Qubad İbadoğlu: “Müsbət dəyişikliklər baş verməzsə...”
Bizi izləyin

Ekopublika.az

Qubad İbadoğlu: “Müsbət dəyişikliklər baş verməzsə...”

“Azərbaycanın sənaye və ticarət sektorundan sonra üçüncü böyük bölməsi olan tikintidə böhran getdikcə dərinləşir”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

O deyib ki, bunu rəsmi statistik məlumatlar təsdiqləyir: “Dövlət Statistika Komitəsinin son açıqlamasına görə bu ilin 1-ci rübündə tikinti sektorunda məhsul və xidmətlər istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2,88 milyard manat məbləğində vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz azdır. Müşahidələr və təhlillər göstərir ki, tikintidəki tənəzzülün əsas səbəbi təkrar maliyyələşmə fazasının zəifləməsi, bank sektorunda kapital qıtlığının yaranması və dövlət sifarişlərinin kəskin azalmasıdır. Rəsmi məlumatlara görə, məhdudlaşdılmış fiskal siyasət nəticəsində daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,3 faizini təşkil edib. Halbuki, ötən ilin eyni dövründə müvafiq göstərici indikindən iki dəfə çox idi. Hazırkı şəraitdə inşaat sektorunda müşahidə olunan durğunluq tikinti materialları və inşaat texnikası bazarlarına da əhəmiyyətli dərəcədə mənfi təsir göstərməkdədir. Tamamlayıcı və əlavə aksesuarlar, eləcə də mebel sənayesi, hətta pərdə-tül istehsalı da inşaat sektorundakı böhranın əsas qurbanlarından sayıla bilər. Bununla yanaşı, tikintidəki böhranın mənfi nəticələrindən biri də inşaat bölməsində mövcud iş yerlərinin sürətlə bağlanmasıdır. Təhlillər göstərir ki, son 1 il ərzindən ən böyük işçi ixtisarı tikinti sektorunda qeydə alınıb. Odur ki, inşaat sektorda hər hansı bir müsbət dəyişikliklər baş verməzsə, bu işgüzar fəallığa və işsizliyə ciddi şəkildə mənfi təsirlərini göstərəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm