• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ-da və İsraildə dövlət işlərinə “barmaq” edən kazinolar kralı

ABŞ-da və İsraildə dövlət işlərinə “barmaq” edən kazinolar kralı

Onun sərvəti 38 milyard dollar civarında qiymətləndirilir. 2013-cü ildə günə 32 milyon dollar qazandığı irəli sürülür. Məhz bunun nəticəsində 2007-ci ildən bu yana ilk dəfə dünya milyarderlərinin top onluğuna daxil olmağı bacarıb. Sərvətinin mənbəyi qumar imperiyasıdır.

Ötən il Makao və Sinqapurdakı kazinolardan 11,5 milyard dollar qazanıb. Hazırda Madrid ətrafında 30 milyard dollar dəyərində investisiya layihəsini həyata keçirməyi planlaşdırır. Bu layihə İspaniyanın paytaxtını bütün Avropanın qumar mərkəzinə çevirəcək. Söhbət “Las Vegas Sands” korporasiyasının sahibi Şeldon Adelsondan gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində dünyanın iyirminci varlı adamı, taksi şoferinin oğlu, yəhudi əsilli Şeldon Adelsonun həyat hekayəsini təqdim edir.

“Yatmağa çarpayımız yox idi”

Adelson 1933-cü ilin avqustunda Bostonda, kasıb yəhudi ailəsində dünyaya göz açıb. Anası Ukraynadan, atası Litvadan miqrasiya edibmiş. Çətinliklə dolanan ailədə yüksək təhsil yalnız xəyal imiş. Hətta özünün etiraflarına görə, ailəsio qədər kasıbmış ki, yatmağa çarpayıları belə yoxmuş. Şeldon bacı və qardaşları ilə yerdə yatırmış.

Bostonlu taksi sürücüsünün oğlu kiçik yaşlarından pul qazanmağa başlayır. 12 yaşında mədəndə işləyir, səyyar qəzet, süd satır. Bir müddət sonra praqmatik yeniyetmə səyyar qəzet satışını ticarətə çevirməyi qərara alır. Özünün ilk dividentlərini əldə etməyi bacarır: “İşgüzar mühitdə güclülər sağ qalır. Mən əlində skripka olan yəhudi deyildim. Lakin yaxşı döyüşməyi bacarırdım. Silahım isə hər şey idi – yumruq, cırmaq, kərpic, çubuq”.

Ali təhsilsiz ipoteka brokeri, investisiya eksperti, maliyyə məsləhətçisi

Maraqlıdır ki, universitet təhsili belə olmayan Andelson otellərə tualet kağızı satır, hətta ipoteka brokeri, investisiya eksperti, maliyyə məsləhətçisi işləyir: “Mən biznes təhsili almamışam. Hesab edirəm, təcrübə daha məqbuldur, nəinki nəyi necə etməyə dair nəzəriyyəni öyrənmək”.

1970-ci ildə bu kasıb yəhudinin taleyi dəyişir. Adelson Las-Veqasda sərgi və konfranslar keçirməyə başlayır. Onun ən məşhur layihəsi kompüter sənayesi sərgisi olur. Bu sərgilər 1979-2003-cü illər arasında keçirilir.

Onu da qeyd edək ki, Adelson bu işə başlayanda belə tədbirlər keçirilmirdi. İdeya havada idi, məsələ yalnız onun birinci kimin həyata keçirməsi, maksimum fayda əldə etməsiydi. Çoxbilmiş yəhudi belə bir təkliflə informasiya texnologiyaları sənayesinin nümayəndələrinə müraciət edir və müsbət cavab alır. Beləcə, “Computer Dealers Exhibition”(COMDEX) şirkəti yaranır və rəhbəri Şeldon Adelsonun özü olur. İlk sərgi Las-Veqasda keçirilir. Kompüter icması bunu böyük coşqu ilə qarşılayır. 1988-ci ildə sərginin miqyası o səviyyəyə çatır ki, onun keçirilməsi üçün xüsusi məkana ehtiyac yaranır. Adelson tərəfdaşları ilə birgə “The Sands Expo Convention Center” sərgi mərkəzini tikdirir və bu, Las-Veqasın ABŞ-ın sərgi sənayesindəki mövqeyini gücləndirir. 1988-ci ildə Andelson və onun tərəfdaşları Las-Veqasdakı məşhur “The Sands Hotel & Casino” kazinosunu satın alırlar. Elə həmin ildə iş adamı “Las Vegas Sands” şirkətini yaradır.

Kazino biznesi

1991-ci ildə isə o, şəxsi otel-kazinosunu “The Venetian”ı tikdirir. Burada işgüzar və ya şəxsi məsələlərlə bağlı Las-Veqasa səfərə gələn iş adamlarına, poker həvəskarlarına, eləcə də qumar oyunçularına toplaşmaq imkanı yaradılır. Adelson məhz həmin vaxt müşahidə edir ki, biri qumar oynayanda, digəri pul qazanır. Beləliklə, onun üçün kazino biznesi sərgilərin təşkilindən daha cəlbedici olmağa başlayır. Nəticədə, sərfəli qiymət şərtləri ilə “Computer Dealers Exhibition”ni satmağa qərar verir. 1995-ci ildə “Comdex” yapon şirkəti “SoftBank” tərəfindən 860 milyon dollara satın alınır.

Las-Veqasda təcrübə toplayan Şeldon Makaoda (Çin) qumar evinin tikintisinə 250 milyon dollar həcmində investisiya yatırır. Layihə o qədər uğurlu alınır ki, şəhər adminstrasiyası yeni razılaşma təklif edir. Adelson böyük əyləncə kompleksinin tikintisinə başlayır. Kompleksə dükanlar, otel, sərgi mərkəzi, kazinolar daxil olur. Yeri gəlmişkən, bu layihəyə yatırılan investisiyanın ümumi dəyəri 12 milyard dollar təşkil edir. Bu arada milyarderin haqqında ən çox irəli sürülən fikir onun xəsis olmamasıdır. Xüsusilə məsələ onun vətəni İsraillə bağlı olanda iş adamı kisənin ağzını geniş açır. 2006-cı ildə beynəlxalq “Birthright Israel” fonduna 25 milyon dollar bağışlayır. Bu da yəhudi gənclərinə öz vətənlərinin tarixi yerlərini görmək imkanı verir. Biznesmenin sonuncu ən böyük sərmayə işi Sinqapurda otelin tikintisidir. Otelin ərazisində dünyanın ən bahalı kazinosu yerləşir.

“Las Vegas Sands”in bazar göstəriciləri

2009-cu ilin göstəricisinə əsasən, milyarderin sahib olduğu “Las Vegas Sands” şirkətinin bazar kapitalizasiyası 9,72 milyard dollar təşkil edib. Şirkətin 2012-ci ildə gəliri 11,1 milyard dollar, əməliyyat gəliri 2,89 milyard dollar, xalis mənfəəti 1,52 milyard dollar, cəmi aktivləri 22,2 milyard dollar, cəmi kapitalı 7,06 milyard dollar olub. İşçilərinin sayı isə 40 min nəfərdir. “Las Vegas Sands” şirkətinə 1999-cu ildə açılan “The Venetian Resort-Hotel-Casino”, 2007-ci ildə açılan “The Palazzo Resort-Hotel-Casino”, 2009-cu ildə açılan “Sands Casino Resort Bethlehem”, 1990-cı ildə açılan “Sands Expo and Convention Center”, 2004-cü ildə açılan “Sands Macao”, 2007-ci ildə açılan “The Venetian Macao Resort-Hotel”, 2012-ci ildə açılan “Sands Cotai Central”, 2010-cu ildə açılan “Marina Bay Sands” daxildir.

Onu da qeyd edək ki, 2008-ci ildə şirkət qumar oynamaq istəyənləri Asiyadan gətirmək üçün iki

L-1011 təyyarəsi alır. Bundan sonra təyarələrinin sayını 14-ə çatdırır. Təyyarələr təkcə sərnişindaşıma funksiyasını yerinə yetirmir. Eyni zamanda, səmada qumar oyunlarının məkanı funksiyasında çıxış edir.

Bu arada deyilənlərə görə, Adelson yuxarıda adı cəkilən əmlaklardan əlavə, dünyanın bir çox yerində qeyri-rəsmi qumarxanalara da sahibdir.

Nə qədər pulu var, yalnız özü bilir

Adelson Amerikanın ən varlı adamlarının siyahısında beşliyə daxildir. “Forbes” jurnalı onun sərvətini 38 milyard dollar həcmində dəyərləndirsə də, kazino kralının reallıqda nə qədər pulunun olduğunu özündən başqa heç kəs bilmir. Rəylərə görə, qumar biznesində bir çox simalar var. Lakin Şeldon Adelson onlar arasında xüsusilə seçilir. Çünki milyarder hər şeyə özü nail olub. Çoxlarının arzulaya biləcəklərini yaradıb.

Övladları narkomandır

Kazino kralı iki dəfə evli olub. Birinci həyat yoldaşı Sandra ilə 1988-ci ildə boşanıb, 1991-ci ildə, 58 yaşı olanda Miriam Oçsornla evlənib. Miriam da, Şeldonun özü kimi yəhudi əsillidir.

Kazino kralı evliliklərindən 5 övlada sahibdir. Bu arada milyardlara sahib olmasına baxmayaraq, onu xoşbəxt hesab etmək olmaz. İş adamının iki oğlu - Mitchell ve Gary narkotik aludəçisi olub. 2005-ci ildə o, böyük oğlu Mitcheli artıq dozada narkotik istifadəyə görə itirib.

Baş naziri devirir

Las-Veqasda yaşayan qumar imperatoru Amerikada siyasi proseslərdə yaxından iştirak edir. O,Respublikaçılar Partiyasının tərəfdaşlarındandır. Eləcə də, İsraildə Likud Partiyasına yaxınlığıyla tanınır. Adelson 10 ildir pərdə arxasında ABŞ və İsrail başda olmaqla qlobal siyasət dünyasına təsir etmək səyləriylə diqqət çəkir. Bu səylərin ən bariz nümunəsi Buşun "terrorla mübarizə" siyasətinə dəstək məqsədiylə “501 status”unda qurulan "Freedom's Watch" (Azadlıq İzləmə) adlı lobbi qrupu idi.

Bundan əlavə, ABŞ-dakı yəhudi təşkilatları uzun illər İsraildəki daxili siyasət çəkişmələrinə qarışmayıb. Bu ənənə Adelsonla pozulur. 2007-ci ildə İsrailin baş naziri Ehud Olmert əleyhinə kampaniyaya başlayan Adelson onu devirməyi bacarır. Likud Partiyasının liderinin bu posta keçməsi üçün böyük pullar xərcləyir.

Dəlisov qumar kralı

Adelson haqqında müxtəlif iddialar irəli sürülür. Onlardan biri də işçiləri ilə pis rəftar etməsidir. Yazılanlara görə, Adelson təkcə işçilərinə deyil, prezidentə də qışqırır. Corc Buş bir dəfə onun haqqında “daim qışqırıb acıqlanan yəhudi-milyarder” kimi bəhs etmişdi.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR