Həftənin iqtisadi mənzərəsi: Dünyada və Azərbaycanda
Bizi izləyin

Ekopublika.az

Həftənin iqtisadi mənzərəsi: Dünyada və Azərbaycanda

Yola saldığımız həftə dünya iqtisadiyyatı Avropa, ABŞ və Rusiya arasında sanksiya atışmasına şahidlik etdi. Son bir ayda Qərbin sanksiyaları daha çox gündəmə gəlmişdisə, bitən həftədə estafet Rusiyada oldu. Əvvəlcə hava şirkətləri uçuş qadağası ilə hədələndi, daha sonra qida idxalına veto tətbiq edildi. AB və ABŞ-dan 10 milyard dollarlıq qidanın idxalı bir il müddətinə dayandırdı. Çinlilər isə xarici ticarətin müsbət saldosuna bayram etdilər. Avropaya gəlincə, birlik iqtisadiyyatının lokomativi sayılan ölkələrin iqtisadi göstəriciləri yenə kefləri qaçırdı.

Başlayaq dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib Çindən. Ölkənin xarici ticarəti 35 milyard avro səviyyəsinə yüksəlib. İyul ayında ixrac artsa da, idxal azalıb. Xarici ticarət balansında defisit daralıb.

Onu da xatırladaq k, ötən il Çində xarici ticarət 13,3 milyard avro olub. Ticarətdəki artım ixracın hesabına baş verib. Belə ki, ölkə ixracında 2013-cü ilin eyni dövrünə nisbətən 14,5 faiz artım nümayiş etdirib.

Çinli iqtisadçılar qarşıdakı aylarda ixracın daha da artacağını deyirlər. Hökumət də öz növbəsində ixrac nisbətini yüksək saxlamaq üçün ölkənin pul vahidi yuan üzərindəki manipulyasiyaları davam etdirir.

Avropada isə böhran səngimir. Güclü iqtisadiyyata malik ölkələrin göstəriciləri mənfiyə doğru istiqamət alıb.

Avropa iqtisadiyyatının lokomotivi hesab edilən Almaniyada sənaye sifarişlərinin artımı gözlənilsə də, iyunda proqnozlarda əks vəziyyət baş verib. Konkret, ölkədə sənaye sifarişləri 3,2 faiz düşüb.

Avro bölgəsinin üçüncü böyük iqtisadiyyatı olan İtaliya yenidən resessiyaya daxil olub. İlin ikinci rübündə ölkədə ümumi daxili məhsul 0,3 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 0,2 faiz azalıb. Artıq iş adamları ölkə sənayesi ilə bağlı narahatlıqlarını dilə gətirməyə başlayıblar: "Ölkədə istehlakçı qiymətlər, sənaye istehsalı və artım nisbəti azalma nümayiş etdirib. Eyni zamanda fabriklər, mağazalar, şirkətlər bağlanır."

Bir məqamı da vurğulayaq ki, keçən ilin sonunda İtaliya iqtisadiyyatında 0.1 faiz artım baş vermişdi.

Həftə ərzində Rusiyanın ABŞ və Avropa Birliyinə yönəlik qərarları da diqqət çəkdi. Şimal qonşumuz

bir müddətdir sanksiyalarla onu küncə sıxışdırmaq istəyən Avropa Birliyi və ABŞ-a eyni metodlarla cavab verdi. Hökumət məmurları əvvəlcə Asiyaya uçuşlar zamanı Rusiya hava sahəsindən istifadə edən Avropanın hava yolları şirkətlərinin səfərlərini ləğv edəcəklərini bəyan etdilər. Daha sonra Putin səviyyəsində idxalla bağlı qadağaya imza atıldı.

İlk əvvəl uçuşlardan danışaq. Deməli, Rusiya avropalı şirkətlərin uçuşlarını ya məhdudlaşdırmağı, ya da tamamilə ləğv etməyi müzakirədən keçirir. Rəsmi Kremlin sanksiyaları siyahısında “Air France”, “Luftansa”, “Britsh Airways” kimi bir çox avropalı şirkətlər yer ala bilər.

Ekspertlərin qiymətləndirmələrinə görə, qadağa Avropa hava şirkətlərinin Şimal xətti üzərindən uçuş saatlarını 3-4 saat uzadacaq: “Məsələn, əvvəllər Tokioya uçuş 12 saat idisə, bu vaxt indi 16-17 saata qədər uzanacaq. Bunun nəticəsində aviabiletlərin qiymətinin 50-70 faiz qaldırılması gözlənilir”.

Avropalı ekspertlər isə Rusiyanın sanksiyalarının “Aeraflot”un özünə sərf etmədiyini bildirirlər. Onların əsaslandırmasına görə, şirkət Sibir uçuşlarından aldığı 180-300 milyon dollar arası gəlirdən məhrum olacaq.

Rusiya hökumətinin sanksiyalara cavabı durmadan sərtləşir. Ölkə Avropa və ABŞ-dan gələn qida idxalını rəsmi olaraq qadağan edib.

O ki qaldı qida qadağasına, prezident Vladimir Putinin məlum istiqamətdə fərmanından sonra baş nazir Dmitri Medvedev açıqlama ilə çıxış etdi. Medvedev açıq şəkildə Amerika, Avropa və digər Qərb ölkələrindən ət, meyvə, tərəvəz, balıq, süd və digər süd məmulatları almayacaqlarını dedi. Nəzərə çatdıraq k, Rusiya qida istehlakının az qala yarısını kənardan təmin edir. Ölkə yüksək nisbətdə taxıl ixrac etsə də, yuxarıda adıçəkilən məhsullarla bağlı xarici asılılıq davam edir. Rusiya tərəvəz ehtiyacının 65 faizini, pendir ehtiyacının yarısını, ət ehtiyacının isə 26 faizini idxal hesabına qarşılayır.

Baş nazir Dmitri Medvedevin şərhində bildirilir ki, qadağa bir il davam edəcək və Kanada, Avstraliya, Norveç kimi ölkələrə bu şamil edilməyəcək.

Vəziyyəti dəyərləndirən analitiklər hesab edir ki, qərar qida sektorunda xaricdən asılı olan Rusiya üçün müsbət nəticələr vəd etmir. Yeri gəlmişkən, söhbət milyon dollarlıq deyil, 9,1 milyard dollarlıq idxaldan gedir.

Göründüyü kimi, Rusiya Qərbdən intiqam almağa çalışsa da, sanksiyalar artıq ölkənin rıçaqlarını tərpədib. Beynəlxalq qiymətləndirmə şirkətləri sanksiyaların Rusiyanın beynəlxalq ehtiyatlarına zərbə vuracağına dair SOS siqnalı verirlər. Məsələn, "Moody’s” beynəlxalq agentliyi analoji məzmunlu xəbərdarlıq edib. “Fitch” agentliyi də eyni mövqeni bölüşüb. Qeyd edilib ki, sürətli kapital axını şəraitində rubla dəstək verilməsi Rusiya Mərkəzi Bankına çətin olacaq.

“Fitch” agentliyinin ssenarisinə əsasən, bu il Rusiyanın beynəlxalq ehtiyatları 472,5 milyard dollarddan 450 milyard dollaradək, gələn il isə 400 milyard dollaradək azalacaq. Mərkəzi Bankın hesablamalarına görə isə, ehtiyatlar 2013-cü ildə 5% azalaraq, 511.6 milyard dollar təşkil edib. Mərkəzi Bankın hesabatlarında da bildirilir ki, ilin birinci yarısında kapital axını 2013-cü ilin 61 milyard dollarına qarşı 74.6 milyard dollar olub.

Ən dəhşətlisi də odur ki, Rusiya şirkətləri 2018-ci ilin sonunadək 219 milyard dollar borcu qaytarmalıdır. “Moody’s” agentliyinin hesablamalarında bildirilir ki, borcun 60%-i xarici valyutada saxlanılır. Ən çox borc neft və qaz sektorundadır. 2015-ci ilin sonunadək 43 milyard dollar xarici borc qaytarılmalıdır. Onun ardınca elektroenergetika (15,4 milyard dollar) və metallurgiya (15 milyard dollar) sahələri gəlir.

Günlərdir seçkiyə hazırlaşan Türkiyəyə gəlincə, hesabat dövründə inflyasiya hökümətin proqnozlarına uyğun rəqəmlərlə ifadə olunub. Statistika Təşkilatı iyun ayı üçün inflyasiya nisbətini 9,2 faiz səviyyəsində olduğunu qeyd edib. Ölkədə inflyasiya nisbəti Türkiyə Mərkəzi Bankın 5 faizlik hədəfindən hələ kənardır. Hökumətin ölkədə artımı sürətləndirmək üçün Mərkəzi Bankdan faiz siyasətini endirməsini istəməsi, eləcə də qurumun bu nisbəti 8,75 faizdən 8,25 faizə çəkməsi iqtisadiyyata müsbət təsir edib.

İş dünyası

Yola saldığımız həftə “Apple” və “Samsung” arasında sular durulur. Texnologiya nəhəngləri ABŞ xaricindəki digər ölkələrdə bir-birlərinin əleyhinə açdıqları bütün iddialardan imtina edir. Bu qərarla iki şirkət arasında Avstraliya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Cənubi Koreya və İngiltərədə sürən patent iddiaları sona çatdırılacaq. Ağıllı telefon və texnika bazarının ən böyük iki oyunçusu arasında sürən iddialarda tərəflər milyon dollarlarla cəza ödəmək məcburiyyətində qalmışdılar.

Moskvada daşınmaz əmlaka sahib olanlar arzularına çata bilərlər. Dünyanın ən bahalı mənzil bazarına sahib bu şəhərdə 2014-cü ilin sonunadək evlərin qiyməti 20 faiz düşəcək. Bazarda ucuzlaşma beynəlxalq sanksiyalarla bağlıdır. Ekspertlər düşünür ki, Rusiya banklarına qarşı iqtisadi sanksiyalar ipoteka kreditləşməsi şərtlərini çətinləşdirəcək. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Məlumat üçün deyək ki, iyul ayında Moskva və paytaxtətrafı ərazilərdə mənzillərin kvadratmetri 189 min rubl (5768 dollar) təşkil edib. Obyektlərin qiymətlərinə gəlincə, ekonomklass obyektlərdə kvadratmetr 168.6 min rubl (5127 dolar ), komfort-klasslarda 185.2 (5646 dollar) min rubl, premium-klasslarda 255.7 min rubldır (7782 dollar).

“ConocoPhillips” “Rosneft” ilə birgə müəssəsi olan “Qutb Şəfəqi” MMC-dəki payını satmaq qərarına gəlib.

Düzdür, “Rosneft” bu məlumatı şərh etməkdən böyun qaçırıb. “ConocoPhillips” və “Rosneft” Timan-Peçora vilayətində bir neçə birgə yataqda işləyən “Qütb Şəfəqi” müəssəsində bərabər paya malikdirlər.

Satışın səbəbi kimi sanksiyalar göstərilsə də, bu qadağalar xarici şirkətlərin Rusiya ərazisində fəaliyyətini qadağan etmir. “Rosneft” ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinin təsir dairəsinə düşüb. Sanksiyalar ABŞ kreditorlarına “Rosneft” şirkətini uzunmüddətli maliyyələşdirməsini qadağan edir.

Avropadakı iqtisadi böhranın təsirlərinə daha çox məruz qalan Yunanıstanda turizm sektoru bu il rekordu qıra bilər.

2014-cü ildə ölkə 19 milyon turistə ev sahibliyi edərək, iqtisadi böhrandan əvvəl belə qeydə alınmayan rəqəmə imza atacaq. Təkcə 750 mindən çox turistdən 13 milyard avro gəlir götürülməsi gözlənilir.

Ukrayna səmalarında “Boeing 777” tipli sərnişin təyyarəsinin vurulmasından sonra çətin günlər yaşayan Malayziya Hava Yolları şirkəti birjadakı əməliyyatları dayandırıb. Bunu yenidən təşkilatlanmaları ilə əsaslandırıblar. Belə ki, hava yolu şirkətinin 70 faiz hissəsinə sahib olan “Khazanah Nasional” yerdə qalan 30 hissəni də satın alıb.

Xatırladaq ki, qəzalarla gündəmə gələn Malayziya Hava Yolları şirkətinin iqtisadi vəziyyəti höküməti belə narahat etməyə başlamışdı. Dövlətin hətta şirkətə kömək etdiyi irəli sürülür.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə dövlət qurumları ötən ay üzrə fəaliyyətlərinin nəticələrini açıqladılar. Məlum oldu ki, bir ayda icbari sığorta üzrə 7,8 milyon manat daxil olub, Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 84,3 mln. manata çatıb, banklara borcu olanların sayı 2.138,886 nəfərə, bank sisteminin cəmi zərəri 1.82 milyon manata, fiziki şəxslərin əmanətləri 6.3 mlrd. manata yüksəlib. Ərzaq məhsullarının qiymətləri isə 2 faiz ucuzlaşıb. Ümumilikdə ölkədə ötən ay defilyasiya qeydə alınıb. Bundan başqa, Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% artıb, tikinti işlərində qiymətlər cüzi bahalaşıb.

Həftənin önəmli hadisəsi Azərbaycanın daxili bazarında Ai-95 markalı benzinin bahalaşması oldu. Benzinin qiyməti nə az, nə çox 4 qəpik qalxdı. Bir çox KİV-lər “Azpetrol” şirkətinə istinadən bunu dünya bazarlarında neftin bahalaşması ilə bağladılar. Ekspertlər isə əksinə, bahalaşmanın nə dünya bazarında xam neftin, nə də neft məhsullarının qalxması ilə əlaqədar olmadığını dedilər.

Daha bir ciddi xəbər avqustun 16-dan “Evro-4” standartının normalarına cavab verməyən avtomobillər üçün əlavə sənədlərin istənilməsi ilə bağlıdır. Dövlət Gömrük Komitəsindən bu barədə deyilir ki, avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm