• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Elman Rüstəmov İsveçrə Milli Bankının sədri ilə görüşüb

Elman Rüstəmov İsveçrə Milli Bankının sədri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Cordan ilə görüş keçirib.

İyulun 5-6-da Azərbaycan Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun Bakıda növbəti toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Tomas Cordan tədbirin yüksək səviyyədə təşkilinə görə Elman Rüstəmova öz təşəkkürünü bildirdi və ölkəmizin yüksək sosial-iqtisadi uğurlarını qeyd etməklə yanaşı paytaxt Bakının nə qədər gözəl şəhər olduğundan və aldıqları gözəl təəssüratdan danışdı.

T.Cordan Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və İsveçrə, o cümlədən Qrupda təmsil olunan digər ölkələrlə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etdi.

15 illik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E. Rüstəmov siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan biri olduğunu xüsusi vurğuladı. Azərbaycan Mərkəzi Bankına göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Mərkəzi Bankına minnətdarlığını bildirən E.Rüstəmov, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirdi. Daha sonra E.Rüstəmov artıq Azərbaycan Mərkəzi Bankının özünün də digər xarici mərkəzi banklara göstərdiyi texniki yardımlar, Mərkəzi Bankda aparılan institusional dəyişikliklər, Bankın ölkədə baş verən proseslərdə yaxından iştirakı, tədqiqat potensialı, ölkədə təhsil strategiyasının hazırlanması və realizasiyasında Mərkəzi Bankın iştirakı barədə məlumat verdi.

T.Cordan verilən ətraflı məlumata görə təşəkkürünü bildirdi və İsveçrə Milli Bankı tərəfindən göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə etdi, xüsusilə Azərbaycan Mərkəzi Bankı tərəfindən digər mərkəzi banklara texniki yardım göstərilməsini yüksək qiymətləndirdi.

İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirmişdir. Mərkəzi Bankın əməkdaşları üçün “İsveçrə Milli Bankının pul siyasəti” mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, qlobal böhran zamanı və böhrandan sonrakı dövrdə pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşmışdır.

Sonra T.Cordan Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzində olmuşdur. Görüş zamanı qonağa Mərkəzin yaranma tarixi, elmi-tədqiqat fəaliyyəti və gələcək planları barədə təqdimat edilmiş, aparılan son tədqiqat işləri və nailiyyətlərinə dair geniş məlumat verilmişdir. Tədbir zamanı maliyyə savadlığı üzrə Mərkəzin həyata keçirdiyi tədbirlər və digər əyani vəsaitlər nümayiş etdirilmişdir. Bütövlükdə Mərkəz tərəfindən həyata keçirilən işlər İsveçrə Milli Bankının sədri tərəfindən maraqla qarşılanmışdır. T.Cordan Mərkəzdə yaradılan maddi-texniki bazanı yüksək qiymətləndirmişdir.

Daha sonra birgə tədqiqat işlərinin gələcəkdə də davam etdirilməsi və digər əməkdaşlıq istiqamətləri barədə İsveçrə Milli Bankı ilə geniş müzakirələr aparılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR