• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şahin Mustafayev Avropa İttifaqına cavab verdi

Şahin Mustafayev Avropa İttifaqına cavab verdi

Bu gün iqtisadiyyat və sənaye naziri, Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr, sənaye, sənaye məhəllələri, qeyri-neft ixracı, regionların inkişafı, kənd təsərrüfatı sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan biznes forumunun keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev dünyada baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkəmizin dayanıqlı olaraq inkişaf etdiyini, yaradılmış möhkəm iqtisadi zəmin və siyasi iradə nəticəsində növbəti illərdə də iqtisadi artımın davam edəcəyini, bu artıma qeyri-neft sektorunun inkişafı hesabına nail olunacağını diqqətə çatdırıb. Nazir Azərbaycan və Aİ arasında əlaqələrin çoxşaxəli, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Mard Aİ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, birgə layihələrin Azərbaycanın inkişaf istiqamətlərinə uyğun olduğunu qeyd edib, əməkdaşlığın inkişafı barədə fikirlərini bildirib.

Görüşdə Azərbaycanın Aİ ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Ş.Mustafayev vurğulayıb ki, təəssüflər olsun ki, əməkdaşlığımıza çox ciddi maneələr törədə biləcək məqamlar da var: "Avropa İttifaqı Parlamentinin bu gün qəbul etdiyi qətnamə antiazərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı olmaqla Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi zərbədir. Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində ölkəmizə qarşı qondarma ittihamlar irəli sürülüb. Avropa İttifaqı Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq".

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım M.Mard qətnamə ilə bağlı səsləndirilmiş bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR