Rusiyanın 50 milyard ödəyəcəyi Xodorkovski kimdir?
Bizi izləyin

Ekopublika.az

Rusiyanın 50 milyard ödəyəcəyi Xodorkovski kimdir?

Ötən həftənin ən səs-küylü hadisələrindən biri Beynəlxalq Arbitraj Məhkəməsinin vaxtilə dünyanın ən böyük neft şirkətlərindən olan “Yukos”un köhnə səhmdarlarına Rusiyanın 50 milyard dollar təzminat ödəmək barədə qərar çıxarması oldu. Məhkəmə həmçinin “Yukos”un özəlləşdirilməsi zamanı səhmdarların haqsızlığa uğradığını, şirkətin iflasa vadar edildiyini iddia etdi. Qərarda o da bildirilirdi ki, rus səlahiyyətliləri hüquq sistemində qanunsuzluğa gedərək şirkətin rəhbəri Mixail Xodorkovskinin həbsinə nail olublar. Onu da deyək ki, “Yukos”un iflasından sonra hissələrin çoxunu dövlətə aid “Rosneft” şirkəti almışdı. Hazırda Rusiya höküməti kimi “Rosneft”in də vəziyyəti yaxşı deyil. Prosesdən razı qalan yalnız bir zamanlar 15 milyard sərvəti olan Mixail Xodorkovskidir. Belə ki, 11 il həbs cəzası çəkən sabiq milyarder məhkəmənin qərarını "möcüzə" adlandırıb.

M.Xodorkovski kimdir?

Publika.az M.Xodorkovskinin həyat hekayəsini təqdim edir.

Ata yəhudi, ana rus

Xodorkovski 1963-cü il iyunun 26-da milliyyətcə qarışıq ailədə anadan olub. Anası Marina Xodorkovski, atası isə Boris Moiseeviç Xodorkovskidir. Mənbələrə görə, onun anası Rusiyanın əsil-nəcabətli ailələrinə məxsusdur, atası isə Polşa yəhudisidir. Xodorkovskilərin hər ikisi “Kalibr” zavodunda kimya mühəndisi işləyiblər. Ailəni zavoddan qazandıqları ilə dolandırıblar.

Əvvəlcə “müdir”, sonra “nəzəriyyəçi”

Mixail uşaq yaşlarından bacarığı, zəkası ilə yoldaşlarından fərqlənib. Buna görə də körpələr evində onu “müdir”, məktəbdə isə “nəzəriyyəçi” deyə çağırırlarmış. Orta məktəb illərində kimya, riyaziyyat, eləcə də texniki təcrübələrlə maraqlanıb. Bu sahədəki bilikləri o qədər dərinləşib ki, hətta üç kimya təmayüllü xüsusi məktəb belə dəyişib.

Kiçik yaşından yaranan pul sevgisi

M.Xodorkovski pul qazanmağa kiçik yaşlarından başlayıb. İlk vaxtlar əsasən cib xərcliyinə və həyata keçirdiyi eksperimentlər üçün reaktivləri almağa kifayət edəcək qədər pul qazanırmış. 1980-ci ildə orta məktəbi bitirdikdən bir il sonra D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutuna qəbul olunub. Ali təhsil aldığı müddətdə də işi buraxmayıb. İnstitutda tikinti heyətinin rəhbəri olan Mixail Xodorkovski qış tətilində Sibirə gedərək öncədən yayda işləməklə bağlı razılaşma əldə edirmiş.

1985-ci ilədək institutla paralel “Etalon” mənzil-tikinti kooperativində dülgər işləyib. Yeri gəlmişkən, bütün bunlar onun yaxşı oxumasına maneə yaratmayıb. İnstitutda keçirdiyi 5 il ərzində ən yaxşı tələbə olub. 1986-cı ildə Moskva Kimya Texnologiyaları İnstitutunu əla göstəricilərlə bitirərək mühəndis-texnoloq ixtisası üzrə diplom alıb. Bir müddət komsomolda katibin köməkçisi işləyib.

İlk böyük pullar

1987-ci ildə Sovet İttifaqında özəl müəssisələrin bəzi formaları yaranmağa başladıqda o da fürsətdən yararlanır. Belə ki, bir neçə yoldaşı ilə komsomol əlaqələrindən istifadə edib Sahələr arası Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzini (rusca-HTTM) yaradır. Mərkəz idxal və kompüter, cins, alkoqollu içkilərin (o cümlədən saxta konyakın) satışı ilə məşğul olur. Bütün bunlar o zaman yüksək gəlir gətirən biznes sahələri sayılırdı.

Bundan əlavə, həmin illərdə Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzindən fərqli olaraq, elmi tədqiqat institutlarının, zavodların özlərinin və ora dəvət olunmuş əməkdaşların kənar sifarişləri icra etməsi üçün birbaşa pul ödəmək hüquqları yox idi. Bu məhdudiyyəti aşmaq məqsədilə müəssisələr sifarişlərini Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzi vasitəsilə verməyə başlayırlar. Bunun üçün əvvəlcə 90 faiz komisyon ödəsələr də, tədricən sifarişlərin artması nəticəsində endirimlər tətbiq olunur. Xodorkovskinin özünün dediyinə görə, ilk böyük pulu – 160 000 rublu məhz elə bu vaxt qazanır.

Artıq 1990-cı illərin əvvəlində SSRİ-də 600-dən çox Gənclərin Elmi-Texniki Mərkəzi fəaliyyət göstərməyə başlayır. Formalda onlar elmi-texniki məhsulların istehsalı və yeni texnoloji imkanların təbliği, elmi ədəbiyyatın yayılması ilə məşğul idilər.

100-dən çox müəssisəni özündə birləşdirən şirkət

Xodorkovski işgüzar fəaliyyətlə paralel Q.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda təhsilini davam etdirir. Burada o, yaxın qohumu, SSRİ dövlət bankında işləyən Aleksem Qoluboviçlə tanış olur. 1988-ci ildə maliyyəçi ixtisası üzrə Xalq Təsərrüfatı İnstitutunun məzunu olan Xodorkovskinin Qoluboviçlə tanışlığı sayəsində Gənclərin Elmi və Texniki Yaradıcılıq Mərkəzi kooperativ bank yaratmaq hüququ qazanır.

Digər dostu, Dövlət Dumasının hazırki üzvü Vladimir Dubovun yaxın qohumlarının Mixail Qorbaçovla əlaqələri sayəsində işlərini getdikcə böyüdürlər. Bankları - “Menatep Qosbank” SSRİ-dən ilk lisenziya alan kommersiya qurumu olur. “Menatep” in fəaliyyətinə gəlincə, bank valyutaların aktiv əməliyyatlarını aparır, eləcə də öz istiqrazlarını fiziki şəxslərə satırdı. Düzdür, satışı “Menatep”ə 2.3 mln. rubl gətirsə də, istiqrazları alanlar hələ də layiqli divident əldə edə bilməyiblər.

Zaman ötdükcə “Menatep”in hökümətin geniş eşalonu ilə əlaqələri daha da artır. Bunun sayəsində “Menatep” nazirliklərə - Dövlət Vergi Xidmətinə və silah idxal edən “Rosvoorujenie” dövlət şirkətinə maliyyə xidmətləri göstərmək hüququ qazanır.

SSRİ-nin dağılması, Boris Yeltsinin hakimiyyətə gəlməsi Rusiyanın bazar iqtisadiyyatına keçidini sürətləndirir. Aparılan genişmiqyaslı özəlləşdirmə sayəsində ölkə sənayesinin böyük hissəsi maliyyə-sənaye qruplarının əlində cəmləşir. “Menatep” də digər kommersiya qurumları kimi özəlləşdirmədə aktivlik nümayiş etdirir. Nəticədə bank rəhbərliyi tekstil, ərzaq emalı, tikinti materialları, əlvan metallar (titan və maqnezium), mineral gübrə istehsalı kimi sərfəli sahələri ələ keçirə bilir. Bu imperiyanı idarə etmək üçün isə 1995-ci ildə “Rosprom” yaradılır. “Rosprom” “YUKOS” neft şirkəti də daxil olmaqla 100-ə yaxın özəlləşdirilmiş müəssisəni özündə birləşdirir.

“YUKOS”un ələ keçirilməsi

1995-ci ildə “Menatep” hərracda ”YUKOS” dövlət şirkətinin səhmlərinin 45 faizini alır. Xarici və rus iş adamlarının sıxışdırılmasından sonra Xodorkovski və 5 ortağı 309 milyon dollar ödəyərək şirkətin səhmlərinin 78 faizini də əldə edirlər. Artıq 1996-cı ildə onların payı 90 faizə çatır. 2000-ci ildə Xodorkovski ”YUKOS”un prezidenti olur. Şirkətin səhmlərinin dəyəri 60 faiz bahalaşaraq 62.9 dollara yüksəlir. Bunun nəticəsində "YUKOS”un kapitalı 350 milyon dollardan 10,3 milyard dollara yüksəlir.

İmperiyanın sonu

Xodorkovski də Boris Berezovski kimi, Rusiyanın dövlət başçısı Putinin qəzəbinə tuş gələn iş adamlarındandır. Burada təkcə yəhudi olması deyil, digər siyasi faktorlar da rol oynayıb. Bu barədə bir qədər sonra…

Uzun müddət davam edən soyuq müharibədən sonra Xodorkovski öz tərəfdaşları ilə birgə vergi cinayətində ittiham edilir. 2003-cü il oktyabrın 25-də hava limanında həbs olunur. Yeri gəlmişkən, bu zaman o, dünyanın və Rusiyanın ən zəngin insanlarından biri idi. Oktyabrın 30-da Rusiya Federasiyasının Baş Prokurorluğu iş adamının sahibi olduğu “Yukos Universal Limited və Hully Enterpirses”ə məxsus “YUKOS”un səhmlərinin 53 faizinə həbs qoyur. Protokolda səhmlərin dövlətə qarşı maliyyə cinayətində ittiham olunan Xodorkovskiyə məxsus olduğu göstərilir.

2005-ci ildə məhkəmə Xodorkovski barəsində hökm çıxararaq onu dələduzluq və başqa cinayətlərin törədilməsində təqsirli bilir. "YUKOS" şirkəti müflis elan edilir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yenidən hökm verilir.

Onu da qeyd edək ki, iş adamının cinayət işinə Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli yanaşmalar var. Bir qisim Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digərləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu olduğunu deyirdilər.

"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "vicdan məhbusu" statusunu vermişdi. Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmişdi. Eyni zamanda AİHM hesab edirdi ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmayıb. Bir sözlə, iş adamının həbsinin qərəzli olması ilə bağlı beynəlxalq təşkilatların tövsiyyələrinə, məhkəmə vəsatətlərinə baxmayaraq, o, 11 il ümumi rejimli təcridxanada həbs çəkdi. Qüvvədə olan qanunlara görə, cəzasının 2014-cü il oktyabrın 25-də bitməsi gözlənilsə də, 2013-cü ilin dekabrında o, azadlığa çıxdı. Əvvəlcə Almaniyaya, oradan isə İsveçrəyə getdi.

Putinlə münasibətlər niyə pozulur?

Söylənilənlərə inansaq, buna səbəb iş adamının müxalifət partiyalarına maliyyə ayırması olur. Rusiyanın millət vəkili Boris Nemtsovun açıqlamalarına görə, Vladimir Putinin şəxsən özü Xodorkovskidən müxalifətə pul ayırmamasını istəyib. Qarşı tərəf isə bu tələblərə baxmayaraq, 2003-cü ildə SPS və “Yabloko” partiyalarının Dövlət Dumasına seçkilərdə iştirakını maliyyələşdirməkdə davam edib. İş adamının həbsindən sonra hər iki partiya Dumaya daxil ola bilmədilər.

Milyarderlər siyahısından silinir

“Forbes”in 1997-ci ildə hazırladığı hesabatda Xodorkovskinin sərvətinin həcmi 2.4 milyard dollar göstərilib. Və o, Boris Berezovskidən sonra Rusiyanın 2-ci ən varlı adamı kimi dəyərləndirilib. 2002-ci ildə jurnal bu məbləği 3.7 milyard dollar qiymətləndirib. 2003-cü ildə dünya milyarderlərinin siyahısında onun adı 26-cı, 2004-də 16-cı, 2005-ci ildə 292-ci yerdə olub. 2004-cü ildə “YUKOS”un dağıdılması nəticəsində iş adamı 2006-cı ildən iflasa doğru addımlamağa başlayıb. Beləliklə də, milyarderlərin siyahısından çıxıb.

“Müvəkkilimin pulu yoxdur”

Bütün biznesinə əl qoyulsa da, Xodorkovskinin haralardasa hələ böyük pullarının gizlədildiyi Rusiyanın gündəminin əsas mövzusudur. Mətbuat İrlandiya banklarında onun dondurulmuş 65 milyon avrosunun olduğunu, “Forbes” isə ayrı-ayrı şirkətlərdə 2.2 milyard dollara yaxın səhm payına sahib olduğunu iddia edir. İş adamının vəkili bu haqda belə deyir: “Xodorkovski milyarder deyil. Nə real, nə də virtual olaraq”.

Ailəsi

Xodorkovski iki dəfə evlənib. İlk həyat yoldaşı öz tələbə yoldaşı Yelenadır. Cütlük institutdakı komsomol fəaliyyətləri dövründə yaxınlaşırlar. Münasibətlər evliliklə bitir. 1985-ci ildə onların oğulları Pavel dünyaya gəlir. Yazılanlara görə, iş adamının ilk evliliyi sülh şəraitində bitib. Hazırda oğlu Pavelin xarici ölkələrdən birində təhsil aldığı, keçmiş həyat yoldaşının isə turist firması işlətdiyi deyilir.

Xodorkovskinin ikinci həyat yoldaşı İnnadır. Onlar iş münasibətləri zamanı tanış olublar. Belə ki, İnna “Menatep”də işləyirmiş. Yeri gəlmişkən, İnna da D.İ. Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunda təhsil alıb. Bu evlilikdən onların Nastya adlı qızları, Qleba və İlyu adlı əkiz oğlanları var. İnna Xodorkovski evdar qadındır. Nastya özəl, elit məktəbdə oxuyur.

Milyarderin sadə kolleksiyası

Başıbəlalı Xodorkovski qələm həvəskarıdır. Kolleksiyasında “Parker”ə üstünlük verir. İş adamının qələm hobbisinin xüsusi mənası olduğu söylənilir. O, şirkətini məhz əlinin zəhməti ilə qurduğu üçün yaxtaya, bahalı maşına, saata, seksual heykəllərə deyil, qələmə üstünlük verir. Onun həm də kiçik qutular və pul kisələri yığdığı irəli sürülür.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm