• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mərkəzi Bank 20 yanvar şəhidlərini anır

Mərkəzi Bank 20 yanvar şəhidlərini anır

17 yanvar 2014 –cü ildə Mərkəzi Bankın kollektivi 20 yanvar faciəsində vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsinin 24-cü ildönümünə həsr olunan toplantıda şəhidlərin xatirəsini ehtiramla yad edib.

1990-cı ilin qanlı yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd edilən tədbirdə vurğulandı ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir.

Məhz 1990-cı ilin 20 yanvar tarixi Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Tədbirdə bildirildi ki, məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Anım mərasimində XX əsrin son onilliyinin tarixi səhifələnərək bildirildi ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib.

Ümummilli lider Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib. Bu gün də bu siyasət ümummilli liderin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız hazırda dinamika, stabillik və dayanıqlıq nümayiş etdirir.

Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında öz dəsti-xətti və inkişaf modeli ilə seçilən dövlətçiliyimiz və iqtisadiyyatımız artıq bariz reallıqdır. Bu qısa dövrdə Azərbaycan çox böyük inkişaf yolu keçmiş, milli dövlətçiliyimiz, iqtisadiyyatımız yeni bir keyfiyyət nöqtəsinə gəlib çıxmışdır. Dövlətçiyilin və iqtisadiyyatın davamlı inkişafı nəticəsində xalqın yüksək rifah səviyyəsi və sosial məmnunluğu təmin olunub. Tədbirin sonunda 20 yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilib.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR