• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Gəl ay müştəri” deyə-deyə milyonçu oldu - FOTO/VİDEO

“Gəl ay müştəri” deyə-deyə milyonçu oldu - FOTO/VİDEO

O, Türkiyənin ən varlı adamıdır. İş həyatına babası ilə küçə-küçə gəzib “köhnə əşyaları satln alırıq” deyə qışqırmaqla başlayıb.

Əvvəlcə mühəndis olmaq istəyib. Lakin sonradan bank sektoruna marağı Harvarda üz tutmasına gətirib çıxarıb. Amerikadan qayıtdıqdan sonra böyük pullar qazanmağa başlayıb. Türkiyənin iqtisadi tarixinə ilk dəfə “Visa” ilə kredit kartını birləşdirən şəxs kimi düşüb.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində “Fiba Holding” in sahibi Hüsnü Mustafa Özyeğinin həyat hekayəsini təqdim edir.

“Bank müdiri olmaq mənim üçün müvəffəqiyyət demək deyildi”

Hüsnü Mustafa Özyeğin 1944-cü ildə İzmirdə anadan olub. 10 yaşında Robert Kollecinə daxil olub. Kolleci bitirdikdən sonra inşaat mühəndisi olmaq məqsədilə ABŞ-a gedib. Oregon Əyalət Universitetinin inşaat bölümündə təhsil alıb. Bu müddətdə, əslində, inşaata deyil, maliyyə sektoruna marağının olduğunu anlayıb. Üzünü Harvarda tutub. 1967-ci ildə Oregon State Universitetindən inşaat mühəndisi ixtisası üzrə, 1969-cu ildə Harvard Business Schooldan master dərəcəsi alaraq məzun olub. Yeri gəlmişkən, Hüsnü Mustafa Özyeğinin o zaman Harvardı bitirən ikinci türk olması artıq onun gələcəyini müəyyən etmişdi.

Amerikada üç il işlədikdən sonra Türkiyəyə qayıdan Hüsnü Mustafa Özyeğin kollecdən tanıdığı “Çukurova Holding”in sahibi Məmməd Əmin Karamehmetdən iş təklifi alır. 32 yaşındaykən “Pamukbank”ın müdiri olur. 1984-cü ildə yenə Karamehmetə aid “Yapı və Kredit Bankı”nın baş direktoru təyin edilir. Lakin bir müddət sonra öz işini qurmağı qərara alır. “Bank müdiri olmaq mənim üçün müvəffəqiyyət demək deyildi. Əslində, bankın baş direktoru kimi başlanan karyera necə müvəffəqiyyət hesab edilə bilər axı?!” deyən Özyeğin 1987-ci ildə kollec yoldaşının şirkətlərindən ayrılır. Öz bankını - “Finansbank”ı yaradır. Beləlilklə, milyonlarını qazanmağa başlayır.

Milyardlar və şirkətlər

“Finansbank” əvvəlcə təşkilati bankçılıq və sərmayə bankçılığı sahələrində ixtisaslaşır. İstanbul, Ankara və İzmirdə 4 şöbəsini açır. 1995-ci ilə qədər cəmi 4 şöbə (hazırda onların sayı 700-ə yaxındır) ilə fəaliyyətini davam etdirir. Yeri gəlmişkən, bankla bərabər Hüsnü Mustafa Özyeğin 1987-ci ildə “Fiba Holding”i də qurur. Şirkət maliyyə, pərakəndə, media, enerji, satışa çıxarma, telekommunikasiya, kimya, enerji, inşaat, sığorta, nəqliyyat, turizm, ictimai xidmətlər və digər sahələrdə fəaliyyət göstərməyə başlayır.

1994-cü ildə “Credit Europe Bank”ı, 2002 – ci ildə “Fiba Sigorta”’nı yaradır. 1996 –ci ildə özəlləşdirmədə pərakəndə qida satışı sektoruna addım ataraq “GİMA”nı satın alır. Düzdür, 2005-ci ilədək “GİMA”nı gəlirli biznesə çevirə bilmir. "GİMA” həyatımdakı ən böyük səhvlərdən biriydi" deyən Özyeğin buna baxmayaraq “GİMA” müştərilərinin sayəsində “Finansbank”ın kredit kartı sayını artırmağı bacarır.

Növbəti mərhələdə o, pərakəndə ticarətin bir başqa sahəsində fəaliyyətini davam etdirir. 1999-cu ildə “Marks & Spencer Plc”in İngiltərədən françayzinq haqqlarını satın alır. 2006-cı ilin avqustunda iş adamı “Finansbank”la bağlı Yunanıstanın ən böyük bankı "National Bank of Greece" (NBG) ilə müqavilə imzalayır. Bu razılaşma nəticəsində hissələrinin bir qisimini NBG-yə satır. Müqavilədən sonra Türkiyədə olan Maliyyə Leasing, Maliyyə Sərmayə, Maliyyə Portföy Rəhbərliyi, "Finansbank Malta" “Finansbank”ın mülkiyyətində qalır. Hollandiya, İsveçrə, Rusiya və Rumıniyadakı bankçılıq fəaliyyətləri daxil olmaqla digər bütün xarici fəaliyyətlər “Fiba Holding”ə keçir.

Deyilənlərə görə, Özyeğin hissələrini yunanlara 2,8 milyard dollara satır. Bununla da ən uğurlu razılaşmaya imza atıb, Türkiyənin zənginləri siyahısına daxil olur. “Finansbank”ın satışından sonra o, 3 il Türkiyənin bank sektorundan kənarda qalır. 2010-cu ilin fevralında bu sektora yenidən qayıdır. Xaricdə fəaliyyət göstərən Portuqaliyanın “Millenium Bank”ının Türkiyə bölümünü satın alır. Bankın 95 faiz hissəsinə 85 milyon dollar pul ödəyən iş adamı elə həmin ildə “Fiba Sigorta”nı (2002-ci ildə yaradıb) 485 milyon TL-yə “Sompo Japan”a satır. 2011-ci ildə “Millenium Bank”ın adını "Fibabanka A.Ş” kimi dəyişdirir.

Hüsnü Mustafa Özyeğin nələri var?

Hazırda Özyeğinin sərvətinə maliyyə sahəsindən kənar şirkətlər də daxildir. İş adamının daşınmaz əmlak sektorunda "Anadolu Japan Turizm", "Fiba Gayrimenkul", "Fiba Yüksel", "Anchor Grup", "Fiba Alışveriş Mərkəzləri", "Anchor Retail", "Fina Holding", "Fiba Air", "Fina Liman", "Fina Enerji Holding", "Enda Enerji", "Kumport Liman Lemi Invest", pərakəndə satış sektorunda –“Marks & Spencer”,”Marks & Spencer Rusya”, “Marks & Spencer Ukrayna”,”Gap”,”Gap Russia”,”Gap Ukraine”,”Banana Republic, “Banana Republic Rus”,”Genç” mağazaları fəaliyyət göstərir.

Maliyyə sektorunda isə şirkət “Fibabanka A.Ş”, “Fibahayat sigorta" ilə təmsil olunur. Ümumiyyətlə “Fiba Holding” maliyyə sektorundakı sərmayələri bankçılıq, leasing, faktoring, sığorta sahəsindədir. Digər sektorlarda sərmayələri isə hava nəqliyyatı, pərakəndə satış, daşınmaz əmlak, enerji, gəmi inşaatı və liman xidmətləridir. Son rəqəmlərə əsasən “Fiba Holding”in aktivləri 18,6 milyard dollar təşkil edir.

Harvard məzunu necə varlanıb?

Hüsnü Mustafa Özyeğin pul qazanmağa 6 yaşından başladığını iddia edir: “Babamla küçə-küçə gəzib köhnə əşyaları satın alırdıq. Mənim vəzifəm carçılıq idi.

Müvəffəqiyyətimin sirri yuxumdadı. Rahat yatıram və bu mənə gümrahlıq gətirir. Günə enerjiylə başlayıram. Gəncliyindən bəri idmana həvəsim var. Həftəsonları gəmi ilə gəzintiyə çıxıb stress atıram. Evə gələndə işlə məşğul olmuram. Buna rəğmən, hər həftə dünya iqtisadiyyatıyla bağlı 500 səhifə hesabat oxuyuram. Robert Kollecini bitirdikdən sonra 1967-ci ildə Amerikaya cibimdə 572 dollarla getmişəm. Oregon Dövlət Universitetində təhsil müddətində bütün xərclərimi tək-tək dəftərə qeyd edirdim. Hələ də həmin dəftəri saxlayıram”.

Onun Türkiyənin varlı adamlarının siyahısında onluğa necə daxil olmağı bacarmasına gəlincə, bu haqda belə deyir: “ Mən bir marafon qaçdım. Boltdan fərqli olaraq. Efiopiyalılar və keniyalılar kimi. Təbii ki, marafonda zaman-zaman yıxılıb qalxırlar. Yarışda 100 metrdən yıxılsan, nəinki geri qalarsan, ümumiyyətlə finala çata bilməzsən. Mənim həyatım bu şəkildədir. Başqasıyla deyil, ancaq özümlə yarışıram".

"Həyatda pul sizin üçün nələrin ölçüsüdür" sualının cavabında bunları deyir: “Qazandığınız pulla necə davranacağınız daha əhəmiyyətlidir. Mən buna belə baxıram. Biz ailə olaraq o qədər adama əl tutmuşuq ki. Mənimlə bərabər həyat yoldaşım da 750 min ana və uşağa yardım edib. Özyeğin Vəqfi isə 60‐70 min adama kömək olub. Məktəblərimizdə və yurdlarımızda 40 minə yaxın şagird qalır, oxuyur. İndiyə qədər 10 min şagirdə təqaüd vermişik. Xaricdə də təqaüdlər veririk. Təbii, işə götürdüyümüz 50 min adam bunun xaricindədir. Onu da bildirim ki, bu mövzuda nümunə götürdüyüm bəzi insanlar var. Bu siyahıya Rokfeller, Endrü Karnegi, Con Pyerpont Morqan daxildir. Məsələn C. P. Morqan 50 milyon dollarlıq vəsiyyətnaməsini belə bölüşdürür. 3 milyon dolları oğluna vəsiyyət edir, düşünür ki, bankın ehtiyacları ola bilər. Üç qızının hər birinə 1 milyon dollar, həyat yoldaşına malikanə, kapitanına gəmi qoyur. 50 milyon dolların yerdə qalan hissəsini xeyriyyə təşkilatlarına verir. Rokfeller Nyu Yorkda universitetini qurur”.

İş adamı həyatdaki ən böyük müvəffəqiyyətinin insana və insanlarla münasibətə verdiyi əhəmiyyət olduğunu bildirir: “Mən heç bir işimi sərmayə ilə qurmamışam. Yaxşı insanlarla holdinq yaradaraq onların rəhbəri deyil, onlardan biri kimi işləmişəm. Bizim şirkətlərimizdə yol xəritələri 3 aydan bir çəkilir və mən yalnız həmin xəritələri nəzərdən keçirirəm. Bunun xaricində işlərə qarışmıram. Məni tənqid edən işçimə çox hörmət edirəm”.

Hüsnü Mustafa Özyeğin ən böyük uğursuzluğu isə budur: “Türkiyədə bankirliyə gənc yaşda başlayan və illərdir bu sektorda fəaliyyət göstərən adam kimi ölkəyə investisiya qoyan çoxları mənə iş təklif edib. Biz Türkiyədə ilk dəfə “Visa” ilə kredit kartı birləşdirən bank olmuşuq. Digər banklar sonradan bizi izlədilər. Xaricdəki banklarda bu tip kart hələ yoxdur. Geriyə baxan deyil, həmişə irəliyə baxan insanam. Digər tərəfdən bir işdə müvəffəqiyyətli olmasanız da, o işdən bir dəyər yarada bilməlisiniz”.

Kimin nə qədər pulu var, bilirəm

“Forbes”in qiymətləndirməsinə görə Hüsnü Mustafa Özyeğin 3,5 milyard dollar sərvətə sahibdir. Türkiyənin ən varlı adamı olmasına Hüsnü Mustafa Özyeğin reaksiyası çox adidir: “Bankir olaraq bilirəm ki, Türkiyənin ən zəngin insanı deyiləm. Məndən daha zəngin insanlar var. 37 il bank sektorunda fəaliyyət göstərdiyim üçün kimin nə qədər pulu var, bilirəm. Məndən əvvəl iş həyatına atılan adamlar var ki, onların pulu daha çoxdur, inanın. Sərvətimi isə “Finansbank”ın satışından əldə etmişəm”.

Milyarderin serial həvəsi

Onun hobbisi kitab oxumaqdır. Bioqrafiyaları çox sevir: “Xaricə səyahətə gedəndə bir çamadan kitabla qayıdıram. Son zamanlar Osmanlı tarixini oxuyuram. Həyat yoldaşımla birlikdə “Muhteşem Yüz Yıl” serialına da baxıram”.

3,5 milyard sahibinin oğlu bankda kassir işləyir

Hüsnü Mustafa Özyeğin evlidir. İki övladı var. Oğlu atasının biznesinin idarəsində iştirak edir. “Marks & Spencer”in və “Gap”ın 105 mağazasının idarəçiliyi ondadır. Murat Özyeğın hətta “dünyanın ən yaxşı satıcısı” ləqəbini alıb. Hərçənd ki, Hüsnü Mustafa Özyeğin övladlarının şirkətlərinin idarəsində iştirakını düzgün hesab etmir:”

“Oğlum və qızımın təhsilləri mənim üçün çox əhəmiyyətli idi. Amma heç vaxt onları nəyəsə məcbur etməmişik. Murad Dost Liseyində, daha sonra isə Koç Liseyində oxuyub. Ayşecan isə İstek Vəqfindən məzun olub. İkisinin də uşaqlıqlarını yaşamalarını istədik. Murad 13 yaşında olarkən Amerikaya yaz məktəbinə üz tutdu. Necə ki, mən də 10 yaşımda İzmirdən Robert Kollecinə getmişdim. Bu, mənə öz ayaqlarımın üzərində durmağı öyrətmişdi. Ona görə də uşaqlarıma öz ayaqlarının üzərində dayanmaq üçün ailədən uzaq, müəyyən bir büdcə ilə yaşamalarını, öz qərarlarını özlərinin vermələrini istəyirdim. Heç kimə uşaqlarını ailə şirkətində yuxarı vəzifəyə işə götürməyi məsləhət görmürəm. Ailə şirkətlərində ən doğrusu budur. Məsələn, mən Muradı ən aşağı vəzifədə işə götürdüm. O, bankda kassir idi”. .

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR