• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gənc sahibkarlara 96 milyon dollar güzəştli kredit verildi

Gənc sahibkarlara 96 milyon dollar güzəştli kredit verildi

Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə "Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi" mövzusunda konfrans keçirib. Konfransda İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda yaşayan gənclər iştirak ediblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmaz rayonunda da gənclərin ictimai-siyasi fəallığının artırılması, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Hazırda aidiyyəti dövlət qurumları tərəfindən dövlət proqramının icrası istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 milyon manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 2700-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaradılıb. Bu göstəricilər bir daha gənclərin ölkə iqtisadiyyatında və məşğulluğun təmin edilməsində fəal rol oynadıqlarını göstərir.

S.Məmmədov konfransın keçirildiyi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin regionun sosial-iqtisadi inkişafına töhfə olduğunu vurğulayıb, mərkəzdə sahibkarlıq fəaliyyətinə başlayan və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkil olunduğunu, konsaltinq və informasiya xidmətlərinin göstərildiyini bildirib. İnnovativ və perspektivli biznes sahələrinin inkişafının dəstəklənməsi məqsədilə mərkəzdə yaradılmış biznes inkubatorda gənclərin ilkin biznes vərdişlərinə yiyələnməsi üçün hər cür şərait var.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanda dövlət tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini vurğulayıb, ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərin rolunu diqqətə çatdırıb. Qeyd edilib ki, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hər bir gəncin inkişafı üçün yeni imkanlar yaradıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib ki, son illərdə gənclərin sahibkarlıq fəaliyyətinə marağı daha da artıb. Ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, çeşidli mexanizmlər yaradılıb. Bu mexanizmlər gənc sahibkarların maliyyə təminatında, bu fəaliyyətin texniki təminatı (məsləhət, informasiya xidmətlərinin göstərilməsi) səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynamaqdadır. Bu istiqamətdə potensialı olan gənclərin sahibkarlığa başlamasına dəstək verilməsi: onların maarifləndirilməsi, elektron resurslardan istifadə imkanının yaradılması və s. üçün ölkəmizdə biznes inkubatorlarının yaradılmasına start verilib. Bugünkü konfransın keçirildiyi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi də bu qəbildəndir.

Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsini icra edən Elşən Əsədov dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin tutduğu mövqe, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat verib, biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə 30 aprel 2014-cü il tarixindən müsabiqə elan edildiyini və sənəd qəbulunun davam etdiyini qeyd edib, müsabiqə şərtlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov biznes inkubatorların yaradılmasının elmi əsasları və bu sahədə ABŞ, Qərb ölkələri və Türkiyə təcrübəsi barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR