Rusiyanı uçurumdan xilas edən Türkiyə, miyarderlərə “Brexit” zərbəsi – HESABAT
Bizi izləyin

Ekopublika.az

Rusiyanı uçurumdan xilas edən Türkiyə, miyarderlərə “Brexit” zərbəsi – HESABAT

Yola saldığımız həftə, fond birjalarda “Brexit”in sərt küləyi davam etdi. ABŞ, Avropa birjaları yenə dəyər itirdilər. Əvəzində Rusiya ilə Türkiyə barışdı. Bununla da regionda böhranın səngiyəcəyinə dair ümidlər artdı. Çünki Türkiyə ilə Rusiya arasında qarşılıqlı mal dövriyyəsinin həcmi (2014-cü ildə cəmi 31 milyard dollar olub) böyükdür. Eləcə də münasibətlərin gərginləşməsinə qədər hər il Türkiyəyə 4,5 milyon rus turist səfər edirdi. Bu gün Türkiyənin rus turistlərdən əldə etdiyi gəlir mənbəyi ciddi azalıb. Eyni zamanda Türkiyənin qaza olan tələbatının təqribən 60%-ni Rusiyanın “Qazprom” şirkəti ödəyir. “Lukoyl” isə sözügedən ölkədə 600-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir. Bütün bunları nəzərə aldıqda münasibətlərin düəzlməsi indiki şəraitdə doğurdan da hər iki ölkəyə və regiona lazım idi.

Başlayaq, “Brexit”in dünya iqtisadiyyatına və birjalarına vurmağa davam etdiyi təsirlərindən. Qlobal fond birjaları iyunun 23-də keçirilən "Brexit" referendumundan sonrakı iki iş günündə 3 trln. dollar itirdilər, dünya üzrə qiymətli kağızların satışı başlandı. Belə ki, "S&P Global Broad Market" indeksi 6,9% azaldı və bu, 2008-ci il maliyyə böhranından sonra ən sərt iki günlük düşüş oldu. İndeksə daxil olan şirkətlərin səhmləri 1 trln. dollar zərərə uğradı. Avropadakı təhvil bazarının hamısında demək olar ki, dəyər enişi yaşandı.

"Standard & Poor`s" reytinq agentliyi əvvəlcə Böyük Britaniyanın, sonra Avropa İttifaqın kredit reytinqini aşağı saldı. Konkret olaraq, agentlik ittifaqın uzunmüddətli kredit reytinqini "AA+"dən "AA" səviyyəsinə endirdi. Bunu İttifaq üzvlərinin birlik məsələsini yenidən qiymətləndirilməsi ilə izah etdilər.

Bu arada, "Fitch" agentliyi də Britaniyanın reytinqini aşağı saldı. "Moody's" Birləşmiş Krallığın reytinqini yüksək "Aa1" səviyyəsində saxlasa da, onun barədə proqnozu "mənfi"yə dəyişib.

Agentliklər ABŞ üçün də müsbət proqnozlar vəd etmir. “Standard & Poor’s” (S&P) ABŞ-ın iqtisadi artım proqnozunu 2.3%-dən 2%-ə endirib. S&P ABŞ Mərkəzi Bankının (Fed) faizləri 2017-ci ildə 3 dəfə, 2018-ci ildə isə 3 faiz artıracağını proqnozlaşdırıb. Qurum ABŞ-da növbəti 12 ay ərzində 20-25% arasında durğunluq riski gözləndiyini açıqlayıb.

Yola saldığımız həftə Avropa Statistika Ofisi bölgənin inflyasiya göstəricisini açıqladı. Məlum oldu ki, Avro Bölgəsində inflyasiya bu ilin əvvəlindən indiyə qədər ilk dəfə müsbət nəticə göstərib. 19 üzvlü Avro Bölgəsində illik inflyasiya may ayında -0,1 faizdən iyun ayında 0,1 faizə yüksəlib. Ən yüksək illik inflyasiya 1,1 faizlə xidmət sektorunda reallaşıb. Qida sektorunda isə 0,9 faiz inflyasiya qeydə alınıb.

Rusiyadan da xəbər var. Bankların sanasiyasına (sağlamlaşdırma tədbirləri) dair qaydalar dəyişdirilə bilər. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın sözlərinə görə, bu ilin payızında Dövlət Dumasına dəyişikliklərlə bağlı qanun layihəsi təqdim ediləcək: "Mərkəzi Bank təkcə əsas maliyyələşdirmə mənbəyi kimi deyil, həm də bu prosesin əsas təşkilatçısı kimi sanasiyanın məhsuldarlığı üçün üzərinə böyük məsuliyyət götürməyə hazırdır".

E.Nabiullina qeyd edib ki, yeni qanun layihəsi ödəniş qabiliyyəti bərpa edilməsi nəzərdə tutulan bankların konsolidasiyası üçün xüsusi fondun yaradılmasını nəzərdə tutur. Bankların sanasiyası ilə isə xüsusi yaradılmış şirkət məşğul ola bilər.

Yeri gəlmişkən, Rusiya büdcə xərclərini 2017-2019-cu illərdə azaltmağı planlaşdırır. Rusiya Maliyyə Nazirliyindən bildirilib ki, büdcə xərclərinin ildə 15,78 trln. rubl ( 246,5 mlrd. ABŞ dolları) səviyyəsində dondurulması nəzərdə tutulur. Xatırladaq ki, büdcə xərclərində planlaşdırılan azalmadan sonra 2016-cı illə müqayisədə yaxın 3 ildə büdcə xərclərinin təqribən 1/5 hissəsinə qənaət edilməsi mümkün olacaq. Büdcə xərclərində kəsintinin əsasən vətəndaşların sosial yardımını, səhiyyəni, mənzil təminatını və s. sahələri əhatə edəcəyi qeyd olunub. Həmçinin, Krımın sosial-iqtisadi inkişafı proqramının və idman sahəsinin xərclərinin azaldılması nəzərdə tutulub.

İş dünyası

“Brexit” dünya milyarderlərini 127 milyard dollar ziyana salıb. Dünyanın ən zənginləri 305 milyard dollar itirdilər İyunun 24-də beynəlxalq fond bazarında çökmə səbəbindən milyarderlərin səhmləri 3.2 % dəyər itirib. Hazırda onların ümumilikdə 3.9 trilyon dolları var.

Ən böyük itkini isə ispaniyalı biznesmen Amansio Orteqa verib. "Zara", "Oysho", "Massimo Dutti", "Bershka", "Pull and bear" brendlərinin sahibi 6 milyard dollar zərər edib. Daha 9 milyarder isə hər biri bir milyard dollardan çox ziyana düşüb. Onlar arasında "Micrasoft"un yaradıcısı Bill Qeyts və "Amazon"un sahibi Ceff Bezos da var.

SOCAR "Palmali International Holding Co Ltd"-yə ("Palmali") 120 mln. ABŞ dolları məbləğində kredit ayırıb. SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına görə, kreditin müddəti 31 dekabr 2021-ci il tarixində başa çatacaq. Kredit illik LİBOR üstəgəl 4,5% dərəcəsi ilə ayrılıb. Əsas və faiz məbləği hər rüb ödənilməlidir. 31 dekabr 2015-ci il tarixinə "Palmali"yə verilmiş kredit üzrə alınacaq məbləğin balans dəyəri 122 milyon manatdır.

Qeyd edək ki, SOCAR və "Palmali"nin səhmdarları arasında 7 oktyabr 2009-cu il tarixində imzalanmış Səhmlərin Girovu haqqında Sazişə və Korporativ Zəmanətə uyğun olaraq qarşı tərəf 514 ümumi təsdiqlənmiş və buraxılmış səhmdən 340 səhmi və "Palmali"dəki müvafiq iştirak payını yuxarıda qeyd olunan kredit müqaviləsinin yerinə yetirilməsinin təminatı kimi girov qoyub. Bundan əlavə, xam neft və neft məhsullarının nəqli ilə bağlı 20 mart 2008-ci il tarixində SOCAR-ın törəmə müəssisələrindən biri ilə imzalanmış nəqliyyat xidmətləri üzrə müqaviləyə uyğun olaraq, "Palmali" əldə etdiyi və ya əldə edəcəyi ümumi gəlirlər və vəsaitlərdəki bütün hüquq və paylarını SOCAR-ın xeyrinə girov qoyub. Bu girov müqavilələri "Palmali"nin SOCAR qarşısında öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalacaq.

Gəldik çıxdıq öz ölkəmizə…

Azərbaycanda pul bazasının həcmi artıb. Belə ki, pul bazası bu ilin iyun ayı ərzində 47,8 mln. manat və ya 0,63% artaraq iyulun 1-nə 7 689,4 mln. manat təşkil edib. Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 202,4 mln. manat və ya 2,7% artıb. Xatırladaq ki, pul bazasının həcmi 2015-ci il yanvarın 1-nə 11 541,9 mln. manat, fevralın 1-nə 10 551,0 mln. manat, martın 1-nə 9 109,9 mln. manat, aprelin 1-nə 8 339,4 mln. manat, mayın 1-nə 7 418,6 mln. manat, iyunun 1-nə 7 597,3 mln. manat, iyulun 1-nə 7 487,0 mln. manat, avqustun 1-nə 7 467,5 mln. manat, sentyabrın 1-nə 6 352,1 mln. manat, oktyabrın 1-nə 7 050,4 mln. manat, noyabrın 1-nə 7 055,9 mln. manat, dekabrın 1-nə 6 730,6 mln. manat, 2016-cı il yanvarın 1-nə 6 901,8 mln. manat, fevralın 1-nə 5 787,4 mln. manat, martın 1-nə 6 388,5 manat, aprelin 1-nə 6 535,8 mln. manat, mayın 1-nə 6 726,1 mln. manat, iyunun 1-nə isə 7 641,6 mln. manat təşkil edib.

“Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib. Bundan sonra fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən olunacaq. Kommersiya hüquqi şəxsi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə daxil olmuş, o cümlədən təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edəcək və bu barədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edəcək.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm