• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Liberal iqtisadiyyatda dövlət planlaşdırması: Olsun, olmasın?

Liberal iqtisadiyyatda dövlət planlaşdırması: Olsun,  olmasın?

İqtisadiyyatda dövtət planlaşdırması dedikdə Sovet dövrü yada düşür. Sovet İttifaqı vaxtında beşillik planlar hazırlanırdı. Bəlkə də elə bu səbəbdəndir ki, bizdə planlaşdırmaya qarşı mənfi münasibət mövcuddur. Halbuki, Yaponiya, Çin, Tayvan və Cənubi Koreya kimi ölkələrin iqtisadi sıçrayışlarında dövlət planlaşdırmasının böyük rolu olmuşdur. Məhz dövlət planlaşdırması nəticəsində adlarını çəkdiyimiz ölkələrdə investisaiya axınları maşınqayırma, avtomobil, elektron sənayesi və kompyuter istehsalı kimi sahələrə yönəldilməklə yüksək əlavə dəyər əldə edildi və ixrac potensialı yüksəldildi.

Sözügedən ölkələrdə planlaşdırma ilk növbədə iqtisadiyyatın tələblərinə uyğun kadrların yetişdirilməsinə yardım etdi ki, bu da işsizliyi aradan götürməklə istehlakı stimullaşdırdığından inkişaf üçün mühüm təkana çevrildi.

Bununla belə, biz, ölkəmizi heç də Asiyanın bu nəhəng iqtisadi “əjdahaları” ilə eyniləşdirmək istəmirik. Həmin ölkələrin iqtisadi inkişafında başqa amillərin də rolu vardır. Məsələ bundadır ki, bizdə bazar iqtisadiyyatına yanaşmada hələ də ciddi səhvlər var. Və nədənsə, bunları nəzərə almaq fikrində deyilik. Doğrudur, bazar çox gözəl mexanizmdir. Və onun özünü tənzimləmə xüsusiyyəti mövcuddur. Ancaq idarəetmə olmasa və “çayın suyu” lazım olan istiqamətə yönəldilməsə, həmin xüsusiyyət effektsiz xarakter daşıyır.

Ölkəmizdə hər ilin müxtəlif sahələrin inkişafına həsr edilməsi və həmin sahənin adı ilə əlaqələndirilməsi, o cümlədən regionların sosial-iqtisadi inkişafına və yaxud iqtisadiyyatın ayrı-ayrı sektorlarına aid müvafiq Dövlət Proqramlarının qəbulu və icrası mühüm əhəmiyyət kəsb edir. Məsələn, cari ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi müsbət nəticələr əldə ediləcəyini gözləməyə əsas verir. Çünki bir neçə ildir ki, iqtisadiyyatda qeyri-neft sektorunun inkişafı prioritet sayılır və ümumi daxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominant rolu ötən 10 illiyin ortalarında qaldığından sıfıra enmə təhlükəsi yaranıb.

Ancaq sənaye elə bir sahədir ki, strateji yanaşma tələb edir və sözügedən sahə investisiya tutumlu olduğundan, onu inkişaf etdirmədən öncə konkret istiqamətlər müəyyənləşdirmək lazımdır. Çünki heç bir ölkənin iqtisadiyyatı əlahiddə inkişaf edə bilməz və elə növ məsullar vardır ki, bunları istəsək də istehsal edə bilmərik. O cümlədən, sənayenin yüngül və yeyinti sahələrinin inkişafını kənd təsərrüfatı məhsullarının istehsalı həcmindən və ümumiyyətlə, aqrar sektorun inkişafından kənarda nəzərdə tutmaq olmaz: neft məhsullarından kənarda sənayenin bütün növ emaledici sahələri kənd təsərrüfatının inkişafına bağlıdır.

Yaxud götürək, regionların sosial-iqtisadi inkişafını... "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası keçən il başa çatdı. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” artıq təsdiq edilmişdir. Əvvəlki proqramın icrası nəticəsində ötən 10 ilin ərzində regionların inkişafında böyük nəticələr əldə olundu. ÜDM 3,4 dəfə artdı, yoxsulluq 5,3 %-ədək azaldı, işsizlik məhdudlaşdı, vətəndaşlarının dolanışıq vəziyyəti 10 il əvvəldəki ilə xeyli yaxşılaşdı.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına 50,7 milyard manat, həmçinin icrası keçən il başa çatan praqram üzrə 34,7 milyrad xərcləndiyi deyilir. İndi isə vəziyyət başqadır: 2003-2013-cü illərdə ölkənin ümumi sosial-iqtisadi inkişafı nəticəsində iqtisadiyyatın idarə olunmasında yeni mərhələ açılmışdır ki, 2020-ci ilədək daha sürətlə inkişaf etmək, modernləşdirmə, ÜDM istehsalını qeyri-neft sektorun hesabına 2 dəfə artırmaq üçün rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalını yaxşılaşdırmaq və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirlər ön plana çıxıb. Bu baxımdan, emal və sənaye tipli istehsal sahəsi ixtisaslı kadrlar tələb edir. Digər tərəfdən isə, nə qədər çox sayda muəssisə yaradılsa da bunların işləməsi üçün xammal lazımdır.

Sovet dövründə planlaşdırma ona görə səmərəsiz xarakter daşıyırdı ki, bazarın tələbləri nəzərə alınmırdı. Əsas məqsəd istehsalda fasiləsizliyə və əhalinin məşğulluğuna yönəldilirdi. Ona görə də iqtisadiyyat bazara uyğun inkişaf etmədi. Və məhsullar anbarlarda yığılıb qaldı. Bəzi məhsullar üzrə isə kəskin qıtlıq yarandı. Bunun nəticəsi olaraq da sonda istehsalçılar arasında əlaqə pozuldu və iqtisadi idarəetmə itirildi.

Bazar şəraitində planlaşdırma isə tamamilə başqa məqsəd daşıyır. Yuxarıda qeyd etdik ki, Sovet İttifaqı vaxtında beşillik planlar tərtib olunurdu və bəlkə də buna görə bizdə planlaşdırmaya qarşı indi mənfi münasibət mövcuddur. Ancaq Yaponiya və Cənubi Koreyada bu gün 5 ildən də artıq müddətə planlar tərtib olunur. Və bu ölkələrin iqtisadi idarəetmə orqanları hətta 20 il sonranı da proqnozlaşdırırlar. Özü də bu zaman söhbət, mərkəzi qaydada planlaşdırmadan gedir. Məsələn, Cənubi Koreyada müvafiq istehsala aid tapşırıqların və bunların yerinə yetirilməsi müddətinə dair orta və uzunmüddətli mərkəzləşdirilmiş planlaşdırma tədbiq edilir ki, hökumət konkret desək, 5 ildən sonra iri müəssisələr və xarici kapital üçün ölkə iqtisadiyyatının məhz hansı sahələrinin açıq və ya bağlı olacağını qabaqcadan müəyyən edir. Beləliklə də bu yolla orta və kiçik sahibkalığın gələcək inkişafı da sığortalanır.

Ümumiyyətlə, heç bir sivil bazar iqtisadiyyatına malik ölkədə ən adi özəl müəssisə belə istehsalı necə gəldi təşkil edə və artırıb-azalda bilməz. Onlar bu sahədə ümumi təlimata və yaxud ölkənin bütövlükdə iqtisadi inkişafına uyğun tərtib olunan plana uyğun hərəkət edirlər.

Odur ki, bizdə də iqtisadiyyatda dövlət planlaşdırması məqsədəuyğun sayılır. Bizim qeyd etdiyimiz proqnozlaşdırma siyasəti ilə bağlıdır. Dövlət planlaşdırmasının məğzini bu təşkil edir. Məsələn, ölkəmizin 2020-ci ilə qədər sürətlə inkişafı və modernləşdirmə insan kapitalından istifadəni əsas hədəfə çevririb. İnsan kapitalı isə hər bir fərdin cəmiyyətdə özünü realizə və onun imkanlarından istifadə etmək məqsədilə insanın biliyi, bacarığı, əlaqələri və peşəkarlığının cəmini ehtiva edir. Bu da ölkədə təhsil mexanizmini durmadan yeniləşdirməyi və sırf iqtisadiyyatın inkişafına yönəltməyi tələb edir. Neft pullarını sözügedən kapitala çevirməyin yolu təhsilin iqtisadiyyatın tələbləri əsasında fəaliyyət göstərməsini tələb edir. Yuxarıda da qeyd etdik ki, Yaponiya, Çin, Tayvan və Cənubi Koreya kimi ölkələrdə planlaşdırma ilk növbədə iqtisadiyyatın tələblərinə uyğun kadrların yetişdirilməsinə yardım etdi.

Azərbaycanda da ilk növbədə bu sahədə dövlət planlaşdırmasına ehtiyac var...

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR