• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Özünü xərçəngdən xilas edən hotellər kralı - Fotolar

Özünü xərçəngdən xilas edən hotellər kralı - Fotolar

Dünyanın ən böyük otel şəbəkəsi sayılır. Yaradıcısı adi bir fermerin oğludur. Müəyyən vaxtlarda missionerlik edib, qoyun, alt paltarı, qazlı su satıb. Təyyarələrdə yemək xidmətini kəşf edib. Nəhayət, ilk otelini tikərək sektora fərqli mədəniyyət gətirib. Söhbət “Marriott” otellər şəbəkəsinin banisindən gedir.

Publika.az “Qonağım ol” layihəsi çərçivəsində dünya üzrə brend otellərin yaradıcılarının həyat tarixçəsini təqdim edir.

Fermer oğlu

“Marriott” otellər şəbəkəsinin yaradıcısı Con Villard Marriottdur. O, 1900-cü il sentyabrın 17-də dünyaya göz açıb. Atası adi fermer olub. Özündən başqa 7 bacı-qardaşı olan Conun ailəsi daşıdıqları Marmons soyadının dini icmanın şərəfinə Marriottla əvəz ediblər.

Con Villard Marriott öz iş təcrübəsinə uşaqlıqdan – 13 yaşından başlayıb. Belə ki, şəkər çuğunduru əkib, mal-qara otarırmış. Çox sonralar o, həmin günləri belə xatırlayırdı: “Atam mənə kişi məsuliyyəti hissini öyrətdi. Fermanın əkin üçün istifadə edilməyən hissəsində kahı əkdim. Şəxsən özüm məhsulumu yarmarkaya aparıb orada satdım. İlk qazancım 2000 dollar idi. Pulu gətirib atama verdim. Növbəti il o, mənə daha ciddi iş etibar etdi: 3000 qoyunu qaçaqmalçılıq yolu ilə San Fransiskoya aparmalıydım. 14 yaşım olsa da, bu çətin işin öhdəsindən gələ bildim”.

Missionerlik

Fermadakı uğurlarına rəğmən, Con Villard Marriott bu həyatın – torpaq işinin onluq olmadığını anlayır. Missionerliyə başlayır. İki il müddətində dini missiyası ilə bağlı bütün ölkə ərazisini gəzir. 1921-ci ildə bu fəaliyyətini başa vurur. Yüksək dərəcəli diplom almaq niyyətiylə evlərinə qayıdır. Kolleci bitirir, universitetə qabul olur. Bu vaxt ərzində işgüzarlığından da qalmır, hər işin qulpundan yapışır. Məsələn, dəmir уolu çəkənlərə alt paltarı satır, fermada işləyir və s. Nəhayət, gün yetişir və universiteti bitirir. Öz şəxsi biznesini qurmaq ümidi ilə birbaşa paytaxta üz tutur.

Sərinləşdirici içkilər satır

Hələ missionerlik fəaliyyəti dövründə Villard Marriott Vaşinqtonda səfərdəykən yay fəslində şəhərin sərinləşdirici içkilər üçün ideal bazar olduğunu anlayır. Universiteti bitirib, iş qurmağa həvəsləndiyi vaxtda bu ideyanı reallaşdırmağın zamanı çatmışdı. Marriott ortaqları ilə 6 min dollar kredit götürüb obyekt kirayələyir, lazımi texnikaları alır. 1927-ci il mayın 2-dən “Amerika kvası”nın satışını həyata keçirən ilk dükanını, daha doğrusu, küçə köşkünü açır. Biznes proqnozlaşdırıldığından da uğurlu alınır.

Elə həmin il qrup yoldaşı Elis Şiitslə ailə həyatı qurur. Yeri gəlmişkən, gələcəyin iş adamının bəxti burada da gətirir. Çünki Elis kifayət qədər imkanlı və əlaqələri olan ailənin qızı idi. Beləliklə, arvadının sayəsində Marriott nəinki öz ştatında, Vaşinqtonda da yaxşı əlaqələr qurur. Ərlə arvad 3000 dollar sərmayə ilə Vaşinqtonun 9 bölgəsində kafe açırlar. Obyektlərini “A&W Root Beer” adlandırırlar. Kafelərdə ilk əvvəl sərinləşdirici içkilər satılsa da, bir qədər sonra menyuya isti yeməklər də əlavə olunur. Bu səbəbdən, Marriott “A&W Root Beer”in adını dəyişib “The Hot Shoppe” qoyur.

Həkimlər ona bir il vaxt qoyur

“The Hot Shoppe”lar iş adamına elə də uğur gətirmir. Marriottun həyatında iki ağır hadisə baş verir. Birincisi, pulla bağlı olur. Belə ki, Nyu-York birjasında başlayan böhran və Böyük depressiya Marriottun da biznesini vurur. İş adamı 3 restoranını satmaq məcburiyyətində qalır. Düzdür, o, biznesdən geri çəkilmir və qısa müddətdə yeni ərazilərdə iki restoran açır.Amma biznesmen kifayət qədər pul itirir. İkinci bədbəxt hadisə həkimlərin Villardın limfa düyünlərində xərçəng aşkarlaması olur.

Hətta kəkimlər ona yarım il müddət qoyurlar. Maraqlıdır ki, iş adamı hind xalq təbabəti ilə özünü müalicə edib xəstəliyə qalib gəlir. Otellər kralı düz 85 il yaşında dünyaya vida edir.

Təyyarələrdə yemək xidmətini yaradır

1937-ci ilin payızında Villard Marriott yaxınlıqdakı hava limanından kafeyə gələnlərin daha çox sendiviç və kofe sifariş verdiklərini sezir. Fürsəti qaçırmayan bacarıqlı iş adamı hava şirkətləri ilə təyarədə bu qidaların verilməsi istiqamətində danışıqlara başlayır. Xidmət kifayət qədər gəlirli olduğundan Marriott tezliklə üç aviaşirkətlə - “Eastern American”, “United” və “Capital Airlines”la müqavilə bağlayır. Yeri gəlmişkən, Marriotlar təyarələrdə bu xidməti həyata keçirən ilk şirkət olur. İşlər o qədər böyüyür ki, 5 il sonra “Hot Shoppe” şirkəti ictimailəşdirilir. Səhmlərinin birinci emissiyası 10,25 dollar təşkil edir.

İlk hotel

1957-ci ildə Villard və Elis dünyanın ən böyük motelini açırlar. 365 otaqdan ibarət motel “Twin-Bridges Marriott Motor Hotel” adlandırılır. Nəzərə çatdıraq ki, hotelin bütün nömrələrində televizor və kondisioner quraşdırılır. Motelin ərazisində “Hot Shoppe” restoranı, bərbərxana, yanacaqdoldurma stansiyası, universal dükanlar, hovuz, istirahət zonası, avtomobil dayanacaqları yaradılır. Bütün bu xidmətlər daxil oteldə bir gecənin qiyməti 9 dollar təşkil edirdi. Bu arada onu da qeyd edək ki, iş adamı “Marriott” otelinə rəhbərliyi 24 yaşlı oğlu Con Villard Marriotta həvalə edir.

1967-ci ildə Villard öz şirkətini ailə familiyasına uyğun “Marriott Corp” adlandırır. 1969-cu ildə şirkət Akapulkadan “Paraiso” hotelini açmaqla beynəlxalq bazara çıxır. 1975-ci ildə isə Marriottlar Amsterdamda hotel açırlar. Növbəti il şirkət daha da sürətlə inkişaf edir. Yeni otellər açır, brend yaradır, xidmət sahəsində fəaliyyətini artırır.

Fərqli françayzinq xidməti

Ötən layihəmizdə Konrad Hiltonun hotel biznesində françayzinqin banisi olduğunu qeyd etmişdik. Hiltondan fərqli olaraq, Marriott adını kirayə verməyi sevmirdi. O, situasiyaya nəzarəti itirməkdən, şirkətinin imicinin zədələnməsindən qorxurdu. Buna görə də, ilk vaxtlar otellərinin françayzinqini yaratdığı adla vermirdi. Bazardakı ortaq hotellər “Marriott Inns” brendi altında fəaliyyət göstərirdi. Hətta françayzinq obyektlər xarici görünüş baxımından da “Marriott” otellərindən fərqlənirdi. 1978-ci ilədək belə davam edir. Göstərilən tarixdən etibarən şirkət özü otel tikib satmağa başlayır. Bu o şərtlə edilirdi ki, otelin idarəçiliyinə Marriottlar nəzarət edirdilər. Villard Marriott belə deyirdi: “Əgər özümüz otel tikib, onu satıb, uzun müddətli idarə müqavilə imzalaya biləriksə, niyə gözləməliyik ki, kimsə otel tikib idarəsini bizə həvalə etsin? Bal zalı tikib, orkestr kirayələmək mümkündürsə, niyə kiminsə səni dansa dəvət etməsini gözləməlisən?!”.

Bu məntiqlə, Marriottlar 1980-ci ildə hər il hotel tikintisinə 1 milyard dollar xərcləyirlər. Artıq 1989-cu ildə hər həftə yeni bir otelin acılışı baş tutur.

“Marriott” hotelləri bu gün

1985-ci ildə əfsanəvi iş adamı vəfat edir. Ailə biznesinin başına oğlu oğlu Con Villard Marriott keçir. 1993-cü ilə “Marriott Corp” iki yerə - “Marriott International” və “Host Marriott Corporation” ( hazırda “Host Hotels & Resorts”) bölünür. Son rəqəmlərə görə, “Marriott International” şirkətinin ABŞ-da və dünyanın 74 ölkəsində “Marriott” brendi altında 3800 hoteli fəaliyyət göstərir. Bütün bu hotellərdə otaqların ümumi sayı cəmi 666 mindir. Bildirək ki, “Marriott International” hotel sektorunda payını artırmaqda davam edir. Mehmanxana şirkəti olan “Ritz-Carlton”nun səhmlərinin 49 faizi, eləcə də “Renaissance Group” brendi ona məxsusdur. Hazırda şirkət 16 ayrı brendə malikdir. Bura aşağıdakılar daxildir:

Marriott Hotels & Resorts

JW Marriott Hotels & Resorts

Renaissance Hotels & Resorts

Courtyard by Marriott

Residence Inn by Marriott

Fairfield Inn by Marriott

Marriott Conference Centers

TownePlace Suites by Marriott

SpringHill Suites by Marriott

Marriott Vacation Club International

Horizons by Marriott

The Ritz-Carlton Hotel Company, L.L.C.

The Ritz-Carlton Club

Marriott ExecuStay

Marriott Executive Apartments

Marriott Grand Residence Club

Onu da qeyd edək ki, 2012-ci ildə şirkətin dövriyyəsi 11.814 milyard dollar olub. İşçilərinin sayı isə 127 min nəfər təşkil edib.

Marriottun həyat fəlsəfəsi insan kimi

Con Villard Marriott ömrünün sonunadək mormon kilsəsinə maddi kömək edib. O, Vaşinqtonda mormon ehramının, eləcə də universitetin tikintisinə milyonlar xərcləyib. İş adamı həmçinin Amerikada keçirilən iki prezident seçkisinin inaqurasiya komitəsinə rəhbərliyi həyata keçirib. Prezident Niksonun xahişi ilə 1970-ci ildə Amerikanın Şərəf Gününü təşkil edib. Hotel maqnatı ad günündən 4 gün əvvəl – 1985-ci il avqustun 13-də ürək tutmasından dünyasını dəyişib. Özündən sonra ailəsinə milyardlar buraxıb, Amerikaya böyük töhfələr verib. Ölümündən əvvəl onun jurnalistlərlə öz həyat fəlsəfəsi ilə bağlı söylədikləri isə aforizmə çevrilib: “İnsan həmişə yaradıcı olaraq qalmalıdır. Hər bir şeydə iştirak etməli, özü ilə hesablaşmalıdır. Boşuna yaşamaq lazım deyil. Özündən sonra işıq buraxmalısan”.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR