Palatanın son qərarı: Kimlər kredit ala biləcək? - AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Palatanın son qərarı: Kimlər kredit ala biləcək? - AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatası 4 may 2016-cı il tarixində keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib.

Palatadan Publika.az-a verilən məlumata görə, qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb.

Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.

Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.

Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaq. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur. Qəbul edilmiş qərar 6 may 2016-cı il tarixindən qüvvəyə minir.

Eyni zamanda, bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə də qərar qəbul olunub. Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli artırılması nəzərdə tutulur.

Qərarı şərh edən iqtisadçı-ekispert Samir Əliyev bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi: “Bununla da Palata xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxdı. Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək”.

O ki qaldı kimlərin xarici valyutada istehlak krediti ala biləcəyinə? Ekspert deyir ki, bu kateqoriya xarici valyutada gəlirləri olan şəxslər, banklarda xarici valyutalarda əmanətləri olan şəxslər aiddir: “Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar. Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər. Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib. Palata xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm