• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ay uçan rubllar

Ay uçan rubllar

Yola saldığımız həftə Rusiya-Ukrayna qarşıdurması yenidən alovlandı. ABŞ rəhbərliyi birinciyə qarşı sanksiyalarına “əlavə düzəlişlər” etdi. Nəticədə yeni sanksiyalar təkcə Vladimir Putinin yaxın ətrafını deyil, bankları, enerji və müdafiə şirkətlərini hədəf aldı. Çin 7,5 faizlik iqtisadi artımla dünyaya meydan oxudu. Texnologiya sahəsinin nəhəngi “Microsoft” yenidən təşkilatlandığını əsas gətirərək 18 min işçisini ixtisar edəcəyini açıqladı. İki məşhur siqaret markası -“Reynolds” amerikalı rəqibi “Lorillard”ı 25 milyard dollara satın aldı. Malayziya Hava yollarına aid “Boing777” nin qəzaya uğraması aviabiletlərin qiymətinin qaldırılması məsələsini gündəmə gətirdi.

Başlayaq Malayziyadan. İndidən deyim, bilin, bu xəmir hələ çox su aparacaq. Ukrayna və Rusiya arasındakı böhran bitənə qədər hava yolu şirkətlərinin Avropa-Asiya qitələri arasındakı səfərlərdə istifadə etdiyi Ukrayna hava sahəsi bir müddət istifadə xaricində qalacaq. Beləliklə də, məsafə uzanacaq. Eyni zamanda, şirkətlərin gazyağı istehlakı artacaq, hava yolu şirkətlərinin sığorta mükafatları yüksələcək. Müştəriyə hesablanan qisimi isə biletlərin qiymətinə təsir edəcək. Ekspertlərin rəyinə görə, 25 ildə hava qəzalarının sayı ikiqat azalmışdı. Lakin bu nəticə hava yolu şirkətləri üçün çox kiçik təsəllidir. Şirkətlər o qədər çox problemlə qarşı-qarşıyadırlar ki, ən kiçik şok belə çöküşlərinə səbəb ola bilər”.

Bu arada Malayziya Hava Yollları təyyarəsinin qəzaya uğraması ən çox şirkəti və sərnişinləri sigortalayan “Allianza” sığorta şirkətinə baha başa gəlib.”Allianz” Malayziya Hava Yolllarına 100 milyon dollar təzminat ödəyəcək. Bu miqdara sərnişin sığortaları daxil deyil.

ABŞ rəhbərliyinin Rusiyaya istiqamətlənən yeni sanksiyalarıyla bağlı şərhlərin ardından Moskva Birjasında itkilər başladı. “Rosneft” və “Novatek”in hissələri Londorada 5 faiz gerilədi. Rusiyanın MICEX indeksi isə 3 faiz düşüb. Rublun məzənnəsində Rusiyanın Krıma etdiyi müdaxilədən bu yana ən böyük eniş qeydə alınıb. Rubl dollar qarşısında 1,5 faiz dəyərini itirib və bu 3 martdan sonra ən böyük itkisini yaşayıb. Rusiyanın CDS-i (ölkənin investisiya riski) 26 bal artaraq 209-a yüksəlib. Beləcə, ABŞ-ın qəbul etdiyi sanksiyalarla CDS son iki ayın ən yüksək səviyyəsinə qalxıb.

Onu qeyd edək ki, sanksiyalar “Rosneft”, “Gazprombank”, “Novatek”, “VEB” kimi Rusiyanın əhəmiyyətli enerji şirkətləri ilə bərabər bəzi böyük banklarını hədəf alır. ABŞ-ın yeni sanksiyalar siyahısında müdafiə sənayesini əhatə edən səkkiz şirkət də var. Onların arasında əfsanəfi marka “Kalaşnikof” və “Uralvaqonzavod” un adını çəkmək olar. Sanksiya siyahısında həmçinin Rusiyanın bir neçə məmurunun - dövlət dumasının vitse-spikeri Serqey Neverov, Krımın işləri üzrə naziri Oleq Savelyev, Rusiya Federasiyası prezidentinin köməkçisi İqor Şeqolev və sairin adına rast gəlmək olar.

Yeri gəlmişkən, sanksiyalar davamlı ola bilər. Çünki Obama qardaş bərk qəzəbləndiyindən önümüzdəki həftələrdə Putini daha sərt sanksiyaların gözlədiyi istisna edilmir.

Dünyanın ən böyük iqtisadi gücü olmağı iddia edən Çində iqtisadi artım sürətlənib. Belə ki, ölkə iqtisadiyyatı hökumətin 2014-cü il üçün qoyduğu hədəfi tutaraq, ikinci rübdə 7,5 faiz artıb. Düzdür, 2013-2012-ci illərdə bu rəqəm 7,7 faiz olub və ölkədə əsl nəhəng artım 10,4 faizlə 2010-cu ildə reallaşıb. Lakin Amerika və Avropanın 1 faiz artıma həsrət qaldığı zamanda 7,5 faiz aşağı rəqəm deyil. Qiymətləndirmələrə əsasən rəqəmlərdəki bu artım hökumətin daşınmaz əmlak bazarındakı enişi dayandırmaq üçün xərcləmələri sürətləndirməsindən sonra baş verib.

Çinin Statistika Təşkilatı isə bildirir ki, iqtisadiyyatları haqqında çox optimist deyillər. Hazırda iqtisadi vəziyyət çox qarışıqdır. Uzun müddətdir ənənəvi sənaye sistemimi adaptasiyası mövzusunda problem yaşayır. Hər an iqtisadiyyatın yavaşlama riskiylə qarşı-qarşıyadırlar.

İngiltərənin də dərdi az deyil. Bir müddət əvvəl daşınmaz əmlak bahadır və iqtisadiyyat üçün risk yaradır deyən hökümət indi də maliyyə bazarının “sələmçilərinə” qarşı savaş açıb. Konkret, Maliyyə Nazirliyi şirkətlərin maaşdan yüksək nisbətdə faizlə kredit verməmələri üçün tədbirlərə əl atıb. Bundan sonra qısa vədəli kreditlər üzrə faizlər gündəlik 0,8 faizdən yuxarı olmayacaq. Eyni zamanda kreditlərə ehtiyacı olan müştərilər ödəmələrini bir sonrakı maaşa qədər reallaşdıra biləcəklər. Yəni artıq hər hansı kredit şirkəti borcunu anında ödəyə bilməyən müştəriyə 19 avro cəza kəsməyəcək.

İş dünyası

Dünyanın ən varlı adamı olmaqla deyil ki. Bill Qeyts (“Microsoft”un rəhbəri) gələcək rübdə 18 min əməkdaşının işinə son verəcək. Beləliklə də, şirkət yeni qənaət planı çərçivəsində tarixinin ən böyük ixtisar siyasətini reallaşdıracaq.

Deyilənə görə, ilk mərhələdə 13 min adam çıxarılacaq. Onların böyük qisminə ən az 6 ay əvvəldən xəbər veriləcək. Şirkət öz şərhində işdən çıxarmaların səbəbini iş sisteminin sadələşməsi ilə əsaslandırıb. Lakin bu əməliyyat vergilərdən əvvəl şirkətə 1,1 və 1,6 milyard dollar arasında gəlir gətirəcək. Xatırladaq ki, “Microsoft” sonuncu dəfə 2009-cu ildə 5 min 800 işçisinin işinə son vermişdi.

Milyarder Rupert Murdoch Ginnesin Rekordlar Kitabına düşəcək təkliflə çıxış edib.

Belə ki, Rupert Murdocha aid media şirkəti “Twenty First Century Fox” digər media nəhəngi “Time Warner”i almaq üçün 80 milyard dollar irəli sürüb. “Time Warner” bu təklifi qəbul etməsə də, “Wall Street” birjasında hissələri 18 faiz dəyər qazanıb.

Qeyd edək ki, “Time Warner” “Warner Bros” studyolarının sahibi olmaqla birlikdə eyni zamanda CNN və HBO-ə də sahibdir.

Həftə ərzində siqaret sektorunun iki nəhəng adı da güclərini birləşdirməklə gündəm yaratdılar. “Reynolds” amerikalı rəqibi “Lorillard”ı 25 milyard dollara satın alıb.İki şirkətin səhmdarları arasında “Imperial Tobacco” və “British American Tobacco” kimi nəhəng adlar da var. Analitiklərə görə, “Reynolds” və “Lorillard”ın birləşməyə getməsi ABŞ-da sektorun 1 nömrəli adı “Altrianı” (Marlboro) narahat edib. Xatırladaq ki, “Altria” Amerika siqaret bazarının 46, “Reynolds” 24,”Lorillard” 12 faizinə sahib.

“Camel” və “Pall Mall” kimi markaların daxil olduğu “Reynolds” “Lorillard”ın hissələrinin hər birinə 68,88 dollar təklif edib.

Amerikada siqaret istehlakının 4 faiz azalmasına baxmayaraq, ölkə hələ də Çindən sonra tütün məhsullarının satıldığı qazanclı və ən geniş bazar olmaqda davam edir. ABŞ-da siqaret bazarı 90 milyard dollar gəlir təmin edir.

Daha bir xəbər “Adidas” dandır. “Manchester United” klubunu bundan sonra “Adidas” geyindirəcək. Şirkətlə klub arasında 1.3 milyard dollarlıq 10 illik müqavilə imzalanıb. Razılaşma 2015-16-cı il mövsümündən qüvvəyə minəcək. Bu müqavilə “Manchester United”in büdcəsinə ildə 130 milyon dollar gəlir gətirəcək.

“Qırmızı Şeytanlar” 13 ildir ki, “Nike”dan geyinirdi. Bu arada “Qırmızı Şeytanlar”ın forma satışından “Adidas” 2 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Gəldik çatdıq öz ölkəmizə. Havaların isti keçməsi ölkənin iqtisadi sektoruna cavabdeh qurumlarının faydalı iş əmsalını mənfiyə doğru dəyişib. Hətta belə təəsürat yaranır ki, sözügedən təşkilatlar hamılıqla tətilə çıxıblar. Ölkədə yeganə banklar fəaliyyətdə qalıblar. Onlar da yüksək faizlə əhaliyə kredit verib pul qazanmaqla məşğuldular. Necə? Rəqəmlərə nəzər yetirək.

Dövlət Statistika Təşkilatının hesabatına görə, maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği iyun ayının 1-nə 16.6 milyard manata çatıb. Ötən ilin iyun ayının 1-nə nisbətən kreditlərin həcmi 23.8 faiz artıb. Verilən kreditlərin 13.0 milyard manatı uzunmüddətli olub. 905.0 milyon manatının ödəmə vaxtı keçib.

Bu yöndə daha bir tük ürpədən açıqlama Mərkəzi Bankdan gəlib. MB-nın nəzdindəki Mərkəzləşdirilmiş Kredit Reyestri bildirir ki, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin ilk yarım ili ərzində müraciətlərin sayı 1,7 dəfə artıb. MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2,38 milyon nəfərə, kredit məlumatlarının sayı isə 7,7 milyona çatıb.

Bu ilin yanvar-iyununda Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə daşınması və Ceyhan terminalında yüklənməsində azalma müşahidə edilib.Dövlət Neft Şirkətinin sayğaclarını nəzərə alsaq 2014-cü ilin I yarısında BTC boru kəməri ilə 14 mln. 543,14 min ton Azərbaycan nefti nəql edilib. Bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 4,2% azdır.

2014-cü ilin iyun ayında BTC boru kəməri ilə 2 mln. 343,834 min ton neft nəql olunub. 2013-cü ilin iyununda bu göstərici 2 mln. 544 min 149 ton idi.Ümumilikdə, BTC kəməri istismara verildiyi vaxtdan (28 may 2006-cı il) cari ilin iyul ayının 1-nə qədər) onunla 249 mln. 684,733 min ton neft nəql olunub.

Cari ilin iyununda Ceyhan neft terminalından bazarlara 2 mln. 579,385 min ton Azərbaycan nefti yüklənib. 2013-cü ilin iyununda isə bu göstərici 2 mln. 572,744 ton olmuşdu. Yanvar-iyun aylarında terminaldan 14 mln. 282,527 min ton neft nəql edilib (2013-cü ilin birinci yarısı ilə müqayisədə azalma 4,8%). Ümumilikdə Ceyhandan yükləmələr başlayan vaxtdan (4 iyun 2006-cı il) 247 mln. 426,441 min ton Azərbaycan nefti bazarlara yola salınıb.

Xatırladaq ki, BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30.1%); SOCAR (25%); “Chevron” (8.9%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5%); “Itochu” (3.4%); “ConocoPhillips” (2.5%); INPEX (2.5%); “Total” (5%) və “ONGC” (2.36%) “ şirkətləridir.

“Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) 1995-2013-cü illərdə “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” yataqları və “Cənubi Qafqaz Borukəməri” layihəsinə əsaslı xərclərinin ümumi həcmi 43,1 mlrd. dollar təşkil edib”. Bunu da “BP-Azerbaijan” şirkətindən öz hesabatında qeyd edib. Onu da bildirib ki, 1997-2013-cü illər ərzində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağında neft və kondensat hasilatı cəmi 2,3 mlrd. bareldən çox, o cümlədən 2013-cü ildə təxminən 239,2 mln. barel, “Şahdəniz”dən kondensat 2006-2013-cü illərdə təqribən 99,5 mln. barel və 2013-cü ildə 19,6 mln. bareldən çox olub.

“Şahdəniz” yatağından 2006-2013-cü illərdə təqribən 47,3 mlrd. kubmetr, o cümlədən 2013-cü ildə 9,8 mlrd. kubmetrdən çox qaz hasil edilib.

Fond birjalar, neftin qiyməti

Birjalara gəlincə, həftə istər fond bazarında, istərsə də əmtəə birjasında azalma ilə başladı. Həftənin sonu fond bazarı sabitləşdi. Neftin qiyməti isə özünə gəlmədi.

18 iyula olan məlumata görə, ABŞ fond bazarında Dow Jones indeksi 0,73% - 17 100,18 bəndədək, S&P 500 1,03% - 1 978,22 bəndədək, NASDAQ 1,57% - 4 432,15 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17% - 6 749,45 bəndədək, Fransa CAC-40-ı isə 0,44% - 4 335,31 bəndədək artım nümayiş olunub. Almaniya DAX-ı isə 0,35% - 9 720,02 bəndədək azalıb.

COMEX-də qızılın qiyməti dəyişməyib və qiymətli metalın bir unsiyasının dəyəri 1311,00 dollara bərabər təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyərində dəyişiklik qeydə alınmayıb. WTI neftinin qiyməti 1 barelə görə 103,13 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar ucuzlaşaraq 107,24 dollar olub.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR