DAVOS GÜZGÜSÜ: Arxadan boylanan ABŞ, iş axtaran Avropa və biznesi çökən "menlər"
Bizi izləyin

Ekopublika.az

DAVOS GÜZGÜSÜ: Arxadan boylanan ABŞ, iş axtaran Avropa və biznesi çökən "menlər"

DAVOS GÜZGÜSÜ: Arxadan boylanan ABŞ, iş axtaran Avropa və biznesi çökən "menlər"

Mən, Leyla Əliyeva həftəlik iqtisadi hesabatı təqdim edirəm.

Yola saldığımız həftənin iqtisadi mənzərəsi proseslərin dinamikliyi baxımından fərqləndi. Əvvəla, həftə ərzində diqqətlər İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumuna fokuslandı. İştirakçılar dünya iqtisadiyyatındakı müsbət siqnallardan uzun-uzadı bəhs etsələr də, böhranın hələ bitmədiyini vurğuladılar. Beynəlxalq Valyuta Fondu isə qlobal iqtisadi böyümə təxminlərini yüksəldərkən, Beynəlxalq Enerji Agentliyi neft istehlakının cari ildə gündəlik 92,5 milyon barelə çıxacağını açıqladı. Azərbaycana gəlincə, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation) birgə yeni araşdırması ürəklərimizi fərəhləndirdi. Belə ki, sənədə görə, dünyanın super iqtisadi gücü ABŞ biznesə başlamağın asanlığına görə Azərbaycandan geridə qalır. Bunu nəzərə alıb Özbəkistanın bir pillə bizi önləməsini dərd etməmək olar.

Başlayaq Davosdan. İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunda əsasən dünya iqtisadiyyatdakı müsbət siqnallar önə çıxarıldı. İş adamları və siyasətçilər əldə edilən iqtisadi rəqəmlərin bir əvvəlkindən daha yaxşı olduğunu diqqətə çatdırdılar.

Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi isə iqtisadi düzəlmənin kövrək olduğunun siqnalını verdi: "Ötən bir neçə ay ərzində müşahidə etdiyimiz anket məlumatları getdikcə daha çox möhkəm hala gəlir. Zəif bir düzəlmənin başlanğıcını görürük. Düzəlmə hələ kövrək və balanssızdır. İxrac tərəfindən istiqamətləndirilən yaxşılaşma var, amma indi pilləli yayılan istehlak görürük bu da müsbət deyil".

O həmçinin Avro Bölgəsindəki yüksək işsizlik nisbətindən narahatlığını da ifadə edib.

Beynəlxalq Valyuta Fondu (BVF) 2014-cü il üzrə qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb. BVF qlobal iqtisadiyyatın bu il 3,7 faiz artacağını bildirib. Fond həmçinin qlobal iqtisadi artımın 2015-ci ildə sürətlənərək 3,9 olacağını proqnozlaşdırıb. Avro bölgəsi ilə bağlı iqtisadi böyümə gözləntisi isə 0,1 faiz artırılıb. BVF-nın proqnozlarına görə, Avro bölgəsi 2014-cü ildə 1 faiz nisbətində, Amerika Birləşmiş Dövlətləri isə 2,8 faiz nisbətində böyüyəcək. 2015-ci ildə isə Avro bölgəsi 1,4 faiz, Amerika 3 faiz nisbətində iqtisadi artım nümayiş etdirəcək. Qurum İngiltərə iqtisadiyyatı ilə bağlı da proqnozlarını dəyişib. İngilis iqtisadiyyatında daha əvvəl 1,9 faiz artım gözlənsə də böyümə nisbəti 2,4 faizə yüksəldilib. Bu il Almaniya iqtisadiyyatının 1,6, Fransanın 0,9, İtaliya və İspaniyanın da 0,6 nisbətlərində böyüməsinin gözlənildiyi açıqlanıb. İtalyanın böyümə gözləməsi bir əvvəlki təxminə görə 0,1 salınıb.

Rusiya, Braziliya və Meksika iqtisadiyyatlarının da 2014 və 2015-ci illərdə böyüməkdə davam edəcəkləri ancaq sürətin bir qədər düşəcəyi qeyd edilir. Hesabatda həmçinin inkişaf etməkdə olan ölkələrdən çıxacaq kursun narahatlıq qaynağı olduğu da vurğulanıb.

Bitən həftədə Beynəlxalq Enerji Agentliyi də artımdan danışdı. Belə ki, agentlik neft istehlakının gözləniləndən daha sürətli artacağını bildirir. Qurumun hesabatında deyilir ki, ABŞ kimi inkişaf etmiş ölkələrdəki iqtisadi düzəlmə 2013-cü ilin sonunda neft istehlakının artmasına səbəb olub. Çin iqtisadiyyatında artımın yavaşlamasına rəğmən enerji istehlakının artımına da diqqət çəkilib. Beynəlxalq Enerji agentliyi 2012-ci ildə gündəlik 90 milyon barel olan neft istehlakının keçdiyimiz il 91,2 milyon barelə çatdığını qeyd edib. Neft istehlakının isə cari ildə gündəlik 92,5 milyon barelə çıxmasının gözlənildıyi açıqlanıb.

Agentliyin aylıq hazırladığı neft bazarı hesabatında həmçinin sabit qiymətə qarşı bazarda böyük dəyişmə yaşandığı ifadə edilib. İstehlak artımının inkişaf etməkdə olan ölkələrdən deyil, Amerika Birləşmiş Dövlətlərindəki tələb artımından qaynaqlandığı vurğulanıb.

Ukrayna ilə Rusiya arasındakı 15 milyard dollar dəyərindəki təhvil satışı razılaşmasının ikinci mərhələsinə keçilib. Xatırladaq ki, noyabr ayında iki ölkə arasında əldə olunan razılaşmadan sonra Rusiya 3 milyard dollar dəyərində təhvil alaraq ödəmə aparıb. Razılaşmanın ikinci hissəsi olan 2 milyard dollar dəyərindəki təhvil satışına isə başlanıldı.

Ukraynanın Maliyyə Nazirliyi razılaşmanın ikinci mərhələsini bu ay sonuna qədər tamamlamağı planlaşdırdıqlarını açıqlayıb. Rusiya noyabr ayında qonşusu Ukraynaya 2 illik kömək etməyi təklif etmişdi.

Beynəlxalq Əmək Təşkilatı da həftə ərzində boş dayanmadı, bəd xəbərlər verdi. 2013-cü il üzrə qlobal işsizlik hesabatını açıqlayan təşkilat zəif iqtisadi böyümənin işsizlərin sayının artımaına səbəb olduğunu ifadə etdi. Məlum oldu ki, keçən il işsizlərin sayı 2012-ci illə müqayisədə 5 milyon nəfər artaraq 202 milyona çatıb. Ən pisi isə odur ki, təşkilatın direktoru Guy Ryde işsizlərin sayının gedərək artacağını düşünür:

“İqtisadi böyümə rəqəmlərində kiçik dəyişmələr gördüyümüz müddətcə işsizlik nisbəti artmaqda davam edəcək. 2018-ci ilə qədər işlsizlərin sayı 215 milyon nəfərə yüksələcək”. İş təşkilatının qiymətləndirməsinə görə, gələn il işsizlərin sayı 206 milyon, 2015-ci ildə 208 milyon, 2016-cı ildə 211 milyon nəfər olacaq. Qlobal işsizlikdəki artımın böyük qismi Şərq və Cənub Asiya ölkələrində qeydə alınıb.Yüksək işsizlik nisbəti isə ən çox afrikalılar arasındadır.

İş dünyası

Bu sahədə də vəziyyət ruscadır. “Deutsche Bank” faiz maxinasiyası ilə bağlı cərimələnməsindən sonra zərərə düşüb. Cənubi Koreyanın elektronika nəhəngi “Samsung”un gəliri də son 2 ildə ilk dəfə azalma nümayiş etdirib. “Samsung”un mobil cihaz bölümünün qazancı nə az nə çox 18 faiz enib. Oyun bazarının nəhənglərindən Nintendonun isə zərərə düşməsi bəs deyilmiş kimi səhmləri də dəyərini itirib. Şirkətin 247 milyon avro zərərinin ardından səhmləri 10 faizdən çox düşüb. Super Marionun yaradıcısı Nintendo oyun bazarındakı dəyişməyə qarşı böyük bir yenilik etmədən rəhbərlik strategiyasını dəyişdirməyi planlayır.

Rusiyanın “Qazprom” şirkəti də pis vəziyyətdədir. Şirkətin qazanclılıq nisbəti 2013-cü ilin son rüblərində eniş nümayiş etdirib. Maliyyə məlumatlarda “Qazprom”un qazanc nisbətinin 10 faiz azaldığı deyilir. Şirkət son rübdə cəmisi 8 milyard dollar qazanc əldə edib. Rusiyanın başı üzərindəki qara buludlar bununla kifayətlənmir. Rubl da kritik günlər yaşayır. Rus valyutası dollar qarşısında sürətlə dəyərsizləşir. Belə ki, 2009-cu ilin ortalarındakı səviyyəyə qədər geriləyib. Analitiklər hesab edir ki, Mərkəz Bankın müdaxilə etməməsi, balanssızlıq və inkişaf etməkdə olan ölkələrə istiqamətli mənfi baxış rublun dəyər itkisini sürətləndirib.

Gəldik çatdıq güllük, gülüstanlıq olan ölkəmizə. Düzdür, bəziləri son günlər müharibə siqnalları ilə ölkənin günü-gündən inkişaf edən iqtisadiyyatını yavaşlatmağa çalışır. Amma ölkədə bu qədər iqtisadi maraqların, beynəlxalq qaz-neft müqavilələrinin olduğu şəraitdə nəinki bir hərbi təyyarə, quş da uça bilməz.

Deməli belə. Yola saldığımız həftə Mərkəzi Bank bankların dərsini özü verməyi qərara aldı. MB banklara iş yerindən arayışı olmayan müştərilərə istehlak krediti verməyi qadağan etməklə bərabər avtomobillərin kreditlə satışına da məhdudiyyət qoydu. Bununla da məcmu kapitalı tələbə cavab verməyən bankları lisenziyasız buraxmaq, birləşməyə məcbur etmək üçün dolayısı təzyiqlərə start verdi.

Dövlət Statistika Komitəsi isə ötən ilin iqtisadi və sosial makroiqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, qeyri-neft sektorunda istehsal neft sektorunu üstələyib. Ötən il Ümumi Daxili Məhsul istehsalı 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Eləcə də, bir ildə 19,7 milyard manatlıq istehlak malları satılıb, xarici ticarət dövriyyəsi 31,7 milyard dollar, inflyasiya 2,4 faiz olub, əmək haqqı 6,6 faiz çoxalaraq 419,0 manat, əhalinin gəlirləri 37,6 milyard manata təşkil edib. Ölkədə fəaliyyət göstərən banklar da ötən il bir dəqiqə boş dayanmayıblar. Bütün bu artımlardan yararlanaraq 15.2 milyard manat kredit veriblər. Əhalinin banklardakı əmanətləri isə 6,4 milyard manat təşkil edib.

Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının (International Finance Corporation) birgə yeni araşdırması da lap yerinə düşdü. Sevinməyə dəyər. ABŞ biznesə başlamağın asanlığına görə, Azərbaycandan geridə qalır. Belə ki, adı 10-cu yerdə göstərilən Azərbaycanda yeni iş qurmaq üçün 3 prosedur tələb olunur və buna 7 gün vaxt gedir. ABŞ-da isə yeni biznes qurmaq üçün 6 prosedur, beş gün lazım gəlir.

Qeyd edək ki, 189 ölkəni əhatə edən hesabatda yeni biznes qurmaq üçün prosedurların, mərhələlərin sayı, lazım olan vaxt və xərclər nəzərə alınıb.

Məndən bu qədər. Hər birinizə yaxşı həftə sonu istirahəti.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm