• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Təcili xərcləri azaltmalıyıq”

“Təcili xərcləri azaltmalıyıq”

Artıq ilin ikinci yarısından etibarən dünya bazarında neftin qiymətində ucuzlaşma tendensiyası müşahidə edilir. İlin əvvəlində artan qiymətlər birdən-birə aşağıya doğru istiqamət götürməyə başlayıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,64 dollar artaraq 1 barelə görə 95,12 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,02 dollar ucuzlaşaraq 101,54 dollar olub. Ekspertlər ayın sonuna kimi bir barelin qiymətinin 100 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/barel həddindədir. Eyni zamanda ixracımızın 90 faizdən çoxunu məhz neft və neft məhsulları təşkil edir. Bu baxımdan "qara qızıl" ətrafında baş verən proseslər ölkə iqtisadiyyatına birbaşa təsir göstərir.

"Qara qızıl" ətrafında baş verən prosesləri şərh etmək üçün Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandan münasibət öyrəndik.

İ.Şaban "Bizim Yol"a bildirdi ki, neftin ucuzlaşmasının kökündə bir sıra amillər durur. Ekspert burada Rusiya iqtisadiyyatının çökdürülməsi amilini də istisna etmir: "Rusiyanın URALS markalı neftin bir barelinin qiyməti 99 dollara qədər düşüb. Qiymətlərin 100 dollardan aşağı düşməsi sanksiyalardan sonra Rusiya üçün əlavə bir zərbədir. Ötən ilin son aylarında Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları da 2014-cü il üçün qiymətlərin ucuzlaşacağını proqnozlaşdırırdılar. Amma orta qiymət kimi 104 dollar göstərmişdilər. Ötən il Brent markalı neftin orta qiyməti 110 dollar idi. 2010, 2011 və 2012-ci illərdə 111 dollar olub. Bu ilin altı ayına görə Brent markalı neftin orta qiyməti 108 dollar təşkil edib. 7-ci ayda isə birdən-birə 104 dollara qədər düşüb. Qiymətlərin aşağı düşməsinin başlıca səbəbi OPEC-in bazara daha çox məhsul çıxarmasıdır. İraq, Liviya və Səudiyyə Ərəbistanı ixracı artırıb".

İ.Şabanın fikrincə, ABŞ faktoru da bazarda rol oynamağa başlayıb: "Aprel və may ayından başlayaraq, Amerika idxal neftini get-gedə azaltmağa başlayıb. May ayının yekunlarına görə neft idxalını 26 faiz azaldıb. ABŞ dünyanın ən böyük istehlak dövlətlərindən biridir. Amerikanın bazarına yönəldilən neft isə Avropaya istiqamətlənməyə başlanıb. Ona görə də Brent markalı məhsulun qiyməti bir aydan bir qədər çox müddətdə 14 dollar ucuzlaşdı".

"Neftin ucuzlaşması tendensiyası hansı müddətə qədər davam edə bilər" sualına ekspert belə cavab verdi: "Dünyada hadisələr çox dinamik inkişaf edir. Neftin qiyməti bir sıra amillərdən formalaşır. Burada siyasi və stabillik faktorları mühüm yer tutur. İraqda baş verən hadisələr önəmli amillərdən biri idi. Çünki iyunda neftin qiymətinin bahalaşmasında məhz İŞİD-in meydana çıxması əsas rol oynadı. Qısa bir müddət ərzində 8 əyalətdə özlərinin hökmranlığını bərqərar etdilər. Mosulda neftayırma zavodunu, boru kəmərini ələ keçirmişdilər. Məqsədləri neft yataqlarını tutmaq idi. Bir sıra xarici neft şirkətləri öz personallarını tamamilə və ya qismən İraqın cənubundan evakuasiya etdilər. Həmin yataqlarda hasilat aşağı düşməyə başladı və qiymətlər bahalaşdı. Amerika hava zərbələri endirəndən sonra İŞİD geri çəkildi. İraqın hərbi qüvvələri də onları sıxışdırmağa başlayandan sonra xarici şirkətlərin personalları yataqlara geri dönməyə başladı. Nəticədə hasilat yüksəldi. Qısa müddətdə baş verən bu proses bazara ciddi təpki yaratdı. Yəni yüksək qiymət artımından sonra kəskin şəkildə aşağı düşməyə başladı. İndi qiymətlər Yaxın Şərqdə baş verən proseslərin bundan sonra necə cərəyan etməsindən asılı olacaq. Çünki Yaxın Şərqdə çoxlu münaqişə ocaqları var. Ən böyük münaqişə ocağı Suriya və Qəzzadır. Misir Qırmızı dənizdə çox böyük nəqliyyat dəhlizi hesab edilir. Bu ölkədə isə yeni hökumət formalaşır. İndi onlarla əlaqələrin necə qurulacağından da çox məsələlər asılıdır. Sözügedən regionlarda stabillik olmadığına görə neftin qiyməti də daim təzyiq altındadır".

İqtisadçı əlavə etdi ki, ilin sonuna kimi 90 dollara qədər ensə belə, ilin birinci yarısındakı orta qiymətin 108 dollar olması zərərləri kompensasiya edir: "Ən pessimist variant kimi neftin dəyərinin 90 dollara qədər düşəcəyini götürsək belə, 2014-cü il üçün orta qiymət 104-105 dollar civarında olacaq. Ancaq gələn il üçün proqnozlar nikbin deyil. Beynəlxalq maliyyə qurumları "qara qızıl"ın qiymətinin aşağı düşəcəyi ilə bağlı proqnozlar verib. "Bp" şirkətinin proqnozuna görə, 2017-ci ilə kimi karbahidrogen ehtiyatlarının qiymətinin yalnız enmə tendensiyası olacaq".

Prosesin Azərbaycana təsirlərinə gəlincə, İ.Şabana görə, gələn il büdcədə neftin baza qiymətinin 100 dollardan götürülməsi kifayət qədər risklər yarada bilər: "Ümumiyyətlə, gələn ilin büdcəsində neftin qiymətinin 90-95 dollardan götürülməsi daha münasibdir. "Qara qızıl"ın baza qiymətinin müəyyənləşməsi, əslində, büdcənin gəlirlərini deyil, xərclərini sığortalayır. Uzun müddətdir ki, yaxşı xərcləməyə öyrəşmişik. Dünya birjalarındakı neftin qiymətindən asılı vəziyyətə düşmüşük. 2015-ci il üçün "qara qızıl"ın orta qiyməti 100 dollardan aşağı olsa, o zaman vəziyyət ürəkaçan olmayacaq. Ola bilsin ki, hökumət 2009-cu ilin maliyyə böhranını əsas gətirsin. Lakin burada bir məqam var ki, o zaman neft hasilatının pik həddini keçməmişdik və daim inkişafda idik. Gəlirlərimiz yalnız artırdı, büdcəmiz isə indikindən 2 dəfə az idi. Amma indi büdcəmiz böyüyüb, neftin qiyməti enən müddətdə hasilatımız da aşağı düşür. Ötən beş il ərzində ölkəmizin ixracında isə heç nə dəyişməyib. Yəni ixracın 92 faizini neft, qaz və neft məhsulları tutur. Onun da 86 faizini xam neft təşkil edir. Qazancımız artıq aşağı düşməyə başlayıb. Buna görə də təcili xərcləri azaltmaq və vəsaitlərdən səmərəli istifadəni təmin etmək lazımdır". /bizimyol.info/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR