Harvard tələbələrinin yaratdığı otel brendi
Bizi izləyin

Ekopublika.az

Harvard tələbələrinin yaratdığı otel brendi

Otel sənayesinə gətirdiyi yeni texnologiyalarla tarixə düşüb. Dünyanın 70-də çox ölkəsində 400-ə yaxın bu adda otel var. Dörd-beş ulduzla qiymətləndirilən otellər şəbəkəsi "Hilton","Marriott" kimi bazarın klassikləri ilə rəqabət aparır. Söhbət Harvardın məzunları tərəfindən yaradılan "Sheraton" otellər şəbəkəsindən gedir.

Publika.az "Qonağım ol" layihəsi çərçivəsində dünya üzrə brend otelin yaranma tarixçəşini təqdim edir.

Harvardın məzunları tərəfindən yaradılır

"Sheraton" 1937-ci ildə Harvardın məzunları olan Ernest Henderson və Robert Mur tərəfdən yaradılıb. Onlar ilk otellərini Sprinqfilddə açırlar. İki il ərzində Bostonda daha üç otelə sahib olurlar. Getdikcə ortaqlar bizneslərini Amerikanın şərq sahillərinə doğru genişləndirirlər. Şəbəkənin adını isə ilk aldıqları otelin adına uyğun "Sheraton" qoyurlar. Hərçənd, ad dəyişikliyinə getmək ortaqlar üçün rentabelli deyildi.

1947-ci ildə "Sheraton Corporation of America"nın səhmləri Nyu-Yorkun fond birjasında qeydiyyata alınır. Yeri gəlmişkən, "Sheraton" – otel şəbəkələri arasında səhmləri birjada dövr edən ilk şirkət olur. 1949-cu ildə Kanadada daha iki otel açır. Beləliklə, "Sheraton" beynəlxalq arenaya çıxır. 1965-ci ildə artıq şəbəkənin 100-ə yaxın oteli fəaliyyət göstərir. 1968-ci ildə otel şəbəkəsi ITT Holdinq tərəfindən alınır. Hələ də şəbəkə "ITT Sheraton" adlanır.

Otel sənayesinə bron sistemini gətirir

"Sheraton" otel sənayesinə yeni texnologiyaları gətirir. Belə ki, o, dünyada nömrələrin elektron bron edilməsini reallaşdıran ilk otellər şəbəkəsi olur. Bununla belə, "Sheraton Corporation of America" uğurunun pik həddinə 1985-ci ildə çatır. Dövlət mehmanxanası olan "Böyük Sədd Oteli"ni satın alır və Çində otel açan ilk qərb müəssisəsi olur. 1994-cü ildə "ITT Sheraton" italyan şəbəkəsi olan "CIGA"nın (Compagnia Italiana Grandi Alberghi) səhmlərini əldə edir. Beləliklə, Avropa bazarına giriş qazanır. 1995-ci ildə şirkət yeni otel brendini – "Four Points"i yaradır.

"Starwood® Hotels & Resorts Worldwide, Inc"ə satılır

1998-ci ildə "Sheraton" "Starwood® Hotels & Resorts Worldwide, Inc" tərəfindən satın alınır. Bu arada yazılanlara görə, şirkət bu alqı-satqı əməliyyatına həddən artıq yüksək məbləğ xərcləyir. Hətta "Sheraton"u almaq istəyən "Hilton"dan da yüksək məbləğ təklif edir. Bu əməliyyatdan sonra "Sheraton"dünyada ən böyük otel nəhənglərindən biri olur. Qeyd edək ki, "Starwood® Hotels & Resorts Worldwide, Inc" dünyanın 100-dən çox ölkəsində 1025 mülkə sahibdir. "Sheraton" dan başqa, qrupa "Westin", "Four Points by Sheraton", "The Luxury Collection", "W Hotels", "St. Regis", "Le Méridien", Aloft, a Vision of W Hotels, "Element by Westin" kimi məşhur otellər daxildir. Şirkətin 2013-cü ildə gəlirləri 6.115.0 milyon, əməliyyat gəlirləri 925.0 milyon, xalis gəliri 635.0 milyon, cəmi aktivləri 8.762.0 milyon, cəmi kapitalı 3.363.0 milyon, əməkdaşlarının sayı 181.400 nəfət təşkil edib.

"Sheraton"nun özünün 70-dən çox ölkədə 400 oteli fəaliyyət göstərir.

Yaradıcılar haqqında

Nəzərə çatdıraq ki, "Sheraton"nun yaradıcıları kimi Ernest Henderson və Robert Murun adları göstərilir. Lakin bəzi mənbələrdə bu siyahıya Ernestin qardaşı Corc da əlavə olunur. Deyilənlərə görə, sözügedən bu üç nəfər Harvard Universitetində eyni fakültədə oxuyublar. 1910-cu ildə universiteti bitirdikdən sonra özlərini biznesin bir çox sahələrində sınayıblar. Məsələn, "Ford Model-T" avtomobilləri, radio yığıb, alman çoban itlərinin ixracı ilə məşğul olublar. Fond bazarlarının iflasından sonra ortaqlar qiymətli kağızlar bazarına müraciət ediblər. İlk əvvəl həddən artıq ucuz qiymətə "Beacon Participations"ın səhm payını satın alıblar. Növbəti mərhələdə isə bir çox səhmdarların çəkinəcəyi riskə gedib müflis olmuş müəssisələrin səhmlərini alaraq onları bir şirkətin damının altında birləşdiriblər.

Nəticədə, "Sheraton Corporation of America" yaranıb. Qrupun otel biznesinə necə daxil olmasına gəlincə, Hendersonlar hesab edirdilər ki, daşınmaz əmlak, hotelçilik Böyük Depresiyadan sonra ən tez dirçəldilə biləcək sahələrdir. Beləcə, 1893-ci ildə "Sheraton"oteli açılıb.

"Sheraton" françayzinqdirmi?

"Sheraton" digər otelləri kimi françayzinq əsasında fəaliyyət göstərir. Lakin otel "Starwood® Hotels & Resorts Worldwide"in özünün olur. "Sheraton" yaxın keçmişdə 6 milyard dollarlıq qlobal yeniləmə əməliyyatını tamamlayıb. Önümüzdəki üç il ərzində 5 milyard dollarlıq qlobal genişləmə layihəsini icra edəcək və 60-a yaxın "Sheraton" hoteli açılacaq.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm