İntihara aparan kreditlər - Araşdırma
Bizi izləyin

Ekopublika.az

İntihara aparan kreditlər - Araşdırma

Məlum olduğu kimi, Bərdədə yerləşən Laçın rayonu Ağanus kənd orta məktəbində müəllim işləyən Eldar Əliyev evinin həyətində özünü asıb.

Buna səbəb kimi isə təhsil işçisinin külli miqdarda borcunun olması göstərilir. Bildirilir ki, mərhum bir neçə bankdan böyük məbləğdə kredit götürüb. Borclarını qaytara bilmədiyindən çıxış yolunu intihar etməkdə görüb.

Onu da bildirək ki, regionlarda banka borcluların vəziyyətdən çıxış yolunu intiharda tapması birinci hadisə deyil. Əslində, bunun da səbəbi bank faizlərinin yüksək olması və kredit verilərkən əhalinin gəlirlərinin düzgün qiymətləndirilməməsidir. Məhz bu faktları nəzərə alan Mərkəzi Bank ilin əvvəlində kredit şərtlərini ağırlaşdıraraq, arayışsız kredit verilişini ləğv etdi. Lakin görünür, vəziyyət dəyişməyib. Bu gün ölkədə adına kredit xətti olmayan vətəndaş tapmaq mümkün deyil. Gəlirləri aşağı olanların banklara son ümid yeri kimi baxması, ikincilərin isə əhalinin savadsızlığından, məlumatsızlığından sui-istifadə edib öz kommersiya maraqlarını təmin etməsi ortaya böyük bir statistikanı çıxarıb.

2 milyon adam banka borcludur

1 avqust tarixinə bankların kredit qoyuluşlarının həcmi 16537.9 milyon manata, banklardan borc götürən vətəndaşların sayı 2,138,886 nəfərə çatıb. Verilmis kreditlərin 78.9 faizi uzunmüddətli olub. 877,6 milyon manatın, yəni 5.2 faizinin ödənmə vaxtı keçib. Bundan əlavə, əhalinin son istehlak xərclərində kreditlərin faizlərinin ödənilməsinə sərf olunan vəsaitlərin həcmi 2,6 faiz təşkil edib. Bu da kiçik rəqəm deyil.

Yüksək faizlər

Bu gün bank kreditlərinin qaytarılmasındakı problemin əsas səbəbi kimi məhz irəli sürülən faiz dərəcələrinin yüksək olması göstərilir. Ölkədə kommersiya banklarının kredit faizləri 29-42 faiz arasında dəyişir. Buraya komissiya haqlarını da əlavə etsək, faktiki illik faiz dərəcəsi 46-ya qədər çıxır. Ən maraqlısı da odur ki, Mərkəzi Bank illərdir bank faizlərinin endirilməsinə çalışsa da, nəticə əldə edə bilmir. Banklar hətta faizlərdə endirim kampaniyasına başlayanda belə azaltdıqları faizi komissiya haqqına əlavə etməklə sudan quru çıxırlar.

Bir vətəndaş eyni vaxtda 2-3 banka necə borclu ola bilər?

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, ölkədə hər iki nəfərdən biri bankdan kredit götürüb: “Digər tərəfdən, bir insanın adına 2-3 bankda kredit var. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Vətəndaşın ödəmə qabiliyyəti imkan verirsə, o, bir neçə bankdan kredit götürə bilər. Ümumiyyətlə, kredit verilən zaman vətəndaşın gəlirləri, aylıq xərcləri dəyərləndirilir”.

S.Əliyev deyir ki, vətəndaş kredit götürür və ödəyə bilmir. Nəticədə, növbəti banka üz tutur: “Vətəndaş köhnə kreditini bağlamaq üçün növbəti kredit xəttinə müraciət edir. Nəticədə, özünü daha da bataqlığa salır”.

S.Əliyevin sozlərinə görə, kredit götürənlərin sayı 2 milyon nəfər təşkil etsə də, kredit tarixçələri yeddi milyondan artıqdır: “Belə çıxır, bir adamın adına 4-5 kredit var”.

Ekspert deyir ki, borcalanların sayı iqtisadi fəal əhalinin sayından yuxarıdır: “Belə çıxır, bir pensiyaçıların, bir də uşaqların adına bankda kredit yoxdur. Yerdə qalan əhalinin hamısının banka borcu var. Rəqəmlər əhalinin kreditdən asılılığını göstərir. Getdikcə göstəricilər artır. Kreditlərin böyük hissəsi də istehlak kreditlərinin payına düşür. Hazırda ölkə üzrə əhalinin gəlirlərində borclanmanın payı 20 faizdir. Sadə dillə desək, insanlar qazandıqları pulun 20 faizini kreditə verirlər. 5-6 il əvvəl bu rəqəm 10 faiz təşkil edirdi. Getdikcə borclanmanın payı artır. Mərkəzi Bankın istehlak kreditlərinin verilməsi ilə bağlı atdığı addımın bir səbəbi də məhz istehlak kreditlərinin qarşısını almaqdır. Göründüyü kimi, bu da təsirə malik olmayıb. Mərkəzi Bankın məlumatına əsasən, istehlak kreditlərinin ümumi kredit qoyuluşunda payı 41 faizə çatıb. Təhlillər göstərir ki, əvvəlki illərlə müqayisədə ciddi fərq baş verməyib. Artım stabil olaraq davam edib. Sanki Mərkəzi Bank yanvarda kreditlərin məhdudlaşdırılması istiqamətində addım atmayıb, avtomobil kreditlərinin verilişi 2 ay müddətinə dayandırılmayıb".


Məlum olur ki, kredit qoyuluşunun 90 faizi Bakı və paytaxt ətrafı bölgələrin payına düşür. Regionların payı cəmi 10 faizdır. Bu, çox aşağı göstəricidir: "Regionlarda kredit götürmək çox çətindir. Bakıda verilən kreditlərin faiz dərəcələri ölkə üzrə faizlərdən aşağıdır. Regionlara doğru getdikcə faiz dərəcələri artır. Çox zaman girov şəklində paytaxtdakı əmlak götürülür. Bank sektoru daha çox paytaxtda və ətrafda fəaliyyət göstərir. Əmanət qoyuluşunda da eyni vəziyyətdir. Əmanətlərin 95 faizi Bakıda yığılır".

Vəfat emiş şəxs kredit borcunun varisi kimdir

Prosedura əsasən, kredit müqaviləsi bağlanan zaman hər hansı şəxs zamin olursa və müştəri vəfat edirsə, bu zaman kreditin qaytarılmasını həmin şəxs təmin edir: “Yox, əgər zamin yoxdursa, o zaman girov qoyulan əmlakın satılması yolu ilə borcun ödənilməsi həyata keçirilir. Ola bilər ki, vətəndaş arayış təqdim etməklə kreditə pul götürüb. Bu zaman isə həmin müqavilə “Problemli Kreditlər Şöbəsi”nə göndərilir və həmin şöbə məhkəmə yolu ilə vərəsəlik hüququ olan şəxsdən həmin borcu alır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm