklikləri gedir.

Publika.az banker.az-a istinadən son 6 ay ərzində bank sistemində baş verən kadr dəyişikliyini təqdim edir.

22 fevral – devalvasiyanın səhəri günü “Bank Technique”-nin rəhbərliyində dəyişiklik aparıldı. İdarə Heyətinin sədri Ülvi Mansurov səhmdarların qərarı ilə tutduğu vəzifədən azad olundu. Ü. Mansurovun tutduğu vəzifədən uzaqlaşdırılmasının səbəbi açıqlanmadı. Bir müddət sonra o, “Beynəlxalq Bank”a sədr müavini təyin edildi.

18 mart – “Beynəlxalq Bank”ın (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verdi. ABB-nin məlumatına görə, o, bu qərarı səhhəti ilə əlaqələndirdi. Müavini Emil Mustafayev onu əvəzlədi.

9 aprel – “Bank of Azerbaijan”da Müşahidə Şurasının sədri vəzifəsini icra edən Mehman İsmayılov “Bank Technique”-ə qayıtdı. Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçildi. Məlumata görə, Mehman İsmayılov “Bank Technique”nin Audit Komitəsinin sədri vəzifəsini icra edir.

28 aprel – aprelin əvvəlindən “Unibank”da icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edildi. Qeyd edək ki, bankın keçmiş icraçı direktoru Cəlal Qasımov isə sonradan “PAŞABank”ın İdarə Heyətinin sədri təyin olundu.

1 may – “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin sədri Hüseyin Özmen istefa verdi.

22 may – “AtaBank”da iki kadr dəyişikliyi aparıldı. Bətulə Əhədova və Rauf Hüseynov bankın idarə heyətinin üzvü vəzifəsinə təyin olundu.

27 may – “Kapital Bank”ın Müşahidə Şurasının sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verdi. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçildi.

3 iyun – “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri vəzifəsinə təyinat aparıldı. Bu vəzifəyə Avni Demirci gətirildi. Qeyd edək ki, A. Demirci bundan öncə “Ziraat Bank (Moskva)” QSC-nin Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışmışdı.

3 iyul – “PAŞA Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr seçildi və bu vəzifəyə Mir Camal Paşayev təyin olundu.

18 iyul “NBC Bank” ASC-də kadr dəyişikliyi baş verdi. Fuad Quliyev İdarə Heyətinin üzvü vəzifəsindən kənarlaşdırıldı.

20 iyul – “Nikoyl Bank”da kadr dəyişikliyi baş verdi. Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarıldı. Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda, “Uralsib” maliyyə korporasiyasının baş direktorunun müşaviridir.

20 İyul – “PAŞA Bank” ASC-DƏ daxili komitələrin formalaşdırılması prosesi başa çatdı. Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin sədri vəzifəsinə Taleh Kazımov təyin olundu. İdarə Heyətinin sədr müavini vəzifəsi Emil Hacıyevə həvalə edildi.

22 iyul – “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verdi.

22 iyul – “Azər-Türk Bank” ASC-nin sədri Elmar Məmməd oğlu Məmmədov “Beynəlxalq Bankı”ın sədri seçildi.

23 iyul – “Günay Bank”ASC-də ciddi kadr dəyişiklikləri baş verdi. Müşahidə Şurasından və İdarə Heyətindən 2 nəfər uzaqlaşdırıldı, İdarə Heyətinin üzvlərinin sayı artırıldı.

5 avqust – “Azericard”-ın baş direktoru Anar Sultanov vəzifəsindən azad edildi. Məlumata görə, qurumun yeni rəhbəri Ceyhun Rəhimov təyin edilib.

5 avqust – “Azər-Türk Bank” ASC-nin rəhbərliyində baş verən dəyişiklik nəticəsində Afiq Xudayev bankın İdarə Heyətinin üzvü təyin edildi. Bankın İdarə Heyətinin sədrinin müavini Fərhad Adıgözəlov İdarə Heyətinin sədri vəzifəsinə təyin olundu.

12 avqust – “AG Bank”ın İdarə Heyətinin sədr müavini Fərid Fuad oğlu Quliyev istefa verdi. O, fəaliyyətini digər müəssisədə davam etdirmək qərarına görə bu addımı atdığı açıqladı.

19 avqust – “YapıKredi Bank”ın idarə heyətinin sədri dəyişdirildi. Altan Şentürkü Cenk Yuksel əvəzlədi.

24 avqust – “Bank Technique”-in bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov istefa verdi. Qeyd edək ki, K. Axundov 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

26 avqust – “Bank Technique” -in “Mərkəz” filialının direktoru Məmmədov Əhməd Məmməd oğlu istefa verdi. Məlumata görə, Ə. Məmmədov öz xahişi ilə vəzifəsindən uzaqlaşıb. Daha sonra Ə. Məmmədov “Azər-Türk Bank” ASC-yə təyinat alıb. Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

1 sentyabr –“ Azər-Türk Bank" ASC-də daha bir kadr dəyişikliyi baş verdi. Bankın nağd vəsaitlərlə iş departamentinin direktoru Fərid Orucov bankın baş direktoru vəzifəsinə təyin olundu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm