• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Neftin və dolların taleyinin həllinə 10 gün qaldı, Türkiyədə qiymətlər kəlləçarxa çıxdı, “Google” loqosunu dəyişdirdi - HESABAT

Neftin və dolların taleyinin həllinə 10 gün qaldı, Türkiyədə qiymətlər kəlləçarxa çıxdı, “Google” loqosunu dəyişdirdi - HESABAT

Yola saldığımız həftə ABŞ-ın Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (ABƏFK) sentyabrın 16-17-də nəzərdə tutulan toplantısına dair xəbərlərin və Çin iqtisadiyyatındakı proseslərin birjalara təsiri davam etdi. Çin səhm bazarı ötən həftə olduğu kimi bu həftəni də sərt enişlə başladı. İtkilərdə Çin hökumətinin bazarlara müdaxiləsinin müvəffəqiyyətsiz olacağı və Mərkəz Bankın dəstəyini çəkəcəyi yönündə narahatlıqlar da az rol oynamadı. Federal uçot dərəcəsinin artırılacağı ilə bağlı informasiyalar isə əmtəə birjasını silkələdi. Bu halda dünya bazarında neftin qiymətinin daha da ucuzlaşacağı, dolların möhkəmlənəcəyi istisna edilmədiyindən psixoloji təzyiq “qara qızıl”ın evini yıxdı. Həftənin ilk günlərində neft müəyyən qədər dəyər qazansa da, sonuna doğru 50 dollardan aşağı düşdü. Neft bazarında vəziyyəti tənzimləmək məqsədi ilə OPEK (Neft İxrac edən Ölkələr Birliyi) dövlətlərarası dialoq təklifini ortaya atdı.

Başlayaq dünyanın ən böyük iqtisadi gücündən - Amerika Birləşmiş Ştatlarından. Avqust ayında məşğulluq artımı proqnozdan aşağı olub. Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, ötən ay məşğulluq artımı 173 min nəfər təşkil edib. Halbuki iqtisadçılar bu rəqəmi 220 min nəfər gözləyirdilər. Çünki aprel ayından bu yana ölkədə məşğulluq artan xətt üzrə gedirdi. Belə ki, iyul ayında 215 min nəfər məşğulluq artımı gözlənilirdi, amma bu rəqəm 245 min oldu. Rəylərə əsasən, məşğulluğun artması FED-in Federal uçot dərəcəsinin artırması yönündə qərarını ertələyə bilər. FED-dən söz düşmüşkən, 15 sentyabr tarixi yaxınlaşdıqca narahatçılıqlar artır. Bəziləri FED-in faizləri artıracağını düşünür. Bəziləri də hesab edir ki, FED faiz dərəcələrini artırmaqla bağlı qərarı ya bu ilin sonunda və ya da gələn ilin əvvəlində verəcək. Əgər qərarın qəbulu bu ilə təsadüf edərsə, onun ABFK-nin dekabrın 15-16-na təyin olunan toplantısında veriləcəyi gözlənilir. Həmin tarixə qədər ABƏFK-in 2 toplantısı (sentyabrın 16-17 və oktyabrın 27-28-də) olsa da, ABŞ iqtisadiyyatında pozitiv meyillərin müşahidə olunması, xüsusilə də mövcud və yeni iş yerlərindən istifadə səviyyəsinin yüksəlməsi hesabına işsizliyin azalması, enerji daşıyıcılarının qiymətinin ucuzlaşmasına görə inflyasiyanın sabitləşməsi bu qərarın müəyyən müddətə qədər ləngidilməsinə əsaslar yarada bilər. ABŞ iqtisadçıları belə bir qərarın dünya iqtisadiyyatına, xüsusilə də inkişaf etməkdə olan Çin kimi nəhəng ölkələrin bazarlarına təsirlərinin fəsadlarını da geniş müzakirə edirlər. Bu amil ABƏFK-nin məlum qərarını növbəti iclaslarda təxirə salmaq üçün mövcud olan arqumentlərin gücünü artırır. Belə ki, federal uçot dərəcəsinin artımı dolların möhkəmlənməsi üçün potensial imkan yaradır. Çünki bu qərar buxovlayıcı xarakter daşımaqla pul kütləsinin məhdudlaşmasına, faiz dərəcələrinin yüksəlməsinə xidmət edir. Yüksək faiz dərəcələri isə dolların digər valyutalara nəzərən möhkəmlənməsini, son nəticədə də dollarla ödənilən əmtəələrin qiymətlərinin ucuzlaşmasını şərtləndirir. Belə olan halda da dollarla əməliyyat aparanlar, əsasən ABŞ şirkətləri və istehlakçıları hər xərclənən 1 dollara görə daha çox əmtəə ala bilirlər. Unutmayaq ki, dollar valyuta olaraq ABŞ FED-nin öhdəliyidir.

İsveçrədə istehlak qiymətləri avqust ayında son 56 ilin ən aşağı səviyyəsinə düşüb. İsveçrə Federal Statistika Ofisinin açıqladığı məlumatlara görə, istehlak qiymətləri avqustda iyulla müqayisədə 0.2 faiz azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə eniş 1.4 faiz təşkil edib. Onu da bildirək ki, bu ilin ikinci rübündə İsveçrə iqtisadiyyatında ümumi daxili məhsul 0.2 faiz artıb.

Bu arada Avropanın da ABŞ kimi gəlhagəlidir. İsveçrə Mərkəzi Bankı sentyabrın 17-də reallaşacaq konfransında pul siyasəti ilə bağlı əhəmiyyətli qərarlar verəcəyinə dair mesajlar ötürür. Xatırladaq ki, İsveçrə Mərkəzi Bankı yanvar ayında sabit məzənnə tətbiqindən imtina edib. Euro-Frank paritetində döşəmə səviyyəsini artıraraq frankın sərbəst dalğalanmasına icazə vermişdi. Bununla da yüksək dəyər qazanmasına yol açmışdı.

Avropa Mərkəzi Bankı (AMB) isə Avropa iqtisadiyyatını canlandırmaq üçün başladığı 1.1 trilyon avroluq istiqraz alışı proqramını genişləndirə bilər. Bunu bankın rəhbəri Mario Draghi sentyabrın 3-də təşkil etdiyi mətbuat konfransında pul genişləmə proqramının təsirini artıracaq yeni planlarında qeyd etdi. Məlum oldu ki, Avropa Mərkəzi Bankı Avro Bölgəsi üçün böyümə və inflyasiya proqnozlarını endirib: "2015-ci il üçün artım proqnozu 1.5 faizdən 1.4 faizə, inflyasiya proqnozunu 0.3 faizdən 0.1 faizə endirilib. Avro Bölgəsində iqtisadi böyümə proqramı asta irəliləyir. Pul siyasəti tədbirləri ilə daxili tələbin bir çox sektorlarda artırılması lazımdır”. Draghi 2016-ci il üzrə artım proqnozunun 1.9 faizdən 1.7 faizə, inflyasiyanın isə 1.5 faizdən 1.1 faizə endirdiklərini də açıqladı. O bunu neftin qiymətindəki enişlə əsaslandırdı.

Türkiyə Statistika Təşkilatı avqust ayı üzrə inflyasiya rəqəmlərini açıqladı. Hesabata əsasən, illik inflyasiya istehlak qiymətlərində 7.14 faizə çatıb. İstehlak qiyməti indeksi 0,40 faiz, Ümumi Daxili İstehsal qiymətləri indeksi 0,98 faiz artıb. İstehlak qiymətlərində 7,14 faiz olan illik inflyasiya, ümumi daxili məhsul istehsalı qiymətlərində 6,21 faiz reallaşıb. Xatırladaq ki, iyul ayında istehlak qiymətlərində illik inflyasiya 6.81 faizə geriləmişdi.

2015-ci ilin ikinci rübündə Kanada iqtisadiyyatında kiçilmə durğunluğa gətirib çıxarıb. Ölkənin Statistika Təşkilatından verilən şərhə görə, Kanadada ümumi daxili məhsul ilin ikinci rübündə 0.5 faiz kiçilib. Xatırladaq ki, ilin ilk üç ayında kiçilmə nisbəti 0.8 faiz olmuşdu. Kanada iqtisadiyyatı son olaraq 2009-ci ildə iki rüb üzrə kiçilərək durğunluğa girmişdi.

İş dünyası

Birjalarda milyonlar itirən sahibkarlar yola saldığımız həftəni işgüzar başa vurdular. Dünyada ən çox istifadə edilən internet axtarış proqramı “Google” logosunu dəyişdirdi. Bununla belə, şirkətin yeni logosunda ana rənglər mavi, qırmızı, yaşıl və sarı tonlarda oldu.

Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft” neftin ucuzlaşması səbəbindən dəqiq qazancının 22 faiz azaldığını bildirdi. Qeyd edək ki, “Rosneft”in qazancı ilin ikinci rübündə 134 milyard rubl oldu. Şirkətin ümumi dövriyyəsi 9 faiz azalaraq 1.31 trilyon rublda qaldı. Dünyanın ən böyük neft istehsalçılarından olan “Rosneft”in karbohidrogen istehsalı isə ötən ilə nisbətən 1 faiz azalıb.

İngiltərə Ticarət Nazirliyi restoran xidmətlərində müştərilərin ödədiyi bəxşişləri işçilərin əlindən alan müdürlərə qarşı istintaqa başlayıb. İstintaq çərçivəsində ölkənin ən məşhur restoran zəncirləri sorğu sual ediləcək. Araşdırmanın sonunda hökumətin bu yöndə yeni qanuni tənzimləməyə qərar verəcəyi gözlənilir.

Beynəlxalq Arbitraj Məhkəməsi “Suzuki”nin tələbinə uyğun olaraq Almaniyanın avtomobil istehsalçısı “Volkswagen”nin əlində olan “Suzuki” hissələrinin bu şirkətə satılmasına qərar verdi. Hazırda “Vokswagen”nin məhkəmənin qərarına uyğun olaraq 3.8 milyard dollar məbləğində hissələri satacağı gözlənilir. Yada salaq ki, iki şirkət elektrik və hibrit vasitə istehsalı üçün 2009-ci ildə müqavilə imzalamışdı. O vaxt “Volkswagen” “Suzuki”nin hissələrinin 19.9 faizini satın almışdı. Ortaq avtomobil istehsalı planlarını reallaşdıra bilməyən iki şirkət arasında narazılıqlara son qoyulması üçün 4 ildir Beynəlxalq Məhkəmənin qərar verməsi gözlənilirdi.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Şad xəbərlər o qədərdir, bilmirsən hansından başlayasan. Deməli, Azərbaycanda istehlak kreditləri nəhayət azalıb. Avqustun 1-nə istehlak kreditlərinin həcmi 7 milyard 769,9 milyon manat olub, bu da ümumi kredit qoyuluşunda payı 38,5 faiz təşkil edib. Bir ayda istehlak kreditlərinin həcmi 114,7 milyon manat azalıb. İstehlak kreditlərinin azalması problemli kreditlərin həcminə də təsir edib. Belə ki, 2015-ci ilin avqustun 1-nə banklarda problemli kreditlərin həcmi 1 milyard 294, 8 milyon manat olub. Bu da 2015-ci ilin iyulun 1-nə olan göstəricidən 3,3% azdır. Son bir ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı 6,6 faizdən 6,4 faizə düşüb.

Norveçin “Statoil” şirkəti isə Azərbaycanı tərk etmək qərarını qətiləşdirib. Şirkət Malayziyanın "Petronas" dövlət enerji şirkəti ilə Xəzər dənizindən Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Xətti layihəsindəki (TAP) səhmlərin satılması məsələsini nəzərdən keçirir. Malayziya şirkəti artıq “Statoil”un TAP-da 20 faiz səhmlərini almaq niyyətindədir. Bildirək ki, səhmin qiyməti təqribən 400 mln. dollar dəyərləndirilir. Məlumat üçün qeyd edək ki, bu, tərəflərin ilk iş ortaqlığı deyil. "Statoil" ötən il "Şahdəniz" və "Cənubi Qafqaz qaz kəməri" layihələrindəki 15,5 faizlik payını məhz "Petronas"a satıb. Razılaşmanın ümumi dəyəri 2,25 mlrd. dollar təşkil edib. Məsələnin bir başqa tərəfi Norveç şirkətinin Azərbaycanın enerji bazarını tərk etməsidir. Şirkətin Bakı ofisi demək olar ki, bağlanıb. Bir vaxtlar 40-a yaxın əməkdaşı olan şirkətin hazırda 10-a yaxın işçisi qalıb.

Hansı layihəyə qərar versək, Avropanın diqqətini çəkirik. Bu ilin sonuna qədər İtaliyanın "Snam S.p.A." təbii qaz nəqli ilə məşğul olan şirkəti Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində iştirak payının alınması ilə bağlı qərar verəcək. "Snam S.p.A." şirkətinin icraçı direktoru Karlo Malakarne bildirib ki, ilin sonuna qədər bu barədə daha çox məlumatları olacaq. Xatırladaq ki, bir müddət öncə K. Malakarne müsahibəsində şirkətin iyun ayından etibarən TAP-da 20 faiz səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayacağını demişdi. Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) bəzi səhmdarları da öz səhmlərini İtaliyanın "Snam S.p.A." Qrupuna satmaqda maraqlı olduğunu açıqlayıb. Yeri gəlmişkən, hazırda Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü belədir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

Məndən bu qədər hər birinizə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR