Qazaxıstan Rusiyanı niyə Qərbə dəyişir – İqtisadi tələ
Bizi izləyin

Ekopublika.az

Qazaxıstan Rusiyanı niyə Qərbə dəyişir – İqtisadi tələ

Rusiya Ukraynadan sonra hədəfini Qazaxıstana çevirib. Konkret iki gün əvvəl Vladimir Putin Qazaxıstanın heç vaxt dövlət olmadığını bəyan etməklə Nursultan Nazarbayevə qarşı hücuma keçdi. Nazarbayev qeyri-adi iş gördü deyən Putin bildirdi ki, həmkarı dövlət quruluşunun heç vaxt olmadığı ərazilərdə dövlət yaradıb: “Nazarbayev bu mənada bütün postsovet məkanındakı dövlətçilik üçün unikal insandır”.

Bu bəyanatın ən diqqət çəkən tərəfi isə Putinin Avrasiya İqtisadi İttifaqının daha çox qazaxlara lazım olduğunu söyləməsi olub: “Qazaxıstan Rusiyadan 10 dəfə kiçikdir, amma böyük dövlətdir. Əminəm ki, qazaxların böyük əksəriyyəti Rusiya ilə əlaqələrin qorunmasında, möhkəmlənməsində maraqlıdırlar”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Putinə cavabsız qalmayıb, O dövlət maraqlarının pozulacağı halda Qazaxıstanın Avrasiya İttifaqından çıxa biləcəyini deyib:“Əgər müqavilədə əksini tapan qaydalar yerinə yetirilməsə, Qazaxıstan Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququna malikdir. Mən artıq əvvəllər də bunu demişəm, yenə də deyirəm. Qazaxıstan onun müstəqilliyinə təhlükə yaradan təşkilatları tərkibində olmayacaq”.

Əslində, iki dövlət başçısı arasında yeni kimi görünən bu gərginliyin başlanğıcı aylar əvvələ dayanır. Belə ki, hər şey Qazaxıstan prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının may ayında Moskvada keçirilən qeyri-rəsmi sammitinə qatılmamasından start götürüb. O zaman Nazarbayevin administrasiyası onun sammitə niyə gəlmədiyini açıqlamasa da, prezidentin həmin ərəfədə ABŞ-ın dövlət katibi Uliam Berensi qəbul etdiyinə dair xəbərlər yayıldı.Bu da rəsmi Kremlin heç də xoşuna gəlmədi.

Hazırda sual doğuran Rusiya Qazaxıstan münasibətlərinin gərginləşdiyi halda bunun iki ölkənin iqtisadiyyatına təsirləridir.

Əvvəlcə dövlətlər arasında xarici ticarət əlaqələrinə nəzər yetirək. Hansı ki rəqəmlər artıq vəziyyətin necə bir mərhələyə çatdığını göstərir.

İlin birinci rübünə olan statistikaya əsasən, Rusiyanın xarici ticarət dövriyyəsi 408,5 milyard dollar təşkil edib. Bunda ixracın payı 225,6 milyard dollar, idxalın payı isə 152,8 milyard dollar olub. 102,8 milyard dollar müsbət saldo yaranıb. Maraqlıdır ki, Ukrayna ilə münaqişəyə, Avropa və ABŞ-ın sanksiyalarına baxmayaraq, ilin əvvəlindən Rusiyanın ümumi xarici ticarət dövriyyəsi artıb. Bu artım ilin 5-ci ayına qədər davam edib. Digər tərəfdən, ticarətin strukturunda idxalın payı azalıb. Ciddi azalma may ayından başlayıb.

MDB dövlətləri ilə xarici ticarət dövriyyəsi 52 187 milyard dollar olub. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 53 729 milyard dollar idi. MDB dövlətləri ilə xarici ticarət dövriyyəsində Gömrük Birliyinə üzv Dövlətlərlə (Belarus, Qırğısıztan, Tacikistan, Ukrayna, Qazaxıstan) ticarətin payı 25 544 milyard dollar (keçən ilin müvafiq dövründə 28731 milyard dollar) təşkil edib. Qazaxıstanla Rusiya arasında xarici ticarət dövriyyəsi azalıb. Konkret olaraq, bu ilin birinci yarımilində Qazaxıstanla 9983 milyard dollar həcmində ticarət aparılıb. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 11 363 milyard dollar idi. Burada ixracın payı 6,6 milyard dollar, idxalın payı isə 3,4 milyard dollar olub.

Konkret Rusiyanın iyun ayına olan ticarət dövriyyəsinə gəlincə, burada da rəqəmlər diqqət çəkir. İyun ayında Rusiyanın xarici ticarət dövriyyəsi 67,5 milyard dollar (2323,8 milyard rubl) olub. Burada ixracın payı 40,7 milyard dollar, idxalın payı isə 26,8 milyard dollar təşkil edib. 14,0 milyard dollarlıq mənfi saldo yaranıb. MDB ölkələrinə ixrac 5,3 milyard dollar, idxal 2,6 milyard dollar olub.

Qazaxıstanın Statistika Komitəsinin hesabatları da iki ölkə arasında ticarət əlaqələrinin zəiflədiyini göstərir. Qazax statkomuna əsasən, cari ilin yanvar-may aylarında Gömrük İttifaqına üzv dövlətlərlə 7 330,8 milyon dollarlıq xarici ticarət aparılıb. Bu da ötən ilin müvafiq dövründən 22,5 faiz azdır. İxrac 2 077,0 milyon dollar (22,1 faiz azalma), idxal 5 253,8 milyon dollar (22,6 faiz azalma) olub. Rusiya ilə ixrac əməliyyatları 2 063,4 milyon dollar (keçən ilin müvafiq dövründə 2 635,9 milyon dollar), idxal 235,7 milyon dollar (keçən ilin müvafiq dövründə 6 558,9 milyon dollar ) olub. Qazaxıstan Rusiyadan avtomobil və avtomobil avadanlıqları, mineral məhsulları, kimya məhsulları, heyvan və bitki mənşəli məhsullar,hazır ərzaq məhsulları, metal məhsulları gətirilir. İyun ayına olan rəqəmlərə inansaq, bunların hər birində azalma baş verib.

Əvəzində Qazaxıstanın Qərblə xarici ticarət dövriyyəsi artıb.

Onu da bildirək ki, keçmişə nəzər saldıqda rəqəmlər fərqli ticari münasibətləri ortaya çıxarır. 2013-cü ildə iki ölkə arasında xarici tivcarət dövriyyəsi 2012-ci illə müqayisədə 4,7 faiz artaraq 26,5 milyard dollar olub. Bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ticarətin həcmi 34,6 faiz azalaraq 2,8 milyard dollar təşkil edib. Rusiyadan Qazaxıstana ixrac 24,4 faiz, Qazaxıstandan isə Rusiyaya 48,3 faiz azalıb. Buna rəğmən hələ Federasiyanın 85 subyektindən 76-sı Qazaxıstanla iqtisadi və ticarət əlaqələrə malikdir

İqtisadi əlaqələdən söz açarkən iki ölkə arasında qaz və neftin tranzitinə dair razılaşmaları da unutmaq olmaz. Bunlar Xəzər Boru Kəməri Konsorsiumu və “Qazprom”la “KazRosQaz” və “NK” KazMunayQaz” şirkətləri ilə imzalanmış müqavilələrdir. Eyni zamanda Çinə neft tranziti də Qazaxıstan ərazisindən nəzərdə tutulub. 2013-cü ildə imzalanan hökumətlərarası sazişə görə, “Rostneft” 2014-cü ildən başlayaraq 7 milyon ton nefti Çinə məhz Qazaxıstan ərazisindən daşımağı üzərinə götürüb. Sazişdə o da bildirlir ki, 2014-cü ilin 1 yanvar tarixindən Rusiya Çinə verdiyi neftin həcmində Qazaxıstan Rusiyaya neft verəcək.

Rusiyanın Qazaxıstana investisiyalarının həcmi də az deyil.2013-cü ildə Rusiyadan Qazaxıstana 2,1 milyard dollar həcmində investisiya qoyulub. “LukOyl” şirkətinin bu ölkədə 5 milyard dollar, “Qazprom”un 1 milyard dollar, “Rusal”ın 0,4 milyard dollar investisiyası var. Rusiyanın Qazaxıstandakı ümumi investisiyasının həcmi 7 milyard dollar səviyyəsindəb qiymətləndirilir. Ölkədə rus kapitallı 5590 müəssisə fəaliyyət göstərir. Qazaxıstandan Rusiyaya qoyulan investisiyanın həcminə gəlincə, 2013-cü ildə bu rəqəm 3,9 milyard dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm