İlham Şaban: “…Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”
Bizi izləyin

Ekopublika.az

İlham Şaban: “…Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq”

Rusiya ilə Ukrayna arasındakı gərginlik artıq iqtisadi sanksiyaların tətbiqinə qədər gedib çıxıb. Bu da bazarlara və regiona öz təsirini göstərməkdədir.

Publika.az-ın bu və digər məsələlərlə bağlı suallarını Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban cavablandırır.

- Müxtəlif ölkələrdəki münaqişələr dünya bazarında neftin qiymətini yüksək həddə saxlayır. Sizcə, bu proses nə qədər davam edəcək?

- Qlobal bazarda neftin qiyməti Azərbaycan üçün yaxşı göstəricidir. Ötən il aparıcı təhlil mərkəzləri 2014-cü ildə neftin qiymətinin ucuzlaşacağı ilə bağlı proqnozlar verirdilər. Son iki ildə ilk dəfə neftin qiymətinin 100 dollardan aşağı olacağı deyilirdi. Lakin bazarda əks göstəricilər baş verdi. Geopolitik faktorlar neftin qiymətinin düşməsinə imkan vermir. Dünyada gedən prosesləri, ilin birinci yarısındakı tendensiyanı nəzərə alsaq, ilin sonunadək neftin orta qiyməti 108 dollardan aşağı olmayacaq.

- Avropa Birliyinin, eləcə də ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına təsirləri artıq özünü göstərməkdədir. İstər daşınmaz əmlak bazarında, istər sənayedə, istəsə də enerji sektorunda vəziyyət ürəkaçan deyil. Qarşıda Rusiyanı daha da pis günlər gözləyirmi?

- Bir neçə gün əvvəl Rusiya Maliyyə Nazirliyi maraqlı açıqlama ilə çıxış etdi. Məlum oldu ki, neftin qiyməti yüksək olsa da, Rusiyaya daxil olan gəlirlər azalıb. 230 milyard proqnoza qarşı 120 milyard dollar gəlir əldə ediləcək. Göründüyü kimi, 110 milyard dollar azalma gözlənilir. İkincisi, Rusiyadan valyutanın çıxarılması prosesi geniş vüsət alıb. Məsələn, Norveç Avropa Birliyinin üzvü olmasa da, Neft Fondu Rusiya banklarında saxlanılan 7 milyard vəsaitini geri götürməyə qərar verib. Bu tendensiya ilin ikinci yarısında sürətlənərsə, Rusiya iqtisadiyyatına ciddi zərbə olacaq. Yeri gəlmişkən, Azərbaycan Neft Fondu da 2013-cü ilin mayında $500 mln investisiya qoyaraq VTB Bankda 2,95% səhm alıb. Sanksiyaların gedişatında Azərbaycanın da hansı addımlar atacağı sual olaraq qalır. Çox maraqlı proseslər baş verəcək. Bu, sanksiyaların ikinci mərhələsində ortaya çıxacaq.

- Avropa Birliyinin 28 ölkəsi mavi qazın təminatı baxımından Rusiyadan tam asılıdır. Düzdür, onlardan altısı tamamilə, on biri isə nisbətən (30%-dən 45%-dək) Rusiyaya möhtacdır. Amma vəziyyət yenə də kritikdir. İllərdir Rusiya və Ukrayna arasında “qaz müharibəsi” yaşanır. Ukrayna artıq alternativ bazarlardan qaz almağa başlayıb. Sizcə, 2006-2009-cu illərdə olduğu kimi, Rusiya ilə Ukrayna qazın tranziti ilə bağlı kompromisə gələ biləcəklərmi?

- Ukraynadan keçən magistral qaz kəmərləri köhnəlib. Qərb isə onların modernləşdirilməsinə vəsait qoymaqda maraqlı deyildi, məbləğin korrupsiyanın çiçəklənməsinə xidmət edəcəyindən ehtiyatlanırdı. Rusiya isə həmin işləri Ukraynanın əmlakına sahib çıxmaq şərti ilə görmək istəyirdi. Avropa ilə Rusiya arasında münaqişənin dərin kökləri buradan başlayır. Sonra Qərb məsələləri elə məcraya yönəltdi ki, Rusiya tələsik “Cənub axını” layihəsinə start verdi. Amma Krım məsələsi, ardınca rəsmi Brüsselin “Qazprom” şirkətinə qarşı III Enerji Paketinin müddəaları ilə bağlı iddia qaldırması “Cənub axını” layihəsinin tam həcmdə işləməsini yubatdı.

O ki qaldı Ukraynanın alternativ mənbələrdən qaz idxal etməsinə, ümumiyyətlə proseslər ona gedir ki, 2014-2015-ci ildə qışı razılıqsız keçirmək istəyirlər. Bu baxımdan da, Ukrayna hazırda qaz anbarlarına ehtiyat yığmaqla məşğuldur. Qış mövsümünü keçirmək üçün Ukraynaya 18 milyard kubmetr qaz gərəkdir. İndiyə qədər isə 13 milyard kubmetrdən bir qədər artıq tədarük aparılıb. Ona görə də Ukrayna əks nəql etmə ilə Macarıstandan, Slovakiyadan qaz alır. Bundan əlavə, Ukrayna son illərdə mərkəzləşdirilmiş istilik sistemini bərpa edib. İkinci bir tərəfdən, Ukrayna postsovet məkanında o ölkələr sırasına aiddir ki, enerjidən çox qənaətlə istifadə edir. Azərbaycan qaz ölkəsi olsa da, Ukrayna həcmində qaz istehsal edə bilməyib. Hazırda Ukrayna yeni qaz yataqlarını təşviq edir.

- Rusiyaya qarşı sanksiyaların artığı təqdirdə Azərbaycanın planlaşdırdığı qaz layihələri nə dərəcədə rentabelli olacaq?

- Azərbaycan “Cənub qaz dəhlizinin” – Cənub Qafqaz Boru kəmərinin, Trans Anadolu kəmərinin (TANAP) və Trans Atlantik boru kəmərinin (TAP) tikintisinin gerçəkləşməsinə imza atıb. Hər üç kəmərin tikintisini 2018-ci ilin ikinci yarısında başa çatdırmaq gərəkdir. Bundan sonra Azərbaycan qazını Avropa bazarına müəyyən edilmiş vaxtda çıxarmaq mümkün ola bilər. Avropanın tələbatını nəzərə alsaq, kəmərlərin rentabelli olacağına şübhə yoxdur.

- Layihələrin dəyəri uzun müddətdir müzakirə mövzusudur. Doğrudanmı, onlar deyildiyi qədər bahalıdır?

- Cənub Qafqaz Boru kəmərinin (CQBK) genişləndirilməsi layihəsi 5.296 milyard dollar dəyərindədir. TANAP layihəsi üzrə kapital xərcləri 11.7 milyard dollar proqnozlaşdırılır. ARDNŞ xərclərin 58%-ni ödəməlidir. Ola bilər, gələcəkdə bu pay 51%-dək azaldılsın. Ancaq bu, işlərin gedişindən asılı olacaq. Ümumilikdə götürsək, TANAP layihəsində kapital xərclərinin təqribən 7 milyarda yaxınını Azərbaycan ödəməli olacaq. TAP layihəsinə gəlincə, kapital xərclərinin 5 milyarda yaxın olması güman edilir. Burada Neft Şirkətinin payı 20%-dir, yəni xərclərin təqribən 1 milyard dolları onun üzərinə düşəcək. Ümumilikdə, ARDNŞ-in yaxın 5 ildə bu layihələr üzrə yatırımları 8.88 milyard dollar olacaq. Məbləğin 30%-ni – 2.66 milyard dolları şirkət öz vəsaitləri hesabına reallaşdıracaq. Bundan başqa, “Şahdəniz-2″ layihəsinin ilkin mərhələdə kapital xərcləri 28 milyard dollar, müqavilənin sonuna kimi, yəni 2041-ci ilə qədər isə 32.9 milyard dollar olması planlaşdırılıb. Burada isə Neft Şirkətinin payı təqribən 5.5 milyard dollar olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm