İranın Azərbaycanla sərhəd şəhərləri o cümlədən Səreyn,
Meşginşəhr, Sarab, Nir və Hİl şəhərlərinin iqtisadi potensialından
geniş istifadə olunmaq məqsədi ilə "Savalan" azad ticari-turizm
zonasının yaradılmasını planlaşdırırıq. Bunu Meşginşəhr şəhərinin
başçısı İbrahim İmami bu gün Azərbaycanlı jurnalistlərlə görüşündə
deyib.
İ.İmami deyib ki, Savalan dağının ətəyində yerləşən Meşginşəhr
şəhəri geniş turizm potensialına malikdir. "Savalan dağı və onun
ətəyində yerləşən yaylaqlar, qışlaqlar, yer altından çıxan isti
sular, sərin bulaqlar, meyvə bağları, tarixi abidələr, qalalar,
mağaralar bu bölgənin turizm potensialalrındandır",-deyə İmami
bildirib.
O deyib ki, Savalan Azad ticari - turizm zonasının yaradılması
məsələsi hazırda araşdırılır və yaxın zamanlarda bu zonanın
yaradılması üçün işlərə başlanılacaq.
İ.İmami azərbaycanlı investorları Meşginşəhər şəhərində sərmayə
qoymağa dəvət edib. " Azərbaycanlı investorlar Meşginşəhrin turizm
sahəsində sərmayə yatırmaq istəsələr biz onlarla hər cür əməkdaşlıq
etməyə hazırıq", -deyə İmami bildirib.
Onun sözlərinə görə, Meşginşəhr şəhəri və onun ətrafında 800 tarixi
abidə mövcuddur və bu abidələrin tarixi miladdan öncə, islam dövrü,
Sasanilər dövrü və Səfəvilər dövründən qalmış abidələrdir.
İ.İmami Meşginşəhrdə sərmayə yatırmaq üçün kənd təsərrüfatı
sahəsində də böyük potensiala malik olduğunu vurğulayıb və deyib
ki, Ərdəbil əyalətin ən böyük bağları bu şəhərdədir. "Hər il 14 min
hektar meyvə bağlarından 320 min tondan çox meyvə istehsal olunur.
Hazırda 127 min hektar ərazidə əkinçilik işləri aparılır", -deyə
İmami bildirib.
O, kənd təsərrüfatı ilə yanaşı maldarlıq və balıqçılıq sahəsində də
sərmayə yatırmaq üçün geniş potensialın olduğunu və Azərbaycandan
investorlar bu bölgədə sərmayə yatırarsa onlara güzəştlərin
olunacağını vurğuladı.
İ.İmami deyib ki, hazırda Meşginşəhrdə polad və mis istehsalı
zavodlarının tikilməsinə başlanılıb. "Meşginşəhr mis, polad, dəmir
və sement istehsalı üçün mədənlərə sahibdir və bu sahədə də
Azərbaycanlı investorlar sərmayə yatıra bilər və biz onlara
güzəştlər etməyə hazırıq",-deyə İmami bildirib.
İ.İmami deyib ki, İran və Azərbaycanın iki dost və qardaş ölkədir,
müştərək tarixə və mədəniyyətə malikdir. "azərbaycanlı iş
adamlarının bu bölgədə sərmayə yatırması və iki ölkə arasında
gediş-gəlişin artırılması hər iki ölkədə sərhədyanı rayonların
inkişafına təkan verəcəək", -deyə İmami bildirib.
O deyib ki, hazırda Azərbaycandan bir nəfər Meşginşəhrdə 25 hektar
yer alaraq orada istixanalar quraşdırıb. "Həmin investor həmdə
Biləsuvar - Təbriz maqistral yolunda Meşginşəhər şəhəri
yaxınlığında restoran və qonaq evi tikmək niyyətindədir",-deyə
İmami bildirib.
O, əlavə edib ki, Azərbaycanlı investordan başqa hazırda Rumuniya,
Türkiyə və İtalyadanda bir neçə sərmayəçi Meşginşəhrdə turizm və
digər sahələrdə investisiya yatırıblar. /Trend/
|