• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Samir Şərifov: “Borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq”

Samir Şərifov: “Borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq”

Azərbaycanda dövlətin borclanması ilə bağlı ehtiyatlı siyasət aparılır.

"APA-Economics"in xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın xarici dövlət borcu o qədər də yüksək deyil: “Azərbaycanın xarici dövlət borcu beynəlxalq səviyyədə qəbul edilmiş standartlara, meyarlara nəzərən yüksək deyil. Düzdür, Azərbaycanın xarici dövlət borcu 10%-dən bir qədər yüksəkdir. Bu da onunla bağlıdır ki, bizim xarici dövlət borcumuz xarici valyutada ifadə olunub. Lakin manatın məzənnəsinin korreksiyası nəticəsində bizim ÜDM-in xarici valyutada ifadə olunmuş dəyəri azalıb. Bunun nəticəsində də bizim xarici dövlət borcumuz ÜDM-ə nisbəti bir qədər artıb. Bu gün xarici dövlət borcu 12%-dən bir qədər artıqdır. Lakin, biz vəziyyəti real qiymətləndirməliyik. Hər bir ölkənin inkişafı üçün, hər bir sektorun inkişafı üçün maliyyə resurslarına çıxış imkanları olmalıdır. Məsələn, vaxtilə Azərbaycanın bugünkü gələcəyini təmin etmiş, iqtisadi inkişafını təmin etmiş Bakı-Tiflis-Ceyhan neft kəmərini xaricdən cəlb edilmiş borclar hesabına tikilir. Yəni, bu layihənin reallaşması üçün müəyyən vəsaiti Azərbaycan dövləti qoyub, müəyyən vəsaiti bizim xarici tərəfdaşlarımız qoyub, digər vəsait isə xarici banklardan alınmışdı. Təxminən 70%-ə yaxın vəsait xarici borc hesabına təmin edilmişdi. Mən bir tərəfdən borcların ifrat dərəcədə artırılması ilə razı deyiləm. Digər tərəfdən hesab etmirəm ki, biz bu barədə qorxulu siyasət həyata keçiririk. Lazım gəldikdə biz borc götürməliyik. Amma bu zaman borc güclü layihələrə yönəldilməli, layihələrin düzgün seçilməsi təmin edilməlidir”.

Nazir bəzi dövlət qurumlarının, yəni səhmlərinə dövlətin nəzarət etdiyi bəzi qurumların borclanma ilə bağlı fəaliyyətinin ürəkaçan olmadığını vurğulayıb. S. Şərifov qeyd edib ki, bəzi qurumlar dövlət zəmanəti ilə götürülmüş borclara xidmət göstərə bilmirlər: “Hazırda biz bu borcların müəyyən hissəsini dövlət büdcəsi hesabına ödəməyə məcburuq. Ona görə, bu bizim növbəti ilin dövlət büdcəsində öz əksini tapıb. Belə ki, bizim dövlət borcuna xidmətlə bağlı xərclərimiz artıb. Bunun bir qismi qeyd etdiyim kimi manatın devalvasiyası nəticəsində, digər qismi isə məhz belə amillərə görə artıb”.

Bununla belə, nazir vurğulayıb ki, Azərbaycanın dövlət borcu aşağı və idarəolunan səviyyədədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR