"Məhəbbət sekslə müqayisə edilməz" - FOTOLAR
Bizi izləyin

Ekopublika.az

"Məhəbbət sekslə müqayisə edilməz" - FOTOLAR

Məhəbbət sekslə müqayisə edilməz

“Məhəbbət həyatın elə vacib hissəsidir ki seks onunla müqayisə edilə bilməz”. O bu fikirlərin müəllifi və məşhur geyim markasının yaradıcısıdır.Kişilər üçün də geyim dizayn etməsinə baxmayaraq, daha çox qadın geyim kolleksiyalarının istehsalçısı kimi tanınır. Çünki özü də zərif cinsi çox sevdiyini etiraf edir. Söhbət Roberto Kavallidən gedir.

Publika.Az “Brendlərin tarixi ” layihəsi çərçivəsində Roberto Kavallinin yaratdığı Roberto Cavalli brendinin tarixini təqdim edir.

Uşaqlıqdan yetim qalır

Roberto Kavalli 1940-cı ilin 15 noyabrında Florensiyada (İtaliyada) anadan olub. Atası Corcio Kavalli surveyor, anası Marçella Kavali dərzi-dizayner idi. Kavallinin xoşbəxt uşaqlıq yaşadığını demək olmaz. Hələ uşaq vaxtı atasını itirib. Belə ki, gələcəyin dizaynerinin atası faşistlər tərəfindən öldürülüb. Bu itki Kavalli ailəsini eləcə də Robertonu ciddi sarsıdır, İçinə qapanır və ancaq 10 yaşında danışıb.

Rəssamlıq akademiyasına qəbul

Kavalli kiçik yaşlarından tikiş işlərində anasına kömək edir. Məhz bunun sayəsində moda ilə məşğul olmaq, dizayner olmaq istəyini anlayır. Məktəbi bitirdikdən sonra Florensiya Rəssamlıq Akademiyasına qəbul olur. Doğrusu akademiyaya qəbulda babasının təsiri böyük olub . Məşhur rəssam olan babası Cuzeppe Rossi nəvəsinin akademiyaya qəbuluna təkid edir.

Rəngli pritlər

Təhsil aldığı müddətdə o, əl işləri ilə diqqət çəkir. Akademiyanın ən yaxşı tələbəsi kimi İtaliyanın corab-“kalqotka” istehsal edən ən böyük fabriklərinin yaxından maraqlandığı rəngli pritlər (parça üzərində güllər) seriyasını yaradır. Ümumiyyətlə isə Kavalli karyerasına 1960-cı ildə başlayır.Fabriklər üçün rəngli pritlər yaratdıqdan sonra o şəkilli futbolkaların, cinslərin, dəri məhsullarının satışını həyata keçirən şirkəti yaradır.Müəyyən müddət Mario Valentino moda evində işləyir. 70-ci ilin əvvəllərində dəri parça üzərində şəkillər işləyir. Bu işdə pioner olan Roberto özünün kəşfini Parisdə təcrübədən keçirir. Pierre Cardin, Hermes kimi moda evlərinin diqqətini çəkir. İşinə görə onlar gənc dizaynerə hətta komission ödəyirlər. 30 yaşına çatdıqda Kavalli Pret-a-Porte salonunda ilk qadın geyim kolleksiyasını təqdim edir. Bir qədər sonra Sala Bianca-da, Palazzo Pitti-də geyimlərini sərgiləyir. Yaratdığı geyimlər məşhurların diqqətini çəkir. Kavallinin ilk müştərisi isə fransız aktrisası Bricit Bardo olur. Uğurlarının ardından R.Kavalli Fransada San-Tropedə butik acımağı qərara alır. 1972-ci ildə bu niyyətini reallaşdırır. Mağazada diskoteka həvəskarları uçun geyimlər satır.1974-cü ildə kişi geyimlərinin satışını aparan butik açır. Lakin bu mağazanın mövcudluğu uzun çəkmir.

Arvadı biznesini xilas edir

Artıq o zaman gəlib çatır ki, Kavallinin tərzini digər italyan dizaynerlərinin tərzi ilə müqayisə etməyə başlayırlar. Bu sırada ən çox Cenni Versacinin adı çəkilirdi. Hansı ki, 80-ci illərdə Versacenin adı parlaq ekstravaqantlığın sinoniminə çevrilmişdi. Qəzetlər isə bu haqda belə yazırdılar: “Kavalli yeni Versacidir. Əgər Versaci sağ olsaydı onu yeni Kavalli adlandırmaq olardı” . 80 –ci illərdə Roberto Kavalli digər İtalyan brendləri - Giorgio Armani, Versace kimi itkilərlə üzləşməyə başlayır. Bu o dövr idi ki, moda dünyasında əsasən minimalizm daha çox aktual idi. Kavalli Florensiyada qalsa da kolleksiyalarını nümayiş etdirmir. Dizayner öz stilini adaptasiya etməkdən imtina edilərək kölgəyə çəkilir. 1985-ci ildə Roberto Kavalli Nyu Yorkun qalmaqallı klubu olan Studio 54-də göstəri təşkil edir. Onun geyimləri dünyanın dəb sevənlərinin geniş marağına səbəb olur.

Onu da qeyd edək ki, R.Kavalliyə brendini yaratmaqda, biznesini dirçəltməkdə həyat yoldaşı, həm də ortağı Yeva Dyurinqer kömək edir.Məhz o ərini işini buraxmamaqa, biznesini xilas etməyə ruhlandırır: “Həmin ərəfədə düşünürdüm bəlkə brendi qapadım. Lakin Yeva israr etdikdən sonra onun xətrinə sınamağa qərar verdim”.

Məşhurlarla əlaqə çox vacibdir

Dizayner 1994-cü ildə parçaların emalı üzərində işi davam etdirərkən streç cinsi kəşf edir. Bu yenilik brendə uğur gətirməklə bərabər satışın artımına da təsir göstərir. Artıq Cenifer Lopes, Kristina Aqilera, Deyvid Bekhem kimi məşhurlar Roberto Kavallinin müştərilərinə çevrilir. Dizaynerin özü isə bu haqda belə deyir: “Məşhurlarla əlaqə çox vacibdir. Bəzən İtaliya oturub onun hüdudlarından kənarda nə qədər əhəmiyyətli olduğunu bilmirsən. Məşhurlarla əlaqə məhz bu əminliyin yaranması üçün vacibdir”.

1994-cü ildə dizayner Seynr-Bart, Venesiya və San-Trope-də brendin butiklərini açır. Roberto Kavallinin geyimləri bazarda önəmli yer tutmağa başlayır. 90-cı illərin sonunda dizayner Amerika bazarını ələ keçirmək istiqamətində ciddi səy göstərir. Onun brendinin reklamı Cosmopolitan kimi məşhur jurnallarda peyda olur.

Xəzdən paltarlar

Roberto ilk dizaynerdir ki, podiumda xəzdən paltar nümayiş etdirib. Düzdür buna görə sərt tənqidlərlə üzləşib. Amma məqsədinə çatıb. 1998-ci ildə “Just Cavalli” xətti işıq üzü görüb. Daha sonra bu xətt Cavalli Jeans adını alıb. Xəttin auditoriyasını isə gənclər təşkil edir. Qeyd edək ki, xətt özündə qadın, kişi geyimlərini, akssesuarlarını, çimərlik geyimlərini, parfumeriya, eynəkləri əks etdirir.Dizayner həmçinin uşaqlar üçün Angels&Devils geyim xəttini buraxıb,1999-cu ildə kişi geyimləri xəttini təqdim edib. Bu kolleksiya da eyni parlaq temperamenti və ruhu özündə əks etdirərək uğur qazanıb. Baxmayaraq ki, dizaynerin birinci kişi kolleksiyası fiaskoya uğramışdı: ““Kolleksiya çox qadınsal, parlaq, artistcəsinə idi. Özümün də xoşuma gəlməmişdi. Hətta podiumda hündür qadınlar kişi geyimlərini nümayiş etdirsələr də, kolleksiya diqqət çəkmədi. Hər şey boşa getdi”.

Xatırladaq ki, həmin uğursuzluqdan sonra Kavalli bütün fəaliyyətini qadın geyimlərinin hazırlanmasına fokuslmışdı: “Uzun illər dizaynerlər qadınlarla kişiləri eyni geyindirməyə çalışıblar. Bu tendensiyanı dəyişdirdim. Geyimlərdə qadınsallığı,seksuallığı əks etdirməyə çalışıram”.

Qab-qacaq istehsalı

Kavalli 1999-cu ildə Nyu- Yorkun perestijli küçəsində Medison Avenyuda Roberto Cavalli brendinin təmtərəaqlı dükanı açılır. Butikin təşkilatı işləri 2002-ci ilə qədər davam edir. Həmin ərəfədə brendin satışları 3 dəfəyə qədər artır: “Mənim dəbim ona görə uğurlu və aktual idi ki digər dizaynerlər monoton əşyalar istehsal etməkdə davam edirdilər”.

Geyim, aksessuar i dizaynı ilə bərabər Roberto Kavalli qab-qacaq dizaynı ilə də məşğul olmağa başlayır. 2002-ci ildə Cavalli –dən ilk ətir işıq üzü görür. Həmin ilin oktyabrında Nyu-Yorkda Fashion Group International –da Roberto Kavallini “İlin dizayneri” elan edirlər. 2002-ci ildə o həmçinin Florensiyada butik-kafe açır. 2003-cü ildə Milanda Just Cavalli café-ni yaradır.

Kovallinin brendinin satış rəqəmləri Amerika bazarında daha yüksəkdir. Konkret 2004-ci ildə satış 150 milyon dollar təşkil edib. Dizayner geyimlərinin reklamına xüsusi diqqət ayırır: “Həmişə düşünmüşəm ki paltarlarımın reklamı paltaryuyan maşının reklamı kimi olmamamlıdır. 2007-ci ilin noyabrında Roberto Kavalli orta seqmentdən sayılan H&M –ilə ortaqlığa qərar verir. Brend üçün Robertə 25 əşyadan ibarət qadın, 20 əşyadan ibarət kişi geyimləri kolleksiyası hazırlayır. Geyimləri aksessuarlar və alt geyimlər tamamlayır.

İlana olan sevgi

Kavallinin dizaynlarında təbiətdən işarələr xüsusi əhəmiyyət təşkil edir. Dizaynerin sahib olduğu şirniyyat dükanında zebra, fil, tutuquşu, ilan, pələng şəklində şkoladlara rast gəlmək olar. İlan isə Kavallinin sevimli heyvanıdır. Onun fikrincə, ilan da moda kimi eyni şəkildə böyüyür, inkişaf edir.Yeri gəlmişkən, dizayner ilanı Cavalli moda evinin simvolu seçib.

Şəxsi həyatı

Tez-tez dünya ulduzlarının əhatəsində görünən Roberto Kavalli iki dəfə evlənib, Dizaynerin birinci arvadı Silvanella Ciannonidir. Onların nikahı 1964-cü ildə baş tutub. Ailə həyatları 10 il davam edib. Bu müddətdə iki övladı – Kristina və Tommaso dünyaya gəlib. Roberto və Silvanella 1974-cü ildə boşanıblar. 1977-ci ildə keçirlən “Miss kainat” müsabiqəsində münsiflər heyətində təmsil olunan Kavalli iştirakçılardan Yeva Dyurinqerlə tanış olmaqla subaylığa son qoyub. Belə ki, tanışlıq əvvəlcə sevgiyə çevrilib 3 il sonra isə evliliklə nəticələnib. Bu nigahdan Kavallinin üç uşağı – Raçel (qız), Daniyel və Roberto (oğlan) dünyaya gəlir.

Dəbdəbəli həyat eşqi

Dəbdəbli həyatı sevən Roberto ailəsi ilə Florensiyada villada yaşayır. Villanın özəlliyi helikopter meydançası və səmaya baxan jakuzinin olmasıdır. Ər arvadın həmçinin atları, üzüm plantasiyası, şkolad fabrikləri var.Kavalli helikopteri özü idarə edir.Bütün bunlarla bərabər dizayner “Ferrari” dən 3 bahalı avtomobilə sahibdir.

Məhəbbət həyatda ən vacid şeydir

Mətbuatın yazdığına görə Kavalli 1970-ci ildə necə görünürdüsə elə də qalıb. Cins şalvarda, köynəkdə gəzir. Saçlarını qısa kəsdirmir.Bir sözlə Roberto Kavalli kifayət qədər maraqlı şəxsiyyətdir. Realist olmaqla bərabər izah edilməz şəkildə romantikdir. Deyir ki məhəbbət həyatda onun üçün ən vacid şeydir. Seks əhəmiyyətinə görə məhəbbətlə müqayisə edilə bilməz. Kavalli hədiyyə almağı və verməyi sevir. Dizaynerin sevimli yazıçısı Qabriel Qarsiya Markes, nağıl qəhrəmanı isə Pinokkiodur.Dizayner o geyimləri sevir ki onları özü yaradıb. Lakin başqa dizaynerlərin də işlərini bəyəndiyini deyir.

Kavalli özünün dizayner yox, “fashion rəssamı” kimi çağırılmasını sevir. Bildirdiyimiz kimi R.Kavalli təkcə geyim yaratmır. O gecə klubunun sahibidir. Yaratdığı brend altında araq və çaxır da istehsal edir. Covalli brendi altında içkilərin dəyəri 50 avrodan başlayaraq, 1000 avroya qədər yüksəlir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm