Almaniyanın kələyi, Putinin etirafı, “Apple” İsveçrədə zamanı durdurdu - HESABAT
Bizi izləyin

Ekopublika.az

Almaniyanın kələyi, Putinin etirafı, “Apple” İsveçrədə zamanı durdurdu - HESABAT

Yola saldığımız həftə xüsusilə iş dünyası üçün gərgin keçdi. “Volkswagen”nin ABŞ-da satdığı bəzi avtomobillərin emissiya testlərində fırıldağa yol verməsinin üstü açıldı. Və bu təkcə şirkətə ziyan vurmadı. Hadisə alman sənayesinə olan inamı da sarsıtdı. Yaponiyada ötən ay istehlak inflyasiyası 0.1 faizə düşdü. Qərbi Avropanın ən böyük neft istehsalçısı Norveç faiz nisbətinə əl gəzdirdi, Rusiya prezidenti ölkə iqtisadiyyatının çətin vəziyyətdə olduğunu açıqladı. Türkiyədə mənzil satışı artdı, Əlcəzair il ərzində neftin qiymətinin ucuzlaşmasından 35 milyard dollar itirəcəyini bəyan etdi.

Başlayaq “Volkswagen”lə bağlı baş verənlərin alman iqtisadiyyatına təsirindən. Son hadisə “alman istehsalı” kimi zəmanət kartını şübhə altına alıb. Almaniyanın avtomobil şirkətlərinin səhmləri ucuzlaşmaqdadır. Ölkənin İqtisadi Araşdırmalar İnstitutu bildirir ki, avtomobil sənayesi ölkədə ən əhəmiyyətli və inkişaf etmiş sahələrdən biridir. Hər yeddi məşğul almaniyalıdan biri avtomobil sənayesində, ya da bu sənaye ilə bağlı sektorda işləyir. Belə olan halda sektorun nüfuzunu itirməsi təhlükəlidir. Mütəxəssislər bu təhlükənin təkcə Almaniya deyil, Avropa iqtisadiyyatı üçün də riskli olduğunu deyirlər.

Yaponların da dərdi ağırdır. Avqustda istehlak inflyasiyası 0.1 faiz təşkil edib. Bu, Yaponiya Mərkəz Bankının 2 il əvvəl tətbiqinə başladığı təşviq proqramından sonra qeydə alınan ilk mənfi nisbətdir. Sonuncu dəfə 2013-cü ilin aprelində mənfi inflyasiya nisbəti 0.7 faizə yüksəlmişdi. Ötən il isə 3.4 faizə yüksəldikdən sonra düşməyə başlamışdı. İnflyasiya nisbəti son beş aydır dövri olaraq geriləməyə meyillidir. Mütəxəssislər Yaponiya Mərkəz Bankının 2 faizlik inflyasiya hədəfinə çatmaq üçün pul siyasətini gec və ya tez genişləndirmək məcburiyyətində qalacağını deyirlər.

Neftin qiymətindəki eniş Qərbi Avropanın ən böyük neft istehsalçısı Norveçin faiz nisbətinə əl gəzdirməsinə səbəb olub. Mərkəz Bank faiz siyasətini 0.75 faizə endirib. Bu endirimin son olmadığını bəyan edib. Bildirək ki, Norveç kronunun avro qarşısında 3 faiz dəyərdən düşməsindən sonra Mərkəzi Bank "Norveç üçün artıq yeni bir dövr başladı” - deyə açıqlama vermişdi.

“Qara qızıl”ın ucuzlaşması Əlcəzairə də düşərli olmayıb. Ölkə il ərzində neftin qiymətinin ucuzlaşmasından 35 milyard dollar itirəcək. Əlcəzairin baş naziri A.Sellalyanın sözlərinə görə, 2015-ci ilin nəticələrinə əsasən, ölkənin itkisi 33-35 milyard dollar təşkil edəcək ki, bu da neft ixracından asılı olan ölkə iqtisadiyyatına birbaşa təsir göstərəcək. Bununla belə o xatırladıb ki, 2016-cı ilin büdcəsi neft qiymətinin uzunmüddətli azalması nəzərə alınmaqla təsdiq edilib, ancaq bu, vəziyyətin sabitləşməsi üçün yetərli olmayıb. 2015-ci ilin yanvarında Əlcəzair höküməti neft qiymətlərinin düşməsi üzündən azalan gəlirləri kompensasiya etmək məqsədilə neft hasilatını artıracağını açıqlamışdı.

İngiltərə Maliyyə naziri Corc Osborne İngiltərə və Çin birjalarında səhmlərin hər iki ölkənin fond bazarlarında da əməliyyat aparması üçün hazırlıqlara başladıqlarını söyləyib. Yeri gəlmişkən, ölkələrin bu addımı Çin və beynəlxalq bazarlarda artan qeyri-müəyyənlik səbəbindən geriləyən investor həssaslığını canlandırmaq üçün əhəmiyyətli mesaj hesab olunur.

Söz Çindən düşmüşkən, ölkənin iqtisadi problemləri ilə bağlı Asiya İnkişaf Bankı (AİB) regionun iqtisadi inkişaf tempinin proqnozunu aşağı salıb. Bankın sentyabrın 22-də dərc olunmuş hesabatında qeyd edilir ki, regionun iqtisadi inkişaf proqnozu əvvəl gözlənildiyi kimi, 6.3 faiz deyil, 5.8 faiz təşkil edəcək. Mərkəzi ofisi Manilada yerləşən bankın qənaətinə görə, Çin cari ildə ümumi daxili məhsulun (ÜDM) 7 faiz artımına nail ola bilməyəcək. AİB mütəxəssislərinin qənaətinə görə, Çində ÜDM-nin artım tempi cari ildə cəmi 6.8 faiz təşkil edəcək, 2016-cı ildə isə bu rəqəm 6.7 faizə enəcək.

Asiyanın inkişaf etməkdə olan ölkələri arasında liderlik, bankın proqnozuna görə, cari ildə ÜDM-nin 7.4 faiz artacağı Hindistana keçəcək. Xatırladaq ki, Asiya İnkişaf Bankına Azərbaycan və Özbəkistandan başlamış Avstraliya və İndoneziya da daxil olmaqla, 48 Asiya-Sakit okean regionu ölkəsi üzvdür. Buraya həmçinin ABŞ, Kanada və Avropa İttifaqı üzvü olan qeyri-region ölkələri də daxildir. Bankın əsas vəzifəsi inkişaf layihələri və texniki yardımdan ibarətdir.

Yola saldığımız həftə Rusiya prezidenti Vladimir Putin də çıxışı ilə gündəmi məşğul etdi. “Ölkədə iqtisadi vəziyyət çətindir, amma kritik deyil” - deyən Putin hökumət rəsmilərinin iştirakı ilə 2016-cı ilin dövlət büdcəsini müzakirə etdi. Nəzərə çatdıraq ki, 2016-cı ildə büdcə kəsiri daxili məhsulun 3 faizindən çox olmamalıdır. Qeyd edək ki, dünya bazarında neftin qiymətinin düşməsi və Ukrayna münaqişəsinə görə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurur. Bu həmçinin rublun məzənnəsinin dollar və avroya nisbətdə kəskin düşməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ildə Rusiyada 3.4 faiz iqtisadi geriləmə olacaq.

İlin-günün bu vaxtında Türkiyədə mənzil satışı artıb. Bu ilin avqust ayında Türkiyədə 112 463 fərdi mənzil satılıb. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına əsasən, keçən ay satılan mənzil sayı əvvəlki aya nisbətən 16.4%, ötən ilin avqustu ilə müqayisədə isə 6.5% artıb. Hesabat ayında İstanbul şəhəri 18 873 mənzil satışı ilə ən yüksək paya (16,8%) sahib olub. Sonrakı yerlərdə Ankara (13 139 və ya 11.7%) və İzmir (6 490 mənzil və ya 5.8%) qərarlaşıb. Ən aşağı göstəricilər isə Ərdəhan (13 mənzil), Hakkari (24 mənzil), Bayburtda (57 mənzil) qeydə alınıb. İpoteka ilə mənzil satışı avqustda keçən ilin eyni dövrünə nisbətən 1.9% artaraq 36 021-ə çatıb. Ümumi mənzil satışı içində ipoteka satışının payı 32% olub. İstanbulda ipoteka satışı 7 593 mənzil (21.1%) olub. Xaricilərə mənzil satışı avqustda keçən ilin eyni ayı ilə müqayisədə 15.2% artaraq 2 044 olub. Bu sahədə ilk sırada İstanbul (602 mənzil) qərarlaşıb. Sonrakı yerləri Antalya (518 mənzil), Bursa (177 mənzil), Yalova (147 mənzil), Sakarya (110 mənzil), Trabzon (108 mənzil) bölüşür.

İraq vətəndaşları keçən ay 401 mənzil alaraq avqustda Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar olublar. Sonrakı sıralarda Səudiyyə Ərəbistanı (271 mənzil), Küveyt (226 mənzil), Rusiya (155 mənzil), İngiltərə (155 mənzil) vətəndaşları qərarlaşıb.

İş dünyası

Girişdə qeyd etdiyimiz kimi, “Volkswagen”nin ətrafında cərəyan edən hadisələr iş dünyasının sükutunu pozdu. Şirkətin ABŞ-da satdığı bəzi avtomobillərinin emissiya testlərində hiyləyə yol verməsi hər kəsi şoka saldı. Xüsusilə ortaya çıxdı ki, “Volkswagen” bir modelinə 2009-ci ildən 2015-ci ilə qədər "emissiya testlərini aldatmaq yönündə proqram yerləşdirib. Təmiz havanı çirkləndirməkdə günahlandırılan şirkətə 500 minə yaxın avtomobilini geri çağırmağı məsləhət gördülər. Almaniyanın avtomobil nəhəngi hazırda ABŞ-da 18 milyard dollarlıq pul cəzasıyla qarşı-qarşıyadır. “Volkswagen”nin fırıldağının açılmasından sonra şirkətin birjadakı hissələri 25 faizə yaxın dəyərdən düşdü.

İsveçrədə ixrac avqust ayında illik 2.1 faiz geriləyib. İsveçrə Federal Gömrük Bürosunun açıqlamasına görə, eyni dövrdə idxal da 7.4 faiz eniş nümayiş etdirib. Nəzərə alsaq ki, ölkə ixracatında önəmli yeri saat tutur, azalma da bu istiqamətdədir. Dünyanın ən böyük saat istehsalçısında ixracat 1.6 faiz enişlə 1.5 milyard dollardan 1.4 milyard dollara düşüb. İsveçrə saatlarına marağın azalmasına səbəb kimi “Apple”nin ağıllı saatlarına – “Apple Watch”a beynəlxalq tələbin yüksəlməsi göstərilir.

Fransız neft şirkəti “Total” 2016-ci il üzrə investisiya xərcləri hədəfini endirib. Şirkətdən verilən şərhdə qeyd edilir ki, investisiya xərcləri 2016-cı ildə 2015-ci ilə nəzərdə tutulan 23-24 milyard dollardan 20-21 milyard dollar səviyyəsində düşəcək. “Total” 2017-ci ilə qədər investisiya xərclərinin 3 milyard dollar azalmasını planlaşdırır.

Yola saldığımız həftə “Apple” ağıllı cib telefonu “iPhone”nin yeni modellərini - 6s və 6s Plus-u satışa təqdim etdi. Qiymətləri 640 ilə 860 avro arasında dəyişən yeni modellər üçün Amerika Birləşmiş Ştatları və Avropada növbə yarandı.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Deməli, qarşıdakı 4 ildə Azərbaycanda orta aylıq əməkhaqqı 12%-ə yaxın artacaq, ölkənin xarici dövlətlərə verdiyi kreditlər üzrə gələn il büdcəyə 26 mln manata yaxın vəsait daxil olacaq, 2019-cu ildə əhalinin gəlirləri 50 mlrd manata çata bilər və ən nəhayət, hökuməti qarşıdakı 4 ildə neftin qiymətini 50 dollar səviyyəsində proqnozlaşdırır. Bundan əlavə, Azərbaycan inflyasiya proqnozunu azaldıb. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı il üçün inflyasiya proqnozunu 3,3%-ə endirib. İlin əvvəlindən Azərbaycanda daşınmaz əmlakla əlaqədar 62 mln manatlıq əməliyyatlar aparılıb, eləcə də Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 4%-dək artırıla bilər.

Deməli belə, ölkəmizdə həftənin ən səs-küylü hadisəsi Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Tokioda daşınmaz əmlaka yatırdığı investisiya oldu. Dəyəri 50 mlrd yendən (418 mln dollar) çox olan bu ofis-kompleksin alğı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib. Ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenüdə yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı məmnunluğunu bildirib: "Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlanması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır".

Məndən bu qədər, hər birinizə uğurlu həftə sonu arzusu ilə

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm