Rusiyadan Azərbaycana göndərişlər 200 milyon dollar azalacaq
Bizi izləyin

Ekopublika.az

Rusiyadan Azərbaycana göndərişlər 200 milyon dollar azalacaq

Avropa Birliyi və ABŞ məhsullarının idxalına tətbiq etdiyi qadağadan sonra Rusiya ilə Türkiyə arasında xarici ticarət tərəfdaşlığına dair sənəd imzalanıb. Son zamanlar rus və azərbaycanlı iş adamları arasında görüşlərin intensivləşdiyini nəzərə alsaq, şimal qonşumuzun Azərbaycanla gələcək iqtisadi əlaqələri də maraq doğurur.

Publika.az-ın bu yöndə suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.

- Rusiyaya qarşı Qərbin, eləcə də Avropanın sanksiyaları, Rəsmi Kremlin də buna cavab olaraq qida bazarında tətbiq etdiyi qadağalar region ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu prosesdə hansı rolda ola bilər?

- Əvvəla, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Praktik olaraq Azərbaycanın qeyri-neft ticarət dövriyyəsində Rusiyanın payı kifayət qədər çoxdur. Rəqəmlərdən çıxış etsək, MDB ölkələri ilə ticarət dövriyyəsi 4.5 milyard dollar təşkil edir. Bundan 2.6 milyard dolları Rusiyanın, 865 milyon dolları Ukraynanın payına düşür. Münaqişədə olan bu ölkələrin ümumilikdə Azərbaycanın ticarət dövriyyəsindəki payı 3.5 milyard dollara yaxındır. Kifayət qədər böyük rəqəmdir. Bu göstərici ticarət dövriyyəmizin (34,6 milyard dollar) 10 faizinə bərabərdir. Söhbətin qeyri-neft məhsullarının idxal və ixracından getdiyini nəzərə alsaq, münaqişə, eləcə də sanksiyalar Ukrayna-Azərbaycan, Rusiya-Azərbaycan ticarət dövriyyəsinə, əlaqələrinə təsir göstərir. Birinci təsir makroiqtisadi təsirdir. Xüsusilə 2014-cü ildə Ukrayna ilə ticarət dövriyyəsində təxminən 90 milyon dollara yaxın azalma proqnozlaşdırırıq. Rusiya ilə ticarət dövriyyəsində də azalmalar baş verəcək. Amma bu, Azərbaycan iş adamlarının sanksiyalardan necə faydalanacağından asılı olacaq. Ümumi ticarət dövriyyəsində azalmalar baş verəcək. Eyni zamanda, iş adamları üçün müəyyən problemlərə səbəb olacaq. Rusiyada banklara tətbiq edilən qadağalar transferlərdə çətinliklər yaradır. Münaqişə iş adamlarını həm ticarət, həm investisiya baxımından da çəkindirir.

- Dediniz ki, vəziyyət Azərbaycan iş adamlarının sanksiyalardan necə faydalanacağından asılı olacaq. Məsələn, fayda nə ola bilər?

- İş adamlarının tətbiq edilən sanksiyalardan faydalanmaq imkanları var. Rusiya Avropa Birliyi ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub və bazarda boşluqdur. Fermerlərin həmin boşluğu doldurmaq imkanları yaranıb. Qadağalar Rusiya bazarına daha çox məhsul çıxarmağa imkan verəcək. Nəticədə qeyri-neft, kənd məhsullarının ixracı artacaq.

- Rubl hər keçən gün dəyərini itirir axı.

- Sanksiyalardan sonra rubl 12 faiz, cari ilin 7 ayında isə 9 faiz dəyər itirib. Rubl ucuzlaşdığından ölkədə istehsal olunan məhsulların dollarla ifadədə maya dəyəri də düşüb. O baxımdan, güman edilir ki, Rusiyadan Azərbaycana gətirilən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində azalma baş verəcək. Məsələn, əvvəllər Rusiyada 30 rubla istehsal olunan məhsulun maya dəyəri dollarla ifadədə 1 dollar idisə, artıq həmin rəqəm 80 sentdir. Bu da Rusiya məhsullarının dünya bazarında daha ucuz qiymətə satılması deməkdir. Rublun ucuzlaşması Azərbaycana da idxalın artmasına səbəb olacaq.

- Bəs məhsulları bazardan çıxdaş edilən Avropa Birliyi?

- Rusiyanın tətbiq etdiyi embarqo birlikdən də Azərbaycana gətirilən ərzaq məhsullarının artmasına zəmin yaradır. Rusiya bazarlarını məhsulla təmin edən şirkətlərin böyük qismi Mərkəzi və Şərqi Avropanı təmsil edir. Həmin şirkətlərin Rusiya ətrafı bazara çıxması istisnasızdır. Azərbaycan bazarında Avropa məhsullarının həcminin artması isə bu məhsulların cüzi də olsa qiymətlərini endirəcək.

-Yerli məhsullarımız Avropa və Rusiya məhsulları ilə rəqabət apara biləcəkmi?

- Embarqo daxili bazarda yerli məhsulların qiymətinin qalxmasını şərtləndirəcək. Çünki fermerlər məhsullarını Rusiya bazarına çıxarmaqda daha maraqlı olacaqlar. Bu, onlar üçün yüksək gəlir deməkdir. Əslində, artıq daxili bazarda bəzi yerli məhsulların qiymətində artımlar müşahidə edilməkdədir.

- Sanksiyaların müsbət təsirləri yalnız idxal-ixrac əməliyyatlarında proqnozlaşdırılır?

- Azərbaycan iş adamları Rusiyanın bank sektoruna tətbiq edilən sanksiyalardan da faydalanmaq imkanına malik ola bilərlər. Sanksiyalardan sonra Rusiya şirkətlərinin bir qismi köçürmələri, ödənişləri qonşu ölkələrin bank sektorları vasitəsiylə reallaşdıracaq. Bu, Azərbaycan banklarına prosesdən faydalanmaq imkanı verə bilər.

- Rusiya Azərbaycanın iqtisadi baxımdan tərəfdaşı olmaqla bərabər, əhalisinin böyük bir qismi üçün iş bazarıdır. Söhbət orada işləyən iki milyon azərbaycanlıdan gedir. Proseslərdən sonra onların göndərişləri nə qədər azalıb?

- Rusiya Azərbaycan üçün orada yaşayan həmyerlilərimizin göndərdikləri vəsaitlərin həcmi baxımından əhəmiyyətlidir. Faktiki Rusiyadan göndərilən remitensin həcmi bir milyard dollardır. Bu, dövlət büdcəsi gəlirlərinin 2.5 faizini təşkil edir. Ümumi daxili məhsulda isə remitens tam rəqəmlə ifadə olunmur. O baxımdan, göndərişlərdə azalma baş versə də, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Lakin bir məqam var. Göndərilən vəsaitlər daha çox regionların payına düşür. Proqnozlarımız göstərir ki, bölgələrdə remitenslə dolanan ailələr Rusiya iqtisadiyyatında baş verənlərdən itirəcəklər. 2014-cü ildə rəsmi olaraq Rusiyadan Azərbaycana göndərilən vəsait 20 faiz – 200 milyon dollar həcmində azalacaq.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm