Alfons sevgilisinə milyardlar xərcləyən gözəlçə - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

Alfons sevgilisinə milyardlar xərcləyən gözəlçə - FOTOLAR

Onun tarixi adi bir kimyaçının ev şəraitində hazırladığı saç boyası ilə başlayıb. Hazırda 43 zavoda, 13 elmi araşdırma mərkəzinə, 17 brendə, 150 ölkədə mağazaya malikdir. Bazar dəyəri 50 milyard avro olan brend altında təkcə saç boyası deyil , ətir, kosmetik vasitələr istehsal edir. Bir çox tanınmış brendlərə zavodlarında istehsal şəraitləri yaradır. O qədər böyük imperiyaya çevrilib ki, 67 min nəfər işçisi ilə planeti keyfiyyətli məhsul ilə təmin edir. Deyilənlərə görə, məhsulları qədim “xalq resepti”nə əsasən hazırlanır. Söhbət əsas devizi “mən buna layiqəm” olan dünya şöhrətli “LOreal”dan gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “LOreal”ın necə yaranmasını təqdim edir:

“LOreal” necə yarandı?

“LOreal” 1881-ci ildə Parisdə anadan olan Ejen Şuller tərəfindən yaradılıb. E. Şuller ixtisasca kimyagər olub. Ejen sırf həyat yoldaşı üçün boya düzəltməklə böyük biznesə başlayıb.

Belə ki, bir dəfə xanım Şullerin saçlarının salonda bərbad hala salındığını görən E.Şullen ona daha yaxşı saç boyası hazırlamağı vəd edir. Kəşf etdiyi saç boyası o qədər uğurlu alınır ki, 26 yaşlı kimyagər boyadan gözəllik salonlarına da satmağa başlayır. Səhərlər aptekdə əczaçı kimi çalışır, gecələr isə boya hazırlayır. O, texnikaya və kimya məhsullarına 800 frank yatıraraq özünün ikiotaqlı mənzilində istehsalı genişləndirir. Boyasını “Saçlar üçün təhlükəsiz boya” sözlərinin abreviaturasına uyğun “L`Aureale” adlandırır. Bununla da “LOreal”ın tarixçəsi başlayır.

Bir maraqlı faktı qeyd edək ki, ilk vaxtlar saç boyalarının tutması zamanı 3 saat olur. İlk başdan Ejen özünün saçları qoruyan və qidalandıran boyaları ilə bazarı zəbt edəcəyinə əmin olur. “L’Oreal” ın tarixində bir fakt önəmlidir - kosmetik vasitələr mütləq əsirlərdən gələn “xalq resepti” ilə hazırlanmalıdır.

İmperiyaya doğru

Ejen 1909-cu ildə “LOreal”ı yaradaraq qeydiyyatdan keçirir. 1920-ci ildə müəssisənin 3 kimyagəri olur. 1950-ci ildə onların sayı 100-ə, 84-cü ildə 1000-ə çatır (günümüzdə isə 2000 nəfərə qədərdir). 1928-ci ildə sahibkar sabun istehsal edən “Monsavon” adlı kiçik müəssisəni alır.

6 il sonra -1934-cü ildə “LOreal” brendi altında bazarlarda “Dop” maye şampunları peyda olur. 1953-cü ildə, müharibədən sonra “L`Oreal” Amerikada öz filialını açır. 1957-ci ildə Ejen Şullerin ölümündən sonra şirkətin başına onun qızı keçir. Hansı ki gəncliyindən atasının şirkətində sadə işçi kimi işləyirdi. Konkret Lilian Bettenkur məhsulları etiketləmə ilə məşğul imiş. Yeri gəlmişkən, ölümünə qədər E. Şuller brendinin əvəzsiz şampunlarını, lakları, kremləri, ətirləri yaradır. Hətta müharibə illərində belə Ejenin biznesi zəifləmir.

Kosmetika şirkəti faşistlərin sığınacağı kimi

1930-cu ildə o, “La Cagoule” fransız faşist qrupunu maliyyələşdirir. İkinci Dünya müharibəsi illərində də aktiv şəkildə faşist təşkilatın fəaliyyətini maliyyələşdirərək nasistlərin tərəfini tutur. Qızı Lilianın həyat yoldaşı Andrey Betankur da “La Cagoule” fransız faşist qrupunun fəal üzvlərindən olur. Bəzi tarixçilərə görə, Fransanın faşistlər tərəfindən işğalından əvvəl “La Cagoule” üzvləri silah qaçaqmalçılığı və sinaqoqların bombalanması ilə məşğul olublar. Hərakat üzvlərinin ilk gizli toplantısının “LOreal”ın ofisində keçirildiyi söylənilir. Yeri gəlmişkən, müharibədən sonra “LOreal” Betankur və “La Cagoule” qrupunun digər üzvləri üçün sığınacağa çevrilir. Hansıki onlar burada öz çirkin keçmişlərinin izlərindən xilas olmaq imkanı qazanırlar.

Bir daha evlənmir

Bildirdiyimiz kimi 1957-ci ildə Ejenin “LOreal” dakı səhmlərin 27,5 faizini (şirkətin 27,5 faizi Şyullerin, 26,4 faizi “Nestle”nin, 46,1 faizi ictimai idi) qızına miras buraxır.

Məlumat üçün qeyd edək ki, Lilian Betankur 1922-ci ilin 21 oktyabrında Parisdə anadan olub. 1927-ci ildə anası vəfat edən Liliana atası baxıb. Balaca qızını məyus etməmək üçün Ejen özü üçün çox əhəmiyyətli bir qərar qəbul edib. Bir daha evlənməyərək, ömrünün sonuna qədər subay qalıb. Nəticədə Lilian bütün meylini atasına salıb. Atasının işi onun diqqətini çəkib. Hələ uşaqkən evlərində olan laboratoriyada atasının işini maraqla izləyib. Məktəbi bitirdikdən sonra 15 yaşında köməkçi kimi Ejen Şullerin şirkətində işləməyə başlayıb. Beləliklə, 1937-ci ildən onun əmək fəaliyyəti başlayıb.

Müharibədən sonra Lilian vərəm xəstəliyinə tutulub. Müalicəsi İsveçrənin kurort yerlərindən birində aparılıb. Məhz burada o, fransız siyasətçisi Andre Betankurla tanış olub. Əslində bu tanışlıq Lilianın atasının sayəsində reallaşır. Belə ki, Andre Betankur Ejen Şullerin maliyyələşdirdiyi “La Cagoule” fransız faşist qrupunun aktiv üzvlərindən idi. Uzun müddət görüşən Lilian və Andre 1950-ci ildə ailə qurmağı qərara alırlar. 1953-cü ildə onların övladı Fransuza dünyaya gəlir.

Şirkətdəki yerini nəvəsinə verir

Lilianın şirkətin rəhbərliyinə gəlişindən sonra həyat yoldaşı Andrenin siyasi karyerası irəliləməyə başlayır. O, əvvəlcə deputat, daha sonra nazir olur. Həmin dövrdə xaricə səfərləri zamanı ərini tez-tez müşayət edən Lilian eleqant fransız xanımı imicini yaradır. Atasının və ərinin siyasi əlaqələri Lilianı 5-ci prezident Corc Pompidunun ailəsi ilə yaxınlaşdırır. Bundan istifadə edən Lilian şirkəti böyüdür. 1963-cü ildə “LOreal” ictimaiyyətə açıq elan edilir. Səhmlərinin 46,1 faizi satışa çıxarılır. Lilian əsas nəzarət səhm paketini özündə saxlayır. Uğurlu biznes siyasəti nəticəsində şirkəti gücləndirərək ölkənin ən zəngin qadınına çevrilir.

1974-cü ildə o, “Nestle”dən səhmlərin 3 faizini alır. 1995-ci ildə isə Lilian şirkətin direktorlar şurasının üzvü olur. Artıq 2009-cu ildə şirkətin səhmlərinin 31 faizinə sahiblənir. 2011-ci ildə həkimlər Lilana alsheymer xəstəliyi diaqnozu qoyur. Elə həmin il də məhkəmə varidatın idarəsinin qızı Fransuzaya verilməsinə dair qərar çıxarır. 2012-ci ildə Lilan “LOreal”ın direktorlar şurasından çıxır. Onu nəvəsi Jan- Viktor-Meyers əvəzləyir.

Lilian Betankur və onun rəssam sevgilisi

Əslində atasının və həyat yoldaşının kifayət qədər tanınmış şəxsiyyətlər olmasına baxmayaraq, 1987-ci ilə qədər Lilianın həyatı cəmiyyət üçün gizli qalır. O, jurnalistlərlə görüşdən qaçır, dəbdəbəli tədbirlərə getmirdi. 1987-ci ildə nadir təntənəli ziyafətlərdən birində Lilian rəssam-fotoqraf və publisist Fransua-Mari Banye ilə tanış olur. Banye Fransanın nüfuzlu ”Egoiste” jurnalı üçün Lilianın professional şəkillərini çəkməli idi. O andan etibarən Lilian Betankurun əvvəlki gizli həyatının qalmaqallı tərəfi başlayır. Bəlkə də həmin vaxt artıq onun xəstəliyi özünü büruzə verməyə başlayıbmış. Çünki milyarder qadının xarakteri kəskin dəyişir. Kobud şəkildə desək, o, Banyeyə fantastik pullar xərcləməyə başlayır. Versiyalara əsasən Lilianın rəssama sərf etdiyi məbləğ 1,3 milyard dollara çatır. Bura hədiyyələrlə yanaşı həyatının sığortası üçün 2003-cü ildə 253 milyon , 2006-cı ildə 262 milyon avro, eləcə də 20 milyon avro dəyərində 11 incəsənət (Pikasso, Matissa, Mondrina, Delone və Lejenin əsərləri) əsəri, eləcə də nəğd pul daxildir.

Sarkoziyə də sponsorluq edir

“LOreal” sahibəsinin rəssamla münasibəti həyatını sözün əsl mənasında cəhənnəmə çevirir. Hətta doğma qızı Fransuaza anası ilə əlaqələrini kəsir. 2007-ci ildə Andre Betankurun ölümündən sonra Fransuaza Banyeni anasına qarşı fırıldaqçılıq və pis niyyətlilikdə təqsirləndirərək məhkəməyə verir. Uzunmüddətli məhkəmə prosesləri başlayır. Müstəntiqlər hətta “LOreal” şirkətinin bütün əməkdaşlarını istintaqa cəlb edirlər. 2010-cu ildə Betankurun öz sərvətini (“LOreal”ın səhmlərindən savayı) Banyeyə buraxması ilə bağlı səs yazısı peyda olur. Bütün bu münaqişənin sonucu olaraq Banyenin hədiyyələrin bir qismini geri qaytarması ilə bağlı razılıq əldə edilir. Fransuza ilə Lilian barışır. Lakin çox keçmir Lillianın adı başqa qalmaqalda hallanır. Onun Fransanın bir sıra görkəmli siyasi xadimlərinə sponsorluq etməsi faktı ortaya çıxır. Bu dövlət xadimləri sırasında Fransanın keçmiş prezidenti Nikola Sarkozinin də adı çəkilir. Hazırda 89 yaşlı milyarder yaxınlarının himayəsi altındadır. Belə ki onun psixoloji xəstəliyi getdikcə daha da ağırlaşır. Bu da ona mühitə sərbəst olaraq uyğunlaşmağa imkan vermir.

Lilianın sərvəti artır

Lilianın “kisəsinin ağzısını” səxavətlə açmasına baxmayaraq, son bir ildə sərvəti 6 milyard dollar artıb. 2012-ci ildə sərvətini 24 milyard dollar qiymətləndirən “Forbes” ötən il onun varidatını 30 milyard dollar dəyərləndirib. 2013-cü ildə o, dünya milyaderləri 9-cu sırada yer alırdı.

38 zavodu var

Hazırda “L’Oréal” bir sıra məşhur brendlərin ətirlərini, kosmetikalarını da istehsal edir. Bura L’Oréal Paris, Garnier, Maybelline New York, Cacharel, Giorgio Armani Parfums and Cosmetics, Lancôme, Vichy, La-Roche-Posay kimi tanınmış brendlər daxildir. 2010-cu ilə olan məlumata görə, şirkətə 43 zavod, 13 elmi araşdırma mərkəzi, 17 brend, 150 ölkədə mağazalar daxildir. Bütün bu müəssisələrdə 67 min nəfər işləyir. Şirkətdə əsas rəhbər Jan-Pol Aqondur. 2009-cu ildə brendin dövriyyəsi 17,473 mlrd avro, əməliyyat mənfəəti 2,578 mlrd avro, xalis gəliri 1,997 mlrd avro təşkil edib. Şirkətin səhmlərinin kursu 120,95 avrodur.

Onu da qeyd edək ki, müxtəlif vaxtlarda Şarliz Teron, Cennifer Eniston, Virjini Ledoen, Mila Yovoviç, Cennifer Lopez, Kartin Denev və eləcə də planetin bir çox gözəl, tanınmış qadınları şirkətin siması olublar.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm