Heç kəsə lazım olmayan Barbilər, oğru fəstfudlar, ölüm sifarişi edən aviaşirkət
Bizi izləyin

Ekopublika.az

Heç kəsə lazım olmayan Barbilər, oğru fəstfudlar, ölüm sifarişi edən aviaşirkət

Yola saldığımız həftə dünya iqtisadiyyatı təlatümlərlə yadda qaldı.

Amerikada çoxdan gözlənilən işsizlik rəqəmləri açıqlandı, Avropa Rusiyanın sanksiyaları ilə bağlı hər bir ölkəyə dəyən zərəri açıqladı, Rusiya qaz ixracında istiqamətini Avropadan Asiyaya çevirərək "Sibirin Gücü" layihəsinə imza atdı, “McDonald's” restoranları şəbəkələrinin işçiləri “maaşımızı artırın” deyə ayağa qalxdı, “Rostneft” əməkdaşlarının ixtisarına qərar verdi, başıbəlalı “Malayziya hava yolları” “Harada ölmək istərdiniz?” sorğusu ilə yeni qalmaqala yol açdı. Azərbaycanda isə yumurta 3 qəpik bahalaşaraq qiymətə mindi.

Başlayaq dünya iqtisadiyyatının supergücündən. Amerika Birləşmiş Ştatlarında işsizlik nisbəti proqnozları təsdiqləyərək azalıb. Belə ki, ölkədə işsizlik nisbəti avqust ayında 6,2 faizdən 6,1 faizə düşüb. İyul ayında 212 min nəfər səviyyəsində olan məşğulluq avqust ayında 142 min nəfər olaraq açıqlanıb. Bu rəqəm son 8 ayın ən aşağı göstəricisi kimi qeydə alınıb.

Amerikanın İş Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə işsizlik məvacibinə müraciət edənlərin sayı ötən həftə 4 min nəfər yüksələrək 300 min nəfərə çatıb. Onu da bildirək ki, məşğulluq bazarındakı proseslər Amerika Mərkəz Bankının (FED) faiz artımına gedib-getməməsi istiqamətində təyinedici bir əhəmiyyət daşıyır.

Rusiyanın Avropa Birliyi və Amerikadan bəzi məhsulların idxalına tətbiq etdiyi qadağanın bir ayının tamam olması kimin nə qədər zərərə düşməsi məsələsini gündəmə gətirdi. AB-nin kənd təsərrüfatı nazirləri Brüsseldə bir araya gələrək Rusiyanın embarqosuna qarşı əlavə tədbirləri müzakirə etdilər. Ən əsası isə məlum oldu ki, embarqo qərarı üzv ölkələrin ötən il Rusiyaya reallaşdırdığı 11,8 milyard avro dəyərində əkinçilik, qida məhsulu ixracatının 5,1 milyard avroluq qismini əhatə edir.

Komissiyanın məlumatlarına görə, embarqonun AB-yə üzv dövlətlər arasında ən böyük zərbəsi Litvaya (922 milyon avro), Polşaya (840 milyon avro), Almaniyaya (589 milyon avro), Hollandiyaya (503 milyon avro) dəyib.

Bir illik embarqonun xərci Danimarkaya 341 milyon avroya, İspaniyaya 326 milyon avroya, Belçikaya 281 milyon avroya, Finlandiyaya 273 milyon avroya, Fransaya 229 milyon avroya, İtaliyaya 163 milyon avroya, Yunanıstana 114 milyon avroya, Avstriyaya 103 milyon avroya, Macarıstana 77 milyon avroya, İrlandiyaya 70 milyon avroya, Latviya 67 milyon avroya, Estonyaya 60 milyon avroya başa gələcək.

Bir daha xatırladaq ki, rəsmi Kreml qərb ölkələrinin iqtisadi və ticari sanksiyalarına cavab olaraq Avropa Birliyi, ABŞ, Kanada, Avstraliya və Norveçdən meyvə, tərəvəz, ət, balıq, süd və süd məhsulları, yumurta idxalını bir il il müddətinə qadağan edib.

Sanksiyalar Rusiyanın özünə də ucuz başa gəlməyib. Ərzaq məhsullarının qiyməti ceyran belinə çıxıb. Son iki həftədə toyuq əti 23 faiz, donuz əti 30 faiz, mal əti 40 faiz bahalaşıb. Federal Antiinhisar Təşkilatından qeyd edilib ki, qaynar xətlərə 1254 müraciət daxil olub. Onlardan 1159-u qiymətlərin bahalaşması ilə bağlı olub. Qeyd edilir ki, şikayətlər federasiyanın bütün bölgələrindən gəlib. Pərakəndə satış mərkəzlərində də ətin, balığın, toyuğun qiymətlərində artım qeydə alınıb.

Söz Rusiyadan düşmüşkən, Vladimir Putinə, deyəsən, təkcə sanksiyalar kifayət etməyib. Rusiya təbii qaz satışında istiqamətini Avropadan Asiyaya çevirən daha bir qərara imza atıb. Rusiyadan Şərqi Asiya istiqamətinə ilk təbii qaz boru xəttinin təməlatma mərasimi keçirilib.

Yakutiyada baş tutan mərasimə Rusiyanın dövlət başçısı Vladimir Putin və Çin baş nazirinin köməkçisi Zhang Gaoli qatılıb. Beləliklə, layihə çərçivəsində hər iki tərəf enerji diplomatiyasında yeni addım atmış olublar. "Sibirin Gücü" adlandırılan boru xətti ilə hər il 38 milyard kubmetr rus qazı Çinə tranzit olunacaq. Gələcəkdə bu həcmin 60 milyard kubmetrə qədər yüksəldilməsi gözlənilir.

Mərasimdə Vladimir Putin layihənin Qərbə qarşı olmadığının vurğulayıb: “Bu yeni boru xətti sayəsində yalnız ixracatımızı artırıb yeni bazarlar tapmaqla yanaşı, eyni zamanda ciddi addım atdıq. Öz ölkəmizə qaz tədarükünə başlayacağıq”.

Mütəxəssislər isə boru xəttini Rusiyanın Şərqə üzünü çevirməsinə bir işarə kimi şərh edirlər: “Rusiya qlobal enerji bazarında əhəmiyyətli rolunu vurğulayaraq Qərbə bağlı olmadığını bəyan etdi”.

Qeyd edək ki, qarşıdakı illərdə Pakistan və Hindistanın da bu layihəyə qoşulması gözlənilir. “Sibirin Gücü” magistral qaz kəmərinin təxmini smeta dəyəri 770 milyard rubl ($21 milyard) olacaq. Müvafiq müqavilə 30 il müddətinə mayın 21-də “Qazprom” ilə CNPC arasında imzalanmışdı. Müqavilənin dəyəri $400 milyarddır.

O ki qaldı Rusiyanın Ukraynaya qaz satıb-satmayacağına, tərəflərin bu mövzuda Brüsseldə bir araya gəlməsi gözlənilir. Rusiya ilə Ukrayna arasında təbii qazın qiyməti ilə bağlı müzakirələrin növbəti mərhələsi sentyabrın 6-da, yəni bu gün Brüsseldə baş tutacaq. Görüşdə bir neçə kompromis variantın irəli sürülməsi gözlənilir. Bunlardan biri qış rejimində min kubmetrin qiymətinin 385 dollar, yay rejimində isə 325 dollar təşkil etməsidir.

Bundan başqa, avropalı mənbələr ukraynalılar dəqiq endirimli qiymətlərin tətbiqi ilə bağlı israr etdiklərini bildirir. Rusiyalı nazir Aleksandr Novak isə deyib ki, müqavilə iki qiymət təyin etməyə imkan vermir:
“Bu, hətta fiziki baxımdan mümkünsüzdür. Başqa tərəfdən, əsas məsələ qazın qiyməti deyil, borcdur. Daim qiymətlərdən danışılır, borc unudulur. Halbuki, borcun qaytarılması daha vacibdir. Elə davranırlar ki, sanki biz qazı onlara bağışlamışıq”

Nəzərə çatdıraq ki, hazırda Rusiya Ukraynaya qazın 1000 kubmetrini 485 dollardan satır.

İş dünyası

Bir az da xoş xəbərlərə nəzər yetirək. Oyuncaq nəhəngləri arasındakı kimin daha çox qazanması döyüşündə “Lego” qalib gəlib. Belə ki, “Lego”nun satış göstəriciləri 2014-cü ilin ilk yarısında sürətli bir artım nümayiş etdirib. O, Barbi oyuncaqlarının istehsalını həyata keçirən “Matdalı” geridə qoyub. “Lego”nun son 6 aydakı satışları 2,11 milyard dollar təşkil edib. Barbi oyuncaqlarına marağın azalması “Matdal”ın qazancının 61 faiz düşməsinə gətirib çıxarıb. Şirkət ilin ilk yarısında 2,01 milyard dollar itirib.

Rusiya hökümətindən maliyyə yardımı isyətən “Rostneft” işçilərinin sayını azaltmağa qərar verib. Şirkət onların 20-25 faizini ixtisar etməyi planlaşdırır. “Rosneft”in rəhbəri İqor Seçin bəyan edib ki, ixtisarlara oktyabr ayından başlanılacaq.

Onu da bildirək ki, “Rostneft” Rusiyanın dövlət şirkətləri arasında ştatını kiçiltməyə hazırlaşan ilk təşkilat deyil. “Qazprom” isə ixtisarlara getməyəcəyini bildirib. Qeyd edək ki, “Rostneft” həmçinin neft hasilatını 2 milyon ton azaltmağı düşünür.

“McDonald's” restoranlarında minimum məvaciblərin aşağı olması səbəbiylə etiraz aksiyaları davam edir. ABŞ-da restoranlar şəbəkəsinin işçiləri yenidən küçələrə tökülüşüblər. Onlar minimum saat ödənişinin 15 dollara qaldırılmasını, işçilərə peşə haqqının tanınmasını tələb edirlər. Yeri gəlmişkən, “McDonald's” işçilərinin etirazlarına Barak Obama da reaksiya verib. Obama 7,25 dollar olan minimum məvacibin yüksəldilməsi üçün Konqresə təzyiq edəcəyini deyib.

“Fast food”un işçiləri bundan daha əvvəl də üç əyalətdə “McDonald's” əleyhinə iddia açıblar. Onlar rəhbərliyi əmək haqqlarını oğurlamaqda günahlandırıblar.

Hər həftə bəd xəbərlərini aldığımız “Malayziya hava yolları” aviaşirkəti təşkil etdiyi “Harada ölmək istərdiniz?” soğusu ilə yeni qalmaqala imza atdı. Müştərilərinə “harada ölmək istərdiniz?” sualını ünvanlayan şirkət bununla bilet satışını artırmağı hədəfləsə də, yarışma sərt reaksiyalardan sonra ləğv edild.

Xatırladaq ki, "Malayziya hava yolları" aviaşirkətinə məxsus “MH370” təyyarəsi martın 8-də 239 nəfərlə Kuala Lumpur-Pekin səfərində yoxa çıxmışdı. Bundan dörd ay sonra isə eyni aviaşirkətə aid “Boinq-777” sərnişin təyyarəsi Ukraynanın Donetsk vilayətində vuruldu. Bölgədə vuruşan tərəflərdən heç biri 298 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə məsuliyyəti üzərinə götürməmişdi.

Azərbaycan

Gəldik çatdıq öz səfalı ölkəmizə. Rusiya üzərindən neft ixracımız 41,8%, dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi isə 9% azalıb, ölkədə kredit qoyuluşların həcmi 20% artıb, ötən müddətdə səkkiz bank zərərlə işləyib, kommersiya banklarının xarici öhdəlikləri artıb, Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatında bir pillə irəliləyib, ARDNF-ın “Şahdəniz” yatağının işlənməsindən 370 mln. dollar əldə edib, daha bir mobil operatora lisenziya verilib.

Əvvəlcə Dünya İqtisadi Forumunun qiymətləndirməsindən söz açaq. Çünki rəqəmlərin hər birinə adamın içindən bəh-bəh demək gəlir. Azərbaycan Dünya İqtisadi Forumunun (WEF) “Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015” (Global Competitiveness Report 2014-2015) adlı hesabatında 144 ölkə arasında 38 pillədə yerləşib. Ölkəmiz hesabatda ötən ilki göstərici ilə müqayisədə bir pillə irəliləyib. Biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri tutduğu halda, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yeri tutub.

ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yeri tutub. Hesabatda bildirilib ki, makroiqtisadi stabilliyə görə Azərbaycan 9-cu, biznesə dəstək üzrə 80-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, infrastrukturun inkişafı üzrə 70-ci, ali təhsil üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yeri tutub.

Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb. Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə Azərbaycan 48-ci, vergitutma effektivliyi sahəsində 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə isə 130-cu yeri tutub.

Məlumat üçün bildirək ki, hesabata İsveçrə başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və ABŞ qərarlaşıb…

Ölkə bazarlarındakı qiymətlərin artmasına nəyahət rəsmi münasibət bildirilib. Kənd Təsərrüfatı Nazirliyi qəribə açıqlama ilə çıxış etdi. Bildirdi ki, mövsümün əvvəlində əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Sitat: “Məsələn, ötən ilin iyul ayına nisbətən bu ilin iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi və s. Ümumilikdə isə meyvə-tərəvəzlər üzrə istehsalçı qiymət indeksi, yəni ki, fermerlərin sahədən satış qiymətləri 4-5% aşağı idi. Bir sözlə, bu mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac varıydı. Avqust ayının əvvəlindən başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi, təbii olaraq, yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət faktor kimi çıxış edib. Bunun da nəticəsində daxili bazarda qiymət şərtləri həm də fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil olub. Rusiya bazarına ixracın təsiri ilə bu ilin avqust ayında meyvə, tərəvəz və bostan məhsullarının qiymətlərində baş verən dəyişiklik mövsümün əvvəlində istehsalçılar üçün əlverişsiz olan qiymət şərtlərinin, əlverişli vəziyyətə gəlməsini şərtləndirib. Eyni zamanda, qiymətlərin yeni tarazlıq səviyyəsi istehlakçıların da mənafeyinə toxunmayıb, çünki bu ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir”.

Məndən bu qədər. Çalışın sevdiklərinizi və əllərinizdə olanları qoruyub, sahib çıxın. Çünki şair demiş, bütün sevgilərdən geriyə bir neçə təklik qalar...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm