• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Avtomobil bazarını çökdürən SƏBƏB

Avtomobil bazarını çökdürən SƏBƏB

Ölkəyə avtomobil idxalı azalıb. Belə ki, 2015-ci ilin I yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 ədəd olub. Dövlət Gömrük Komitəsinin statistik hesabatına görə, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I yarısında bu göstərici 30 917 ədəd təşkil edib.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal olunub. Göründüyü kimi, ildən-ilə Azərbaycana avtomobil idxalı azalır. Bunun bir səbəbi valyuta bazarında qeyri-sabitlikdirsə, digəri “Avro4” standartlarının tətbiqi ilə bağlıdır. Bütün proseslərin nəticəsi olaraq avtomobil bazarı ən kritik günlərini yaşayır. Bazar rentabeliyyini itirib, qiymətlər “ölüb”.

Bazarı şərh edən Value and Sources konsaltinq şirkətinin rəhbəri Rəşad Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, hazırkı dövrdə qiymətlərin düşməsinə səbəb kreditləşmənin sərtləşdirilməsi və alıcılıq qabiliyyətinin aşağı düşməsidir: Bu amillər avtomobilə olan tələbatı azaldır. Nəticədə bazarda durğunluq yaranıb”.

Ekspert bazardakı bankların girovu olan avtomobillərin sayının artmasına da toxundu. Bildirdi ki, bu haqda rəsmi statistika mövcud deyil: “Buna görə də deyilənlər fərziyyədir. Ancaq bu fərziyyə inandırıcıdır və normal haldır. Çünki hazırki dövrdə əgər alıcılıq qabiliyyəti aşağı düşübsə, deməli kreditlər üzrə problemlər də artmalıdır. Buna görə məntiqlə bazarda belə avtomobillər var”.

O ki qaldı bazarda yaranan ucuzluqdan istifadə edib avtomobil almağın nə dərəcədə sərfəli olmasına R.Əliyev “əgər sizin avtomobil almağa imkanınız varsa bu haqda fikirləşməyə dəyər, ancaq baxır hansı avtomobillər” deyə bildirdi: “Məsələn, idxal edilən avtomobillərə “Avro4” standartları üzrə tələblərin irəli sürülməsi bəzi avtomobillərin idxalına məhdudiyyətlər yaradıb. Bunlara isə ucuz və ili köhnə avtomobillər aiddir. Deməli ucuz avtomobil seqmenti üzrə gələcəkdə böyük həcmli təklifin yaranması ehtimalı azdır. Bir müddət sonra onlar üzrə ucuzlaşma məhdudlaşacaq, ancaq qiymət artımı üzrə fikir yürütməkdə çətindir. Bir də ucuzlaşma hərdən nisbi anlayış olur. Ucuzlaşmanın 2 səbəbi var - biri bazarla bağlı, digəri isə avtomobilin köhnəlməsi ilə bağlıdır. Ancaq əhalinin alıcılıq qabiliyyəti artmasa və normal kreditləşmə şərtləri olmasa avtomobil bazarında çətin günlər davam edəcək”.

O bəzilərinin avtomobili sərfəli investisiya hesab etməsinə də toxunub: “Avtomobil investisiya aləti hesab edilmir. Ən azı ona görə ki, işləndikcə köhnəlir və dəyəri enir. Bu bütün inkişaf etmiş iqtisadiyyatlarda belədir. Avtomobillərə investisiya aləti kimi baxılmır. Ancaq nədənsə bir sıra insanlar ona investisiya aləti kimi baxır. Bunun səbəbi yüksək inflyasiya dövrlərində və ya avtomobil qıtlığı zamanı hətta işlənmiş avtomobillərin qısa müddət ərzində dəyərini saxlaması ilə bağlıdır. Hazırki dövrdə belə bir şərait mövcud deyil. Ancaq 90-cı illərin əvvəllərində belə bir şərait var idi, ona görə də həmin vaxt avtomobil investisiya aləti hesab edilirdi”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR