Büdcədə 615 mln manat məbləğində profisit yaranıb
Bizi izləyin

Ekopublika.az

Büdcədə 615 mln manat məbləğində profisit yaranıb

2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln manat, xərcləri 8723,8 mln manat olub. 615,0 mln. manat məbləğində profisit yaranıb.

Publika.az-a Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin mədaxili 9192,6 mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6 faiz çox olub. Vergilər Nazirliyinin mədaxil proqnozu 103,6 faiz icra edilməklə dövlət büdcəsinə 3578,6 mln manat vəsait təmin edilib. Bu da proqnoza nisbətən 123,7mln manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 262,1 mln manat və ya 7,9 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi proqnoza 100,2 faiz əməl edərək büdcəyə 732,8 mln. manat vəsait təmin edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 92,9 mln manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln manata qarşı büdcəyə 46,7 mln manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub. Dövlət Neft Fondundan büdcəyə 4883,8 mln manat vəsait transfert edilib. 2014-cü ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxili 4856,3 mln manat icra olunub.

Xərclərə gəlincə, 2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 mln manat çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,5 faiz (154,2 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), Səhiyyə xərclərinə 7,6 faiz (19,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq otrqanlarının saxlanılmasına 7,3 faiz (31,5 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 mln. manat), nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilib.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 mln. manat icra olunub. İcmal büdcəyə gəlincə, cari ilin altı ayında icmal büdcənin gəlirləri 11537,4 mln. manat icra edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 280,8 mln. manat və ya 2,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 9913,1 mln. manat icra olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm