Ötən həftənin iqtisadi mənzərəsi: dünyada və Azərbaycanda
Bizi izləyin

Ekopublika.az

Ötən həftənin iqtisadi mənzərəsi: dünyada və Azərbaycanda

Yola saldığımız həftə dünya iqtisadiyyatının diqqəti Qərbə qarşı sanksiyalar tətbiq edən Rusiyaya yönəldi. Özünə yeni xarici tərəfdaşlar axtaran Rəsmi Kreml üzünü gah Misirə, gah da Türkiyəyə çevirdi. Vəziyyətin ciddiliyini görən Avropa və Amerika sanksiyalarından zərərlərini hesablamağa başladılar, Putin Krımda əməkhaqlarını artıracağını vəd etdi, kredit dərəcələndirmə təşkilatı “Moody's” isə dünya əhalisinin sürətlə yaşlanması səbəbindən qlobal iqtisadiyyat dairəsinin sürətlə daralacağını bəyan etdi.

Başlayaq Avropa Birliyindən. “Eurostat”ın məlumatlarına görə, 18 üzvlü qurumun ən güclülərindən olan Almaniyada iqtisadiyyat 0.2 faiz nisbətində “kiçilib”. İlin ilk rübündə alman iqtisadiyyatının artım nisbəti 0.7 faiz olub. Fransa isə, eynilə ilk rübdə olduğu kimi, artım nümayiş etdirməyib.

Fransanın maliyyə naziri Michael Sapın büdcə kəsirini bağlamaqda əziyyət çəkdiklərini açıqlayıb. İtaliya iqtisadiyyatı isə 2008-ci ildən bəri üçüncü dəfə resesiyaya daxil olub.

Pis xəbər təkcə Avropa Birliyindən gəlməyib. “Moody's” dünya iqtisadiyyatının önümüzdəki 20 il ərzində yaşlanan əhali üzündən əhəmiyyətli dərəcədə iflasa uğrayacağını açıqladı. Bildirildi ki, inkişaf etməkdə olan ölkələr xaricində dünya iqtisadiyyatı sürətlə daralmağa başlayacaq. Bunda da yaşlı əhalinin sayının artması rol oynayacaq.

Təşkilat hesab edir ki, Afrika xaricində bütün ölkələr bu problemlə qarşı-qarşıya qalacaq. Yaşlanmanın ən çox qeydə alındığı inkişaf etmiş ölkələrdə isə iqtisadi artım tempi növbəti 5 il ərzində 0,4 bal olacaq. Bununla belə hər bir ölkədəki yaşlılıq iqtisadiyyata təsirini fərqli şəkildə göstərəcək.

Bu arada hazırda ən çox yaşlı əhaliyə sahib dövlətlər Almaniya, İtaliya və Yaponiyadır. Bu ölkələrdə hər beş adamdan biri 65 yaşındadır. 2030-cu ildə yaşlanan əhali səbəbiylə çətinlik çəkən ölkələrin sayının 34-ə çıxacağı proqnozlaşdırılır. Bu dövlətlərin başında ailə başına bir uşaq siyasətiylə Çinin gələcəyi təxmin edilir.

Girişdə qeyd etdiyimiz kimi, həftə ərzində Qərblə Rusiya arasındakı ticari mübarizənin iqtisadiyyata təsirləri xüsusi diqqət çəkdi. Məlum oldu ki, həm ABŞ, həm də Avropa Birliyi ölkələri sanksiyaların mənfi nəticələrini yaşayır. Əslində, bu, gözlənilən idi. Çünki Rusiya dünyada Avropa Birliyi, Çin, Amerika və Yaponiyadan sonra aqro-ərzaq məhsulları idxal edən beşinci böyük dövlətdir. 2013-ci ildə ölkənin kənd təsərrüfatı məhsullarının idxalının ümumi dəyəri 40.4 milyard dollar təşkil edib. Rusiyanın kənd təsərrüfatı bazarının əsas oyunçusu Avropa Birliyidir. Birlikdən məhsul idxalı 40 faiz təşkil edir. İkinci yerdə 9 faizlə Braziliya dayanır. Amerikanın payı isə 4 faizdir.

Əvvəlcə Avropa Birliyi ölkələrinə nəzər yetirək. Hesabatlar göstərir ki, iqtisadi böhranla mübarizə aparan Yunanıstan sanksiyalardan daha çox əziyyət çəkib. Belə ki, Yunanıstan üçün əsas bazar Rusiya bazarı idi. Ölkənin şaftalı istehsalının 60, kivinin 50, çiyələyin 90 faizi rus bazarına ixrac edilirdi. Sahibkarların sözlərinə görə, hazırda tonlarla meyvə gömrükdə Rusiyaya ixracı gözləyir: "Burada təxminən 3 min ton şaftalı soyuducuda gözləyir. İstehsalçılar anbarları kompensasiya etsələr belə, zərərlərini hesablamaq imkanı olmayıb. Yunan fermerləri özlərini Brüsellə Moskva arasındakı döyüşün günahsız qurbanları hesab edirlər”.

İqtisadi müharibənin yeganə qurbanı yunan fermerləri deyil. Yük daşımaq üçün Yunanıstana gələn rus sürücüləri də çətinliklə üz-üzə qaldıqlarını deyirlər:"Mən yükümü almaq üçün gəlmişəm. Lakin burada yeni qanunun qüvvəyə minməsindən xəbər tutdum. Yunanıstandan alınan heç bir mal Rusiya sərhədindən keçirilməyəcək. TIR-ı dayanacağa çəkib, günlərdir gözləyirəm. Nə olacağı bəlli deyil".

Bu arada sürücülər zərəri az da olsa, kompensasiya etmək üçün əllərində qalan malları Çexiya, Ukrayna, Belarusiya və Polşa bazarlarına yarı qiymətinə satmağa çalışdıqlarını deyirlər.

ABŞ da "qida" sanksiyasından zərərini qiymətləndirib. Bildirib ki, bu rəqəm 715 milyon dollar həcmindədir. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi iddia edir ki, Amerika Birləşmiş Ştatları 2013-ci ildə Rusiyaya 1.3 milyard dollarlıq kənd təsərrüfatı məhsulları (balıq və meşə məhsulları da daxil olmaqla) idxal edib. Bunun 55 faizi Rusiyanın sanksiyasına düşən məhsullardır: “Amerikadan Rusiyaya əsasən çərəz idxal edilir. 2013-cü ildə ABŞ-dan Rusiyaya 31 milyon dollar həcmində püstə, 139 milyon dollar dəyərində badam idxalı həyata keçirilib. Rusiyanın qida rasionunun əsasını təşkil edən donuz ətinin idxalının həcmi 18 milyon dollar olub. 2013-ci ildə Rusiyaya ABŞ-dan quş və quş əti məhsulları idxalı 310 milyon dollar təşkil edib. Ümumiyyətlə, Rusiya Amerikanın quşçuluq məhsullarının dördüncü böyük bazarı sayılır”.

Avropanı, Amerikanı bazar axtarışında qoyan Rusiya isə yeni ticarət tərəfdaşları ovuna çıxıb və üzünü Orta Şərqə çevirib. Həftə ərzində ruslar əvvəlcə Misir prezidenti Abdülfettah Es-Sisi ilə qarşılıqlı sərbəst ticarət münasibətlərini müzakirə edib, daha sonra Türkiyə ilə xarici ticarətlə bağlı müqavilə imzaladılar. Müqavilə Türkiyədən Rusiyaya bəzi qida məhsullarının idxalını nəzərdə tutur. İdxalın strukturu açıqlanmasa da, Türkiyədən Rusiyaya ət və süd məhsulları, quş əti, meyvə, tərəvəz, balıq gətiriləcəyi deyilir.

Xatırladaq ki, iki ölkə arasında ticarət əlaqələri əvvəllər də mövcud idi. Strukturda yüngül sənaye məhsulları əsas yer tuturdu.

Rusiyadan daha bir xəbər var. Vladimir Putin növbəti ildən Krımda pensiya və əməkhaqlarının Rusiya qanunvericiliyinə uyğun hesablanacağını açıqlamaqla krımlıları sevindirdi. Krımda pensiyaların artıq iki dəfə artırıldığını vurğulayan prezident müavinət məbləğinin Rusiyanın orta göstəricisinə yaxınlaşdığını deyib: “2015-ci il yanvarın 1-dən pensiyalar və büdcə işçilərinin əməkhaqqları Rusiya qanunvericiliyinə uyğun hesablanacaq”.

Nəzərə çatdıraq ki, Rusiya Krımla bağlı maliyyə proqramı həyata keçirməyi planlayır. Proqramın büdcəsi 681 milyard 221 milyon 180 min rubl həcmində təşkil edir. Vəsaitin 658 milyard 135 milyon 880 min rublu federal büdcədən, 22 milyard 85 milyon 300 min rublu digər mənbələrdən cəlb olunacaq.

Avropa Bilriyi, ABŞ və Rusiyanın bir qaşıq suda bir-birini boğmağa hazır olduğu zamanda Ukraynanı başı qış tədarükünə qarışıb. Belə ki, ölkə avqustun 8-dək Ukrayna yeraltı anbarlarına 15.065 milyard kubmetr qaz vurub. Avqustun 1-nə anbarlarda qaz ehtiyatının həcmi 14,902 milyard kubmetr olub. Bir həftə ərzində ölkə ehtiyatını 163 milyon kubmetr artırıb. Ukrayna hökümətinin açıqlamasına görə, ilin sonunadək 18 milyard kubmetr qaz ehtiyatı toplamalıdırlar.

Xatırladaq ki, Rusiyanın “Qazprom” şirkəti iyunun 16-dan Ukraynaya qaz verilişini dayandırıb. Onu da bildirək ki, Ukraynada 12 yeraltı qaz anbarı var. Onların ehtiyat gücü 31 milyard kubmetr təşkil edir.

İş dünyası

“Rosneft” şirkətinin prezidenti İqor Seçin hökumətdən şirkət üçün maliyyə yardımının ayrılmasını xahiş edib. O, şirkətə 5 yolla dəstək verilməsini istəyir. Seçin ehtiyacın səbəbini ABŞ tərəfindən tətbiq edilən sanksiyalarla bağlayır. “Rosneftin” xalis borcu iyunun sonuna 1.5 trilyon rubl təşkil edir (təxminən $44,5 milyard).

Ümumi borcun həcmi 2.2 trilyon dollar təşkil edir. Lakin şirkət CNPC-dən Çinə neft tədarükü üçün $17 milyard əvvəlcədən ödəniş alıb. Ümumilikdə şirkət $70 milyard alacaq.

“Rosneftin” borcu TNK-BP şirkətini $54 milyarda alandan sonra formalaşıb. Şirkətin alınması üçün “Rosneft” xarici banklardan $31 milyard kredit götürüb. Bu il və gələn il Rosneft üçün kreditlərin ödənilməsinin pik vaxtıdır - təxminən $30 milyard.

İş dünyasının daha bir maraqlı xəbəri 75 milyon dollarıq avtomobilin hərraca çıxarılması oldu. Söhbət 1962-ci ilin “Ferrari 250 GTO Berlinetta” modelindən gedir. Bu model İtaliyanın zəngin ailələrindən olan Violatilərə məxsusdur. 49 yaşlı avtomobil avqustun 14-də hərracda 75 milyon dollara satılacaq.

Hərracda 1962-ci il istehsalı olan ikiqapılı “ Ferrari 250 GTO Berlinetta”dan başqa, 116 avtomobil sərgilənəcək. “Ferrari 250 GTO Berlinetta”nın 60-75 milyon dollar arasında satılacağı gözlənilir.

Xatırladaq ki, keçən il keçirilən hərracda 312 milyon dollar qazanc əldə edilmişdi. Bu il isə rəqəmin 450 milyon dollar olması proqnozlaşdırılır.

Onu da qeyd edək ki, Fabrizio Violati “Ferrari 250 GTO Berlinetta”nı 1965-ci ildə alıb. Sərvətini mineral su qablaşdırmasından və əkinçilikdən qazanan Violati onun dördüncü və sonuncu sahibi idi. 2010-cu ildə Violatinin vəfatından sonra avtomobil onun oğluna qalıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ölkənin sosial-iqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, Azərbaycanda 1510,9 min nəfər işləyən şəxs var, Dövlət Neft Şirkəti büdcəyə 149 milyon 294 min manat vəsait ödəyib, valyuta ehtiyatımız 54 milyard dollara yüksəlib, qiymətli kağızlar bazarı 86 faiz artıb, büdcədə 615 mln. manat məbləğində profisit yaranıb, tikintiyə 3065 milyon manat xərclənib, qeyri-neft məhsullarının ixracı altı ay ərzində 6.6 faiz azalıb, İpək yolu vasitəsilə 28,1 milyon ton yük daşınıb, yeddi ay ərzində əhali istehlak bazarından 11.8 milyard manatlıq istehlak malı alıb, ölkəyə 2.8 mlrd. dollar xarici investisiya qoyulub, ümumi daxili məhsul istehsalı 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2.4 faiz artaraq 34.0 milyard manat təşkil edib, neft-qaz sektorunda istehsal 2.7 faiz azalıb. Və ən nəhayət, əhalinin 14 faizə yaxını təqaüdçüdür, vətəndaşların pulunun cəmi 18 faizi yığıma yönəldilir, banklar tərəfindən 16754.8 milyard manat kredit verilib.

Söhbət puldan düşmüşkən, hesabat dövründə bankların verdikləri kreditlərin həcmi və strukturu diqqət çəkib. Banklar 16754.8 milyard manat vəsaitin 40,7 faizini ev təsərrüfatlarına veriblər. Halbuki ötən ilin analoji dövründə bu rəqəm 37.7 faiz olub. İkinci sırada 14,5 faizlə ticarət və xidmət sektoru dayanır. Keçən il bu rəqəm 15.7 faiz olub. İnşaat və əmlak sahəsinə ayrılan kreditlərin portfeldəki payı isə 13.6 faiz olub. Göründüyü kimi, bankların kredit portfelində ev təsərrüfatlarına verilən kreditlərin həcmi yenə də dominantdır və bu il də artıb.

Kreditlərdən 877.6 milyon manatının vaxtı keçib.

İstehlak kreditləri artsa da, ipoteka kreditlərinin həcmi azalıb. İlin 7 ayında ipoteka kreditləşməsinin həcmi 62.2 mln. manat olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 64.2 mln. manat təşkil etmişdi. Kreditlərin böyük faizi Bakının payına düşüb. Hesabat dövründə orta ipoteka kreditinin həcmi 39 min 905 manat (1 iyul 2013-cü ildə 39.47 min manat), orta aylıq ödəniş 318.5 manat, ötən il isə 319.9 manat olub. Kreditlər üzrə dərəcə cüzi azalıb – 6,88%-dən 6,82%-ə.

Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə sahib olduğu “Star” Media Qrupundakı payının 50%-ni satdığını açıqlayıb."SOCAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuzun sözlərinə görə, Media Qrupundakı 50 faiz paylarını “Rixos” otellərinin sahibi olan iş adamı Fettah Tamınce satmağı düşünürlər. Bu istiqamətdə hətta danışıqlara da başlayıblar: “Müzakirələr müsbət nəticələnsə, bu, reallaşacaq. Türkiyədə əhəmiyyətli və çoxsaylı layihələrimiz var. Mediaya sərmayə erkən atılmış addım idi. Bu mərhələdə media işinə zaman ayıra bilmədik”.

Məlumat üçün deyək ki, Rəqabət Təşkilatı SOCAR-ın “Star” Media Qrupunun 50 faiz payını almasına 2013-cü ilin mayında icazə verib. Qrupun qalan 50 faiz hissəsi isə işa damı Ethem Bayrağa məxsusdur.

K.Yavuz qeyd edib ki, SOCAR təxminən 5.6 milyard dollarlıq sərmayə ilə 10 milyon ton neft emalı gücünə sahib “Star” neftayırma zavodunun inşasını davam etdirir. İşlərin 2018-ci ildə tamamlanması nəzərdə tutulur.

O ki qaldı “Star” Media Qrupundakı 50% payın satışına, ARDNŞ-dən bildirilir ki, iqtisadi səmərəliliyindən asılı olaraq, şirkət müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda onları satır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm