• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yanacaq-enerji kompleksinə dair yeni dövlət proqramına ehtiyac var - TƏKLİF

Yanacaq-enerji kompleksinə dair yeni dövlət proqramına ehtiyac var  - TƏKLİF

Hələ keçən ilin noyabrında yazmışdıq ki, ölkədə neft hasilatının azalması mənfi nəticəsini çox istiqamətdə göstərəcək: bu, özünü yalnız ölkəyə maliyyə axınlarının azalmasında deyil, daxili bazarın neft məhsulları ilə təmin olunmasında da büruzə verəcək. Benzin sarıdan yaranmış vəziyyət bunu bir neçə ildir diqtə edirdi. Adı çəkilən yanacaq məhsuluna daxili tələbatın 2003-cü ildən bəri, hər il fasiləsiz artması idxalın yaxında olduğunu sübut edirdi. Keçən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkədə benzinin istehlakı ilə istehsal səviyyəsinin bərabərləşdiyini bildirdi.

Bu isə o demək idi ki, idxal artıq, “qapının ağzındadır”. Doğrudur, Nazirlər Kabinetinin (NK) "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 16, o cümlədən "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 15 nömrəli qərarları cari ilin iyun ayına kimi qüvvədə olacaq.

Ancaq bu, o demək deyil ki, ölkəyə benzin idxalı müvəqqəti xarakter daşıyacaq.

Düzdür, Azərbaycanın daxili bazarında avtomobil benzini çatışmazlığı yoxdur. 98 markalı benzini daxildə istehsal edə bilmədiyimiz üçün Rumıniya ilə Bolqarıstandan almağımıza, 92 və 95 markalı benzinlə əlaqədar yanacaq doldurma məntəqələrində bəzən böhran yaranmağına baxmayaraq, ölkədə neft məhsullarının yeganə istehsalçısı olan ARDNŞ əldə olunan benzinin daxili tələbatı ödədiyini bəyan edib.

Yuxarıda qeyd etdiyimiz qərarlara uyğun olaraq 92 və 95 markalı benzinin idxalı üzrə gömrük rüsumları və aksiz dərəcələrinin yumşaldılmasının isə qıtlığın yaranması ilə bağlı olmadığı deyilir. Belə ki, Heydər Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda bəzi cari işlər aparıldığı və bu ilin aprel ayında onun əsaslı təmirə saxlanılacağı deyilib ki, bununla əlaqədar müvafiq texniki layihə tapşırığı verildiyi və hazırlıq işlərinə başlandığı bildirilir. Bununla bağlı, istehsalda yaranacaq fasilə ilə əlaqədar olaraq 92 və 95 markalı benzinin ölkəyə idxalı ilə bilavasitə ARDNŞ məşğul olacaq.

Sual yaranır ki, bütün bunlar bir az əvvəl həyata keçirilə bilməzdimi? NK-nin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna uyğunlaşdırılması barədə qərarına dair yazmışdıq ki, keyfiyyətli benzin istehsalı üçün neft emalı zavodlarında (ölkəmizdə ARDNŞ-in tərkibində cəmi 2 neftayırma zavodu fəaliyyət göstərir ki, bunlar da ildə maksimum 7 milyon tondan bir az artıq emal gücünə malkdirlər və həmin zavodlarda ARDNŞ-in sudan və qurudan çıxardığı neft emal olunur) yeni avadanlıqlar quraşdırmaq və istehsal prosesini təkmilləşdirmək lazım gəldiyindən əlavə vəsait lazımdır. “Avro-4”-ün istehsalı üçün isə yeni avadanlılar quraşdırmaq, emaledici kompleks tikmək gərəkdir.

ARDNŞ prezidenti Rövnəq Abdullayev hələ 4 il öncə “Avro-2”-yə keçid zamanı ölkəmizdə “Avro-3”-ə uyğun benzin istehsalının ən yaxşı halda 2011-ci ilin sonunda mümkün olacağını söyləmişdi ki, “Avro-4”-ə uyğun benzin istehsalı üçün isə mövcud neft emalı zavodlarında yeni avadanlıqlar quraşdırmaq üçün boş ərazilər olması tələb edilirdi.

Odur ki, bir sual da yaranır: Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində yeni neft-qaz emalı kimya kompleksinin tikilib istifadəyə verilməsi niyə əvvəl nəzərdə tutulduğu kimi 2017-ci ildə deyil, 2023-2025-ci illərdə baş tutacaq?

ARDNŞ-in daxili bazarda 2020-2021-ci illərə qədər avtomobil benzininə tələbatı maksimum ödəmək məqsədilə benzin və dizel yanacağı istehsalını, ümumiyyətlə, ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmaq üçün verdiyi qərar həmin vaxtadək idxalsız keçinməyə imkan yaradacaqmı?

H. Əliyev adına Bakı neft emalı zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 saylı qurğusunda aprel ayında aparılması nəzərdə tutulan əsaslı təmir işlərindən sonra emal gücünün 2 milyondan 3 milyon tonadək, benzin istehsalının isə 450 min ton artacağı deyilir ki, bu, böyük nəticədir. Ancaq təkrar edirik: yanacaq məhsulları xüsusən, benzin sarıdan daxili bazarda yaranmış vəziyyət bir neçə il idi idxalın qaçılmaz olacağını göstərirdi ki, 2003-cü ildən bəri ona tələbat fasiləsiz olaraq artırdı. Əgər, cəmi bir qurğuda aparılacaq işlər nəticəsində emal gücü 1 milyon, benzin istehsalı isə yarım milyon tona yaxın artacaqsa, görəsən bu, niyə məhz ölkədə benzinin istehlakı ilə istehsal səviyyəsi bərabərləşdikdən sonra həyata keçirilir?

ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov hələ keçən il bildirmişdi ki, 2013-cü ildə tələbatı çox çətinliklə ödəyə bilirik və Azərbaycanda xüsusən iyun, iyul, avqust aylarında benzinə tələbat çox artır: “Gələn il neft emalının bu illə müqayisədə 5,5 %, yəni təxminən 300 min ton artırılması və 100 min ton əlavə benzin istehsal edilməsi, istehsalın həcminin 1,5 milyon tona çatdırılması nəzərdə tutulub.” “Bununla belə, idxal təhlükəsi qalmaqdadır”- deyə, vitse-prezident əlavə etmişdi.

Bütün bunlar bizcə, ondan irəli gəlir ki, ölkədə yanacaq-enerji kompleksinin inkişafı üzrə real tələblərə uyğun, konkret və strateji bir müvafiq Dövlət Proqramı (DP) yoxdur.

«Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005—2015-ci illər) üzrə Dövlət Proqramı» adlı sənəd vardır. Lakin Prezidentin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş sənəd yanacaq-enerji kompleksinin inkişaf etdirilməsi, əhalinin, iqtisadiyyatın enerji resursları ilə təminatının yaxşılaşdırılması, enerji daşıyıcılarından istifadənin səmərəsini artırmaq məqsədi daşısa da yaranmış vəziyyət və bu vəziyyətdən doğan suallar baxımından, sözügedən DP-nın 10 illik bir müddəti əhatə etməsinə rəğmən, mükəmməl xarakter daşımadığını göstərir.

Məsələn, Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlərə aid cədvəlin neft emalı sahəsinə aid bölümündə dünya standartlarının tələblərinə cavab verən yüksək oktanlı benzinlərin istehsalı məqsədi ilə butan-butilen qazlarının alkilləşdirilməsi qurğusunun 2009-cu ilə qədər tikilib başa çatdırılması qeyd olunur. Bakı neft emalı zavodunda aparılan və nəzərdə tutulan işlər isə bu tələbin köhnəldiyini ehtiva edir. Ən azı o səbəbdən ki, dünya standartları qeyd olunan müddətdə “yerində dayanıb” qalmamışdır.

Odur ki, fikrimizcə, ölkədə neft məhsullarına, xüsusən də benzinə olan tələbatın ödənilməsinə nail olmaq və onun real olaraq, nizamsız artımının qarşısını almaq, habelə yüksək keyfiyyətli məhsul istehsalına çatmaq və 2023-2025-ci illərdə fəaliyyətə başlayacaq yeni neft-qaz emalı kimya kompleksi tikilənədək ölkənin mövcud neft emalı zavodlarının gücündən maksimum istifadə etmək məqsədilə təcili olaraq, yanacaq-enerji kompleksinin inkişafı üzrə 2015-2025-ci illəri əhatə edəcək növbəti DP-nın hazırlanaraq təsdiq edilməsinə ehtiyac var.

Nəzərə almaq vacibdir ki, neft hasilatı da enir: rəsmi olaraq etiraf edilir ki, 2015-ci ildən sonra hasilat 39,7 milyon ton təşkil edəcək. Real olaraq, bu rəqəm daha az təşkil edə bilər. Bu il ARDNŞ emala 6,7 milyon ton xam neft göndərəcək ki, 2012-ci ildə bu rəqəm 6,2 milyon, keçən il isə 6,4 milyon ton təşkil edirdi.

Aprel ayındakı təmirlə əlaqədar, ölkəyə iyuna qədər 92 və 95 markalı benzinləri təkrar edirik ki, ARDNŞ özü idxal edəcək. NK-nın yuxarıda qeyd etdiyimiz qərarları da Neft Şirkətinin bu sahədə əlavə xərclərinin qarşısını almaq məqsədi daşıyır.

Ancaq unutmamalıyıq ki, yanacaq doldurma məntəqələrinə müxtəlif operatorlar tərəfindən Rumıniya ilə Bolqarıstandan gətirilən 98 markalı benzinə bu, aid deyil. Ona görə də onun daxili bazarda satış qiyməti 1 manat 50 qəpik təşkil edir. 92 və 95 markalı benzinlərin də idxalı əgər, Neft Şirkətindən kənar strukturlar tərəfindən həyata keçirilərsə və qiymətləri sərbəst buraxılarsa, ən azı 1 manatdan yuxarı olacaq. Çünki gömrük rüsumları və aksiz dərəcələrinin ləğvi hər şeyə və uzunmüddətə tədbiq edilə bilməz...

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR