• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Heydər Əsədov: Azərbaycanda 2,3 milyard manat kənd təsərrüfatı məhsulu istehsal olunub

Heydər Əsədov: Azərbaycanda 2,3 milyard manat kənd təsərrüfatı məhsulu istehsal olunub

"2014-cü ilin birinci yarısı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində tarixi əhəmiyyətli qərarların qəbul olunması və bu sahəyə dövlət dəstəyinin daha da artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla yeni çağırışlar fonunda aqrar sektorun inkişafının prioritet hədəflərinin müəyyən edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi üçün konkret göstərişlərin verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaratmışdır. Bütün bunlar isə öz növbəsində, yaxın gələcəkdə aqrar sektorun yeni simasının formalaşdırılmasını təmin edəcəkdir". Publika.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Nazir bildirib ki, cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.

H.Əsədovun sözlərinə görə, digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur: "Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir.

Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında müvafiq Sərəncamınızın icrası nəticəsində bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.

Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan "kənd təsərrüfatı siyasətinin dəyəri" indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir".

Nazir qeyd edib ki, bu sahədə şəffaflığın artırılması və dövlət yardımlarından istifadə sahəsində məlumatların ictimailəşdirilməsi məqsədilə rayon və kəndlərdə yardım almış hər bir istehsalçı haqqında məlumat nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir: "Vətəndaşlardan, QHT-lərdən və digər maraqlı tərəflərdən bu sahədə müşahidə etdikləri mənfi hal və ya pozuntu barədə məlumatlar alınmış və nazirliyin monitorinq qrupu tərəfindən adekvat tədbirlər görülmüşdür.

Möhtərəm Prezident, Sizin sərəncamlarınızla ayrılan vəsaitlər hesabına fermerlərin kənd təsərrüfatı texnikaları ilə təchizatının yaxşılaşdırılması istiqamətində də ciddi dönüş yaradılmışdır. Belə ki, hesabat dövründə "Aqrolizinq" ASC tərəfindən müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı texnikası, o cümlədən Avropa istehsalı olan 478 taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu avadanlıqları və digər texnikalar alınaraq istifadəyə verilmişdir.
Bütün bunların nəticəsidir ki, birbaşa dəstəyiniz nəticəsində yenilənmiş kənd təsərrüfatı texnikası parkı hesabına indiyədək ölkə üzrə taxıl sahələrinin 90 faizindən çox hissəsində biçin ən minimal itki ilə və qısa müddətdə başa çatdırılmışdır. Biçin zamanı demək olar ki, yanğın hadisələrinə yol verilməmişdir.

Ümumiyyətlə, cari mövsümdə taxılın vaxtında və itkisiz yığılması məqsədilə bütün rayonlarda operativ qərargah və "qaynar xətt" yaradılmış, taxılyığan kombaynların optimal dislokasiyası və taxılın yetişmə vaxtına uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə təşkil edilmişdir".

Nazir qeyd edib ki, cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur: "Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olmuşdur. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı verdiyiniz tapşırığın əhəmiyyəti bu faktlardan sonra daha aktual xarakter almışdır.
Onu da qeyd edək ki, bu mövsümdə iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olmuşdur. "FAO ərzaq qiyməti indeksinə", eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır".

Nazirin sözlərinə görə, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə hesabat dövrü ərzində "Aqrolizinq" ASC tərəfindən 2000 başa yaxın iri buynuzlu cins damazlıq heyvanın və 700 başdan artıq keçinin respublikaya gətirilərək 50 faiz güzəştlə lizinqə verilməsi təmin edilmişdir: "Son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən müxtəlif ətlik-südlük heyvanların gətirilərək lizinq yolu ilə güzəştli şərtlərlə satılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynamağa başlamışdır. Ötən ay imzaladığınız "Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamınız da bu baxımdan müstəsna əhəmiyyətə malikdir və bu sahədə xüsusi canlanmaya səbəb olacaqdır.
Dünya təcrübəsində bu prosesi daha da sürətləndirmək məqsədilə paralel olaraq süni mayalanma və embrion köçürməsi təcrübəsindən də geniş istifadə edilir və aparılan müşahidələr bu üsulun daha ucuz olduğunu göstərir. Məhz bu səbəbdən ölkəmizdə də bu üsullara geniş tələbat yaranmışdır. Ona görə də respublikada bu işin beynəlxalq standartlara uyğun təşkili üçün verdiyiniz Sərəncam heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, məhsuldarlığın artırılmasına mühüm töhfə və daha bir dövlət qayğısıdır.
Məlumat üçün məruzə edim ki, ayırdığınız həmin vəsait hesabına Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən quraşdırılması işinə başlamaq üçün Fransa və Almaniya mütəxəssisləri ilə apardığımız danışıqlar yekunlaşmaq ərəfəsindədir".

H.Əsədov bildirib ki, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında özəl mənbələrdən cəlb edilən investisiya qoyuluşu hesabına müasir tələblərə uyğun infrastruktur yaradılmış, fermerlərin öz məhsullarını burada heç bir maneə olmadan satmaları üçün müvafiq təşkilati işlərə nəzarət gücləndirilmişdir. Eyni zamanda, baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi məntəqələrinin və meyvə satışı mərkəzlərinin yaradılmasına başlanılmışdır: "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması haqqında tarixi qərarınızın icrasına başlanılmışdır. Belə ki, nazirliyin yeni strukturu hazırlanaraq təqdim edilmiş, yaradılacaq idarələrin yerləşdirilməsi məqsədilə 52 rayonun (şəhərin) bir çoxunda artıq tikinti işlərinə başlanılmışdır. Eyni zamanda, baytarlıq şəhərciyinin salınması, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati binası və laboratoriyalarının, eləcə də digər laboratoriyaların tikintisi sürətlə aparılır.
"Elektron kənd təsərrüfatı" sisteminin yaradılması barədə tapşırığınıza əsasən Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilmiş, texniki şərtlərin hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının "İnteqrasiya olunmuş Nəzarət Sisteminin" (IACS) prinsiplərinə əsaslanan və 3 alt moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin reyestri, habelə heyvanların identifikasiyası və qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı sahəsi üzrə real və dürüst məlumatların əldə edilməsinə imkan verəcəkdir. Eyni zamanda, "Aqrolizinq" ASC-nin, Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin və süni mayalanma işləri üzrə informasiya bazalarının elektron uçot sisteminə keçirilməsi işlərinə başlanılmış, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilmişdir".

Nazirin sözlərinə görə, Avropa İttifaqı tərəfindən cəlb edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası"nın layihəsi hazırlanmışdır. Layihə əksər beynəlxalq qurumların ekspertləri ilə müzakirə olunmuş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir: "Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul edilməsi ilə Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modelində yeni mərhələnin başlanğıcı üçün əsas yaranacaqdır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR