• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Mənzil alarkən diqqətli olun –RƏY

Mənzil alarkən diqqətli olun –RƏY

Son illər mənzil bazarında alğı-satqı əməliyyatlarının azalması fonunda firıldaqların sayı da artıb. Xüsusilə eyni mənzilin bir neçə şəxsə satılması ən geniş yayılmış fırıldaqlardandır.

MBA Consulting Group" şirkətinin ekspertlərinin rəyinə görə, həm alıcılar, həm də satıçılar bəzən fırıldaqçılara rast gəlirlər: “Hər bir hüquq məsləhətçisi və daşınmaz əmlak üzrə rieltor mənzil alğı-satqı əməliyyatı zamanı əqdin təmiz aparılması üçün əməliyyata özlərinə məxsus metodika ilə yanaşırlar. Lakin, fərq etməz, hansı yanaşma olursa olsun, müəyyən detallar mövcuddur. Bunlara uyğun sahə üzrə hər bir mütəxəssis diqqət yetirməlidir. Fırıldaqçıların tələsinə düşməmək üçün bir sıra qaydalara mütləq riayət edilməlidir. Təkrar mənzil bazarında ev alarkən ilk olaraq mənzilin mülkiyyət hüququnu təsdiq edən sənədlə tanış olunmalıdır. Həmin mənzildə qeydiyyatda olan şəxslər, mənzil sahibi ilə mənzili satan şəxsin (və ya danışıqları aparan şəxsin) münasibətləri haqqında mənzil alan tərəf mütləq məlumatlanmalıdır. Əks halda, fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması çətinləşər. Hər gün qəzetlərdə, məlumat bürolarında, internet səhifələrində "təcili satılır" sözünə rast gələ bilərsiniz. Mənzilin niyə təcili və ucuz qiymətə satıldığını araşdırmaq lazımdır. Bütün alğı-satqı sənədlərinə, işin düzgün gedişatına əmin olmalısınız. Ən azından, niyə təcili satıldığını öyrənin”.

Mütəxəssislər deyir ki, fırıldaqçıların ən sevimli metodlarından biri, eyni anda bir əmlakı (xüsusən də sənədi olmayan torpaq sahəsini) iki və ya daha artıq adama satmaqdır: “Fırıldaqçılar əmlakın ilkin sənədlərinin surətini çıxararaq bu əməliyyatı reallaşdırırlar. Bəzən başqa şəxsə məxsus mənzilin satışına da rast gəlinir. Bu cür hallarda mənzilə saxta sənədlər düzəldilir və ya orijinal sənədlər oğurlanaraq müxtəlif yolla fırıldaqçı şəxsin adına qeydiyyatdan keçirilir, satılır. Satıldıqdan sonra isə fırıldaqçı şəxs ortalıqdan itir. Mənzil alarkən mənzili satan şəxs ev sahibi tərəfindən etibarnamə verilən şəxs kimi çıxış edirsə, o zaman tələsməyib bu əməliyyatın bütün elementlərini araşdırmaq lazımdır. Ev sahibinin adından etibarnamə vasitəsi ilə çıxış edən şəxsin səlahiyyətləri yoxlanmalıdır. Dəqiqləşdirilməlidir ki, doğurdan da, bu şəxsə ev sahibi tərəfindən etibarnamə verilibmi? Ola bilsin ki, ümumiyyətlə, etibarnamə saxtadır və ya müddəti bitib. Belə hallarda notarius ilə mütləq görüşülməli və detallar dəqiqləşdirilməlidir”.

Məlum olur ki, fırıldaqçılıq hallarına ilkin bazara nisbətən, təkrar bazarda daha çox rast gəlinir. Buna əsas səbəb kimi ilkin bazarda olan yeni tikililərin MTK şirkətlərinə məxsus olması göstərilir: “Bazarda tanınan, müəyyən nüfuza malik bu şirkətlər hər hansı fırıldaqçılığa yol verərək nüfuzdan düşmələrini istəmirlər. Lakin ilkin bazarda da alğı-satqı əməliyyatı zamanı ehtiyatı əldən vermək olmaz. Son vaxtlar şirkətlər tərəfindən bir mənzilin eyni anda iki və ya daha artıq şəxsə satılması kimi hadisələrdən hamı xəbərdardır. Belə halların baş verməməsi üçün alıcı iki mühüm çəhətə diqqət yetirməlidir. İlk olaraq, yuxarıda qeyd edildiyi kimi, müqavilənin şərtlərinə diqqətlə nəzər salmalı, müqavilədə hər iki tərəfin vəzifə, öhdəlikləri ilə tanış olmalıdır. İkinci vəzifə isə bazarda mənzil axtararkən binanın məxsus olduğu MTK-nın araşdırılması, nə dərəcədə ciddi şirkət olması təhlil edilməlidir. Rieltor tərəfindən imza atmaq üçün təqdim olunan alğı-satqı müqaviləsi diqqətlə oxunmalıdır. Sözügedən müqavilədə həm alıcı və satıcı tərəfindən çıxış edən şəxslərin, həm də alğı-satqı agentliyinin öz hüquq, vəzifələrinin tam şəkildə qeyd olunması vacibdir. Hazırda alqı-satqı ofisləri və kiçik ofislərdə çalışan "qara makler"lər kifayət qədərdir. Bakı şəhərində hədsiz sayda belə ofislərin olması bazarda risklərin artımına imkan yaradır. Alqı-satqı ofislərinə müraciət edərkən əsas olaraq şirkətin bazarda neçə il və hansı formada fəaliyyət göstərdiyinə diqqət yetirilməlidir. Əməliyyat zamanı notarius məntəqələri də ən azı rieltorlar qədər məsuliyyət daşıyır. Notariuslar əqdlərin və etibarnamələrin təsdiq edilməsi, miras əmlakın mühafizə olunması üçün tədbirlərin görülməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi kimi görülən işlərdə məsuliyyət daşıyır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR