• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Özünü “tənha canavar” adlandıran azərbaycanlı iş adamı

Özünü “tənha canavar” adlandıran azərbaycanlı iş adamı

Onun adı gündəmə dünyanın ən böyük ekspedisiya yaxtası “Luna”nı almasıyla gəldi. Bir zamanlar bu yaxta məşhur milyarder Roman Abramoviçə məxsus idi. Düzdür, hələlik, yaxtanın neçəyə başa gəldiyi məlum deyil. Lakin Almaniyanın “Lloyd Werft” şirkətinin istehsalı olan 115 metr uzunluqda bu yaxtanı, doğrudan da, gözəlliyinə görə “ceyran” adlandırmaq olar. Belə ki, o, iki vertolyot meydançasına, rabitə qülləsinə və hovuza malikdir. Alıcıya gəlincə, bu şəxs vaxtıilə Rusiyanın ən böyük qaz hasilatı şirkəti olmuş “Nortqaz”ın sahibi, Krasnodar vilayətinin keçmiş senatoru olan Fərhad Əhmədovdur.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində azərbaycanlı milyarder, Rusiyanın məşhur iş adamı Fərhad Əhmədovu təqdim edir.

“Cibimdəki 48 rubldan başqa heç nəyim yox idi”

Fərhad Əhmədov 1955-ci il sentyabrın 15-də Bakıda doğulub. Atası Teymur Əhmədov Göyçayda zavod direktoru olub. İqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Rusiya mətbuatının yazdığına görə, 1969-cu ildə məhkəmə T.Əhmədov barəsində əmlakını müsadirə etməklə bərabər ölüm hökmü (güllələnmə) qərarı çıxarıb. İş icraya yönəldilib, üstəlik, gələcək iş adamının böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulub. Atasını itirən Fərhad məktəbi yarımçıq buraxaraq 15 yaşında (1970-ci ildə) Moskvaya üz tutub. Orada 85 saylı texnikumda qaynaqçı-montajçı ixtisasına yiyələnib. Texnikumu bitirdikdən sonra 1975-1977-ci illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib. Xidmətdən qayıdıb Skryabin adına Moskva Baytarlıq Akademiyasına daxil olub. Burada əmtəə və əmtəəşünaslıq ixtisasına yiyələnib: “15 yaşından Bakıdan getdim, cibimdə 48 rubldan başqa heç nəyim yox idi. Sonra iki il dəniz piyada qüvvələrində hərbi xidmət keçdim. Evə dedim ki, mənə bir qəpik də pul göndərməyin, heç şəkərbura da, nar da göndərməyin, vəssalam, yalnız özüm... Çünki insan psixologiyası belədir ki, havayı gələndə düşünür ki, elə həmişə belə olmalıdır. Əgər Moskvada hansısa azərbaycanlı öz dilini, doğrudan da, öyrənmək istəyirsə, buna imkan tapacaq. Mən ingilis dilini öyrənmək istəyirdim, öyrəndim. Rus dilini bilmirdim, onu da özüm öyrəndim. Yaşamaq, var olmaq sistemi belə olmalıdır. İnsana yaxşılıq etmək istəyirsənsə, gərək ona balıq tutmaq öyrədəsən, ona hazır balıq yeməyi öyrətmək və ya balıq yedirtmək düzgün deyil”.

Əvvəlcə xəz, sonra neft satır

F.Əliyevin rəsmi bioqrafiyasına görə, o, 1986-1994-cü illərdə Böyük Britaniyanın neft və qaz yataqlarının texnologiyası, onların işlənib hazırlanması ilə məşğul olan şirkətdə çalışıb. Lakin qeyri-rəsmi mənbələr həmin müddətdə onun xəz alveri ilə məşğul olduğunu iddia edir. Bildirilir ki, bu sahədə böyük biliyə malik F.Əhmədov İngiltərədə yaşadığı ilk iki il müddətində aktiv şəkildə xəz alveri ilə məşğul olub. Lakin çox keçmədən o, “ağ qızıldan” “qara qızıla” keçid edir. “Tansley Trading Limited” adlı şirkətdə işə düzəlir. Məlumat üçün qeyd edək ki, bu şirkət vasitəsiylə SSRİ neft məhsullarının ixracı həyata keçirilirdi. Ümumiyyətlə, “Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Qərbin iri neft şirkətləri arasında vasitəçi rolunu oynayırdı. Bu biznesdə onun əsas tərəfdaşı isə “Qazprom” şirkəti idi.

Yeri gəlmişkən, F.Əhmədov 1989-cu ildə həm də Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, “Amoco Euroasia” və “McDermott” şirkətlərini cəlb edir. 1991-ci ildə SSRİ-nin süqutu onun üçün yeni imkanlar açır. “Tansley Trading” şirkəti “Qazpromun” törəmə müəssisələrini idxal avadanlıqları ilə təmin etməyə başlayır. Həmin vaxt keçmiş təsərrüfat əlaqələri dağıdıldığından "Qazprom" həvəslə əməkdaşlığa gedirdi.

“Nortqaz”ın əldə edilməsi

“Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında “Qazprom”un inhisarına qarşı dayanır. Bəs Əhmədov “Nortqaz”ı necə əldə etmişdi?

Bu şirkət 1993-cü ildə 353 milyard kubmetr qaz ehtiyatına malik perspektivli Şimal-Urenqoy yataqlarının işlənməsi üçün yaradılıb. İlk vaxtlar “Nortqaz”ın səhmlərinin 44 faizi “Bechtel Energy”yə (ABŞ), 51 faizi "Urenqoygazprom"a ("Qazprom"un əsas istehsal vahidi) , 5 faizi isə “Tansley”ə məxsus olub. Elə həmin ildən F.Əhmədov "Nortqaz"ın Direktorlar şurasının üzvü seçilib. 1996-cı ildə amerikalıların səhmlərini satışa çıxarması ilə şirkətin tam hüquqlu sahibinə çevrilməsi üçün ona yol açılıb. Yazılanlara əsasən, amerikalılar ümumiyyətlə Rusiyada qaz biznesindən peşman olduqlarına görə paylarını satışa çıxarırdılar. Çünki heç kəs qaz üçün nəqd pul ödəmirdi. İxrac "Qazprom"un inhisarında idi, seçkilərlə əlaqədar siyasi vəziyyət yaxşı deyildi və s. Ona görə də "Bechtel" "Nortqaz"dakı səhmlərini satmaq məcburiyyətində qalır. Fərhad Əhmədovun “Farko Qrup Limited” şirkəti (həmin vaxt artıq bir neçə il idi ki fəaliyyət göstərirdi) amerikalıların payını sərfəli qiymətlə satın alır. Bir müddət sonra “Tansley”in səhmləri də “Farko Qrupp” a verilir. F.Əhmədov artıq şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayır. Deyilənlərə görə, o illərdə Fərhad Əhmədovun ümumi biznesinin dövriyyəsi 10 milyon dollarla ölçülürmüş. O, heç də Rusiyanın fond bazarından pis qazanmırmış.

“Qazprom”la problem

“Nortqaz”uzun illər fəaliyyətini tam şəkildə icra edə bilmir. Hətta 1999-cu ilin payızında Ekologiya Nazirliyi "Nortqaz"ın lisenziyasını geri götürmək məsələsini qaldırır. Əslində bu vəziyyət "Qazprom"un yataqların istismarına investisiya qoymaması və kreditlərə zəmanət durmaması səbəbindən yaranır. Məhz həmin vaxt Əhmədov öz vəsaiti hesabına "Nortqaz"ı dirçəltmək qərarına gəlir. Avadanlıqlar alır, borcları və büdcə xərclərini ödəyir. Yataqların işlənməsi üçün 200-dən çox əməkdaş işə götürür. Nəhayət, 2001-ci ildən “Nortqaz” istehsala start verir. Bununla da mətaha minir. “Qazprom” “Nortqaz”a iddia etməyə başlayır.

Şirkətdəki investisiyasını 162 milyon dollar həcmində dəyərləndirən Əhmədovun özünün bu barədə dediyinə görə, nə qədər ki, "Nortqaz" qaz hasil etmirdi, "Qazprom" öz törəmə müəssisəsi ilə maraqlanmırdı: “Amma qaz hasilat başladıqldan iki ay sonra "Qazprom" "Nortqaz"ın menecmentini dəyişmək qərarına gəldi”. Təbii ki, “Qazprom”un bu iddiası Əhmədovun etirazı ilə qarşılanır.

"Bütün bunları kim qurubsa, o da idarə etməlidir" deyən iş adamı məkəməyə üz tutur. Məhkəmə çəkişmələri zamanı "Urenqoygazprom" "Nortqaz"ın aksiyalarındakı payını nəğd pulla ödəməkdən imtina etdiyindən həmin pay F.Əhmədovun digər ingilis şirkəti “REDI (UK) Limited” tərəfindən alınır. Bundan sonra, "Qazprom"un törəmə müəssisələrində nəzarət paketi əvəzində "Nortqaz"ın səhmlərinin cəmi 0,5 faizi həcmində qalır. F.Əhmədov şirkəti Açıq Səhmdar Cəmiyyətdən Qapalı Səhmdar Cəmiyyətə çevirir. 2004-cü ildə “Nortqaz”ın sahiblik sxemi açıqlanır. Bəlli olur ki, şirkətin səhmlərinin 100 faizi Əhmədov və ailəsinə məxsusdur. Nəhayət, 2005-ci ildə iş adamı təzyiqlərə dözməyərək “Nortqaz”ın əsas səhmlərini “Qazprom”a satır. Bu barədə "Qazprom"un idarə heyətinin sədr müavini Aleksandr Ananenkovla imzalanan müqaviləyə əsasən, "Qazprom" özünün müstəqil hasilat müəssisələri qrupu statusunu qazanan "Nortqaz"ın səhmlərinin 51 faizinə yenidən sahiblənir. Qərara alınır ki, "Nortqaz" istehsal etdiyi məhsulu "Qazprom"a dövlət tarifləri əsasında satsın. Yeri gəlmişkən, nəzarət paketini qaytardığı üçün F. Əhmədova pul kompensasiyası ödənilməsi müqavilədə nəzərdə tutulmur. Bununla belə, həmin vaxt F.Əhmədov barışığın daha sərfəli olduğunu düşünür. Çünki gözü dönmüş rus hökümətinin onun əlindən hər şeyi almağındansa, böyük layihədə 49 faiz paya sahib olması heç də az deyildi. Xüsusən, daşınmadan tutmuş satışadək hər şeyin "Qazprom"un inhisarında olduğu bir şəraitdə.

Hazırda varidatı

Hər şeyə rəğmən 2012-ci ilin noyabrında Fərhad Əhmədov “Nortqaz”da qalan səhmlərini, yəni 49 faizi “Novateka” şirkətinə 1.375 milyard dollara satır. Əldə etdiyi gəlirin bir hissəsini “Qazprom”, “Lukoyl”, “Sberbank” və “Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarının nəhənglərinin səhmlərinə yatırır. O həmçinin 55 milyon dollar investisiya qoyaraq bir zamanlar atasının işlədiyi zavodun - “Aznar”ın istehsalını bərpa edir.

“Forbes”in siyahısında

“Forbes” jurnalı 2005-ci ildən onun adını Rusiyanın varlı şəxslərinin siyahısına daxil edib. 2013-cü ildə onun sərvəti 1.3 milyard dollar, 2014-cü ildə isə 1.4 milyard dollar səviyyəsində qiymətləndirilib. Milyarderin şəxsi kolleksiyasına gəlincə, buraya sovet rəssamlarının 1960-ci illərdə sotsart janrında çəkdikləri rəsmlər daxildir. Onun rəsm kolleksiyasında təkcə Ayvazovskinin 24 əsəri var. Hobbisinə gəlincə, nərd oynamağı və ov etməyi sevir.

Ailəsi

Üç övlad sahibi olan F.Əhnədov həm də babadır. Özünün dediyinə görə, ailəsi çox zaman milli adət-ənənələrə riayət edir: “Həyat yoldaşım uşaqlarla məşğul olur, mənsə “təhcizatla”. 50 il əvvəldən belə razılığa gəlmişik. Uşaqlarım Böyük Britaniyada anadan olsalar da, Bakını çox sevirlər. Yeri gəlmişkən, kababı, dolmanı, plovu, bozbaşı məndən az xoşlamırlar. Həyat yoldaşım bu yeməkləri əla bişirir. Özüm də bu sahədə pis deyiləm. Xüsusilə spaqettini yaxşı hazırlayıram. Hər səfərimdən yeni reseptlər gətirirəm.

“Azərbaycan doğulduğum, Rusiya var olduğum, Böyük Britaniya isə inkişaf etdiyim ölkədir”.

Bunu da milyarder deyir: “Şərq mənə sakitliyi öyrətdi. Ən kritik anlarda belə daxili sakitliyimi qoruyub saxlayıram. Rusiya mədəniyyəti mənim üçün yeni sərhədlər açdı. Azərbaycanda heç vaxt ova getməmişdim, içməmişdim. Bunu etdim. Həyatda hər şey insanın özündən asılıdır. Qarşıma məqsəd qoyuram və ona çatıram”. O ki qaldı F.Əhmədovun uğurunun reseptinə, bu haqda belə söyləyir: “Ressept yoxdur. Günün 24 saatı işləyirəm. Hətta yuxuda belə. Yatağımda yastığı tez-tez çevirirəm. Çünki fikirləşməkdən başımın tempraturu yüksəlir. Yalnız ov edərkən dincəlirəm. Ovdan yenidən doğulmuş kimi qayıdıram. Təbiətcə biz yırtıcıyıq. Bütün insanlar. Əgər sən onu məhv etməsən, o səni edəcək. Bundan da belə nəticəyə gəlmək olar ki, bütün iş adamları yırtıcıdılar”.

Bu arada özünü “tənha canavar” adlandıran F.Əhmədov biznesdə dostu olmadığını deyir: “Uşaq vaxtı ən sevimli kitabım Cek Londonun “Dəniz Canavarı”əsəri idi. Özüm də tənha canavaram. Heç vaxt biznesdə tərəfdaşım olmayıb”.

“Siz xoşbəxt insansınız” sualına isə o belə cavab verir: “Birmənalı!”. Hər şeyi itirəcəyi halda peşmançılıq yaşayıb-yaşamayacağına gəlincə, bu haqda düşünmədiyini söyləyir: “Düşünmürəm, bu baş versin. Atma həmişə deyirdi: “Pul olsa da, olmasa da heç vaxt dəyişməməlisən””.

Milyarder həmkarları haqqında

“Telman çox bacarıqlı oğlandır. Onun Türkiyədə tikdirdiyi otel də həm özünün, həm də Azərbaycanın adına layiqdir. O, şəxsiyyətdir, həm də böyük şəxsiyyətdir, Azərbaycan xalqının fəxridir. Yeri gəlmişkən, o da göyçaylıdır, orada anadan olub. Vaxtilə bizim atalarımız dostluq ediblər. O ki qaldı Telmana nə üçün problem yaratmalarına, əgər oyun qaydaları hamı üçün eyni olsaydı, onu istisna etməzdilər. İndiki halda oyun qaydaları hamı üçün eyni deyil, yəni Telmanın bazarı kimi bazarlar, bəlkə də ondan daha pisi fəaliyyətlərini davam etdirir, işləyir. Bəs niyə ona problem yaratdılar? Mən indi bunun səbəbləri haqda danışmaq istəmirəm. Ancaq bir şeyi deyə bilərdim ki, paxıllıq! Telman dahidir, o fikirləşdi və Türkiyədə bu cür bina tikdi. Telman kimi, “Krokus Siti”ni yaradan Araz Ağalarov kimi, İsgəndər Xəlilov kimi oğlanlar bizim milli sərvətimizdir. Bu cür insanlar layiq olduqları qiymətlərini almalıdır. Çünki öz zəhmətləri ilə qazanıblar, bəzi məmurlar, onların övladları kimi pulu asan yolla əldə etməyiblər”.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR