Pensiya kartlarından alış-verişdə istifadə ediləcək
Bizi izləyin

Ekopublika.az

Pensiya kartlarından alış-verişdə istifadə ediləcək

DSMF və ABB tərəfindən reallaşdırılan “Pensiya+” birgə layihəsinin təqdimatı keçirilib

Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən reallaşdırılan “Pensiya+” birgə layihəsinin təqdimatı keçirilib.

Publika.Az-ın xəbərinə görə, təqdimatda fondun sədri Elman Mehdiyev çıxış edərək bəyan edib ki, pensiyaçılar tərəfindən kartları yalnız pensiyaların nağdlaşdırılması üçün istifadə olunur:

“Lakin aydındır ki, bank kartı, o cümlədən pensiya kartının imkanları daha genişdir və bu imkanlar pensiyaçılar üçün daha rahat hesablaşmaq şəraiti yarada bilər”.

O, qeyd edib ki, «Pensiya+» layihəsinin əsas məqsədlərindən biri də pensiyaçılar tərəfindən nağdsız hesablaşmaların genişləndirilməsidir. Sözügedən layihə çərçivəsində ABB tərəfindən xidmət olunan pensiyaçıların kartlarına pensiyadan əlavə olaraq minimum 100 manat, maksimum isə pensiyanın bir misli məbləğində Azərbaycan Beynəlxalq Bankı tərəfindən faizsiz borc yükləniləcək. Lakin bu vəsaitlər yalnız nağdsız alış-verişdə Bankın tərəfdaşı olan ticarət və xidmət şəbəkələrində istifadə oluna bilər. İstifadə olunan vəsaitlər növbəti pensiya yüklənəndə silinəcək və bu limit yenidən istifadə oluna bilər.

Məlum olub ki, pensiyaçılar borc limitini aktivləşdirmək üçün Bankın ərazi filialına yaxınlaşmalıdır. Onu da qeyd edək ki, layihənin icrasına 2014-cü il fevralın 1-dən başlanacaq və ilk mərhələdə Bakının Nəsimi və Səbail rayonlarını əhatə edəcək. Tədricən layihənin əhatəsi genişləndiriləcək və ABB tərəfindən xidmət olunan bütün pensiyaçıları əhatə edəcək. Eyni zamanda layihədə iştirak edən ticarət və xidmət şəbəkələrinin sayı və dairəsi genişləndiriləcək.

Hazırda bu siyahıda bir sıra supermarket, apteklər, tibb müəssisələri yer alıb. Qeyd edək ki, DSMF və ABB rəhbərliyinin fikrincə, bu layihənin reallaşdırılması ölkədə nağdsız hesablaşmaların inkişafına dəstək olacaq.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm