Şahin Mustafayev: Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatıb
Bizi izləyin

Ekopublika.az

Şahin Mustafayev: Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatıb

"Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir".

Publika.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq bir müddət ərzində, cənab Prezident, Sizin tərəfinizdən inamla davam etdirilməsi və gərgin əməyiniz sayəsində mümkün olmuşdur: "Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.

Vergilər Nazirliyi tərəfindən proqnoza 103,6 faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz artmaqla, ümumi daxilolmalarda payı 56,9 faizə çatmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən isə proqnoza 100,2 faiz əməl edilmiş, daxil olmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.

İlk 6 ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala 7,6 milyard manat investisiya yönəldilmiş və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil etmişdir".

Ş.Mustafayev bildirib ki, hesabat dövründə əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır: "Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır.

Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, "Fitch", "Standard and Poors" və "Moodys" reytinq agentlikləri bir çox inkişaf etmiş ölkələrin reytinqlərini azaltdıqları halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş, onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli kredit reytinqi vermişdir.

Bununla yanaşı Dünya Bakı, Beynəlxalq Valyuta Fondu və AYİB kimi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları optimist olmuşdur".

Nazirin sözlərinə görə, ölkəmizin sosial-iqtisadi inkişafına müstəsna töhfə verən məqsədli dövlət proqramları uğurla icra olunur: "Cari ilin 6 ayında Dövlət İnvestisiya Proqramı çərçivəsində bütün istiqamətlərdə infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi, abadlıq və quruculuq işləri davam etdirilmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Bakı şəhərinin və qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektdə işlər davam etdirilir".

Ş.Mustafayev deyib ki, Böyükşor gölünün bərpası ilə əlaqədar layihəyə uyğun olaraq işlər qrafik üzrə həyata keçirilir, birinci mərhələdə gölün 300 hektar sahəsinin çöküntülərdən təmizlənməsi işlərinə başlanılmışdır: "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq, kənd təsərrüfatı sahəsində müasir istehsal və infrastruktur komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ərzaq məhsullarının, o cümlədən quş əti, yumurta, ət və ət məhsulları, süd məhsullarının istehsalı artmış, özünü təminetmə səviyyəsi yüksəlmiş, bəzi məhsullarımızın məşhur brendlərin adı ilə istehsalına başlanılmışdır.
Ərzaq təminatında yerli istehsalın payının artırılması ilə bağlı verdiyiniz tapşırığa əsasən, iri özəl taxılçılıq təsərrüfatlarının qurulması istiqamətində işlər davam etdirilir. Ötən il yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında biçin başa çatmış və hər hektardan orta hesabla 56 sentner yüksək keyfiyyətli məhsul yığılmışdır.
Tapşırığınıza uyğun olaraq, ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir.

Ət və süd istehsalının həcminin və keyfiyyətinin artırılması, emal sənayesinin davamlı və fasiləsiz xammalla təmin olunması məqsədilə iri heyvandarlıq komplekslər ilə yanaşı, regionlarda 50 başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının yaradılmasına başlanılmış, artıq bu tip iki təsərrüfat güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir".

Nazir bildirib ki, Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması, daşınması, ixracı və satışını təmin edəcək və tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində "fermer mağazaları" da fəaliyyət göstərəcək "yaşıl market" kompleksinin layihələri razılaşdırılmış, tikintisi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir və bu ilin sonunadək istifadəyə veriləcəkdir.

Bundan əlavə, qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının ixracının artırılması məqsədilə tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanılmışdır. Belə mərkəzlərin digər ölkələrdə də yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Ş.Mustafayevin bildirdiyinə görə, 2014-ci ilin "Sənaye ili" elan edilməsi haqqında Sərəncamla Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlamışdır: "Sərəncama uyğun olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və Proqramda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.

Bu işlər çərçivəsində "Azərbaycan Polad İstehsalı Kompleksi"nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Bu Kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.

Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir".

Nazir bildirib ki, Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır: "Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir.

Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.

Cənab Prezident, tapşırığınıza əsasən, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilmiş və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılmışdır.

Maşınqayırma sənayesindəki mövcud vəziyyət təhlil edilmiş, fəaliyyət göstərən müəssisələr tərəfindən təqdim olunmuş investisiya layihələri nəzərdən keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflər hazırlanır.
Ümumilikdə, 6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.
Son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcəkdir.
Möhtərəm cənab Prezident! Sosial-iqtisadi inkişaf strategiyanızın mühüm tərkib hissəsi olaraq sahibkarlığın inkişafı və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində növbəti addım kimi mart ayında imzaladığınız Fərmanın icrası ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına birbaşa təsir edən istiqamətlər üzrə prosedurları, vaxt sərfini və məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini artıracaqdır.

Fərmanın bütün bəndlərinin icrası ilə bağlı müvafiq orqanlarla birlikdə qanunvericiliyə dəyişikliklər hazırlanmış və aidiyyəti üzrə təqdim olunmuşdur.

Sahibkarların maarifləndirilməsi, nümunəvi layihələrin təqdim olunması və güzəştli kreditlərin verilməsi məqsədilə 6 ayda 19-u regionlarda, 5-i Bakı qəsəbələrində olmaqla, 24 forum keçirilmişdir".

Nazir bildirib ki, qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.

Verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Kiçik sahibkarlıqla məşğul olan şəxslərin güzəştli kreditlərə birbaşa çıxış imkanlarını təmin etmək üçün kredit ittifaqları ilə əməkdaşlıq genişləndirilir və xüsusilə regionlarda belə maliyyə qurumlarının yaradılması davamlı surətdə təşviq olunur.

İxrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə cari ilin birinci yarısında yerli və xarici iş adamlarının, beynəlxalq tərəfdaşların iştirakı ilə 121-i ölkəmizdə, 75-i xaricdə olmaqla, ümumilikdə 196 tədbir və görüş keçirilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm