• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rəqabətə davamlılıq təhsildən asılıdır

Rəqabətə davamlılıq təhsildən asılıdır

Keçən il bu vaxt Dünya İqtisadi Forumu (DİF) tərəfindən 2013-2014-cü illərdə qlobal rəqabətqabiliyyətliliyə aid hesabatda 1 il əvvəlkindən fərqli olaraq 7 pillə yüksələrək 148 ölkə sırasında 39-cu pilləyə çıxmağımıza dair şərhdə yazmışdıq ki, qeyd olunan nəticə ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması və yeni iqtisadi artım mənbələrinin yaradılması kimi məsələlərin həllini - insan kapitalını inkişaf etdirməyi ciddi vəzifə olaraq qarşıya qoyur. O səbəbdən ki, sözügedən hesabatda daha da irəliləməyimiz üçün bu, xüsusən vacib sayılır.

Bəllidir ki, DİF rəqabətqabiliyyətlilik indeksini hesablayarkən institutsional vəziyyətə, infrastruktura, makroiqtisadi sabitliyə, səhiyyə ilə ibtidai təhsilə, ali təhsil ilə profesianal hazırlıq səviyyəsinə, istehlak malları ilə əmək bazarının səmərəliliyinə, maliyyə bazarının inkişafına, texnoloji səviyyəyə, daxili bazarın həcmiylə yanaşı, şirkətlərin rəqabət bacarığına, o cümlədən innovasiya potensialına diqqət yetirir.

Ölkəmizin son illər ərzində əldə etdiyi tərəqqiyə əsasən isə ibtidai təhsil ilə ali təhsilə ciddi fikir verilməsi tələbi özünü daha qabarıq büruzə verir.

Builki hesabatda Azərbaycan ötənilki göstərici ilə müqayisədə cəmi 1 pillə irəliləyib. Təbii ki, bu, özü də mühüm nailiyyətdir. Təkrar edirik: ölkəmizin iqtisadi vəziyyətinin müxtəlif göstəricilər sarıdan xarici qurumlar tərəfindən, o cümlədən beynəlxalq hesabatlar üzrə hər dəfə bu cür yüksək qiymətləndirilməsi investisiya cəlbi və şaxələndirmənin dərinləşdirilməsi baxımından, gələcək inkişafımız üçün geniş imkanlar açır.

Onu da nəzərə almaq vacibdir ki, bütün bu qiymətləndirmələrdə 2013-cü ilin yekununa görə, ölkədə işsizliyin 5 faiz, yoxsulluq səviyyəsinin isə 5,3 faizə qədər enməsinin, habelə xarici dövlət borcumuzun ümumi daxili məhsul (ÜDM) həcminə görə 8 faiz təşkil etməsinin və valyuta ehtiyatlarımızın həcminin durmadan artması faktının mühüm rolu var.

Yeri gəlmişkən, hazırda həyata keçirilməkdə olan "Azərbaycan 2020: gələcəyə baxış" adlı İnkişaf Konsepsiyası da ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyinin artırılması məsələsini ön vəzifələrdən biri kimi hədəfə götürüb. İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova da deyib ki, DİF-in sonuncu hesabatında irəliləyişimiz həm də bunun nəticəsidir.

Nazir müavini vurğulayıb: "Azərbaycan 10 ildə 69-dan 38-ci pilləyə yüksəlib, 6 ildə isə MDB ölkələri arasında liderliyini qoruyur. Azərbaycan makroiqtisadi sabitliyin səviyyəsi üzrə ilk onluğa daxil olaraq dünya ölkələri arasında (araşdırmada iştirak etmiş) 9-cu yeri tutub. Hesabatda bütün inkişaf etmiş ölkələrin nəticələrinin qeyd edildiyini nəzərə alsaq, bu, çox yüksək nəticədir. Azərbaycan inflyasiyanın aşağı səviyyəsinin göstəricisinə görə dünyada birinci yeri tutur. Ötən il inflyasiyanın ümumdünya göstəricisi təqribən 3,6 faiz idisə, Azərbaycanda bu rəqəm 2,4 faiz olub".

Bütün bunlar şübhəsiz ki, mühüm göstəricilərdir.

Ancaq bunlara rəğmən, əvvəllər də yazmışdıq ki, 2020-ci ilə qədər daha sürətlə inkişaf etmək, iqtisadiyyatı modernləşdirmək və ÜDM istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq, ümumiyyətlə, DİF və digər onun kimi qurumlar tərəfindən beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə bir az da irəli getməyimiz üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirilməli, habelə tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli önə çəkilməlidir.

Çünki rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması əlaqəli məsələlərdir.

Ümumiyyətlə, diqqətdən qaçırmaq lazım deyil ki, hesabatda makroiqtisadi stabilliyə görə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü yerdəyiksə, biznesə dəstək üzrə 80-ci, infrastruktur üzrə 70-ci, ali təhsilə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə isə 89-cu yerləri tuturuq.

Bundan əlavə, vergitutma effektivliyi sahəsində 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə isə 130-cu yerdəyik.

Bunlar heç də yaxşı göstəricilər deyil. Sözümüz bunda deyil.

S. Həsənova vurğulayıb ki, gələcəkdə makroiqtisadi sabitliyin təmin edilməsi və infrastrukturun inkişafı üzrə tədbirlər davam etdiriləcək: "Azərbaycanda həmçinin biznes mühitin yaxşılaşdırılması üzrə tədbirlər görülür, yüksək texnoloji avadanlıqların və ən qabaqcıl texnologiyaların ölkəyə cəlb edilməsinə yönəlmiş innovativ siyasət yürüdülür".

Ancaq məsələ bundadır ki, innovativ siyasətin bünövrəsini isə ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. Yüksək texnoloji avadanlıqların və texnologiyaların ölkəyə cəlbi çətin məsələ deyil. Amma eyni zamanda, müvafiq kadr potensialı da təşəkkül tapmalıdır ki, DIF-in sonuncu hesabatında ali təhsil üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü pillədə qərarlaşmağımız vəziyyətin qətiyyən buna cavab vermədiyini sübut edir.

Odur ki, ölkədə neft pullarının insan kapitalına çevrilməsi bir nömrəli prioritet təşkil etməlidir. İnsan kapitalısa hər bir fərdin cəmiyyətdə özünü realizə və onun imkanlarından istifadə etmək məqsədilə insanın biliyi, bacarığı, əlaqələri və peşəkarlığının cəmini nəzərdə tutduğundan ölkədə təhsil mexanizmi durmadan yeniləşdirilməli və sırf iqtisadiyyatın inkişafına yönəldilib.

Dünyanın heç bir inkişaf etmiş ölkəsində təhsil iqtisadiyyatın tələbləri çərçivəsindən kənarda fəaliyyət göstərmir. Bizdə isə özəl və dövlət аli tədris müəssisələri tələb və təklifə əsаsən çalışmırlar ki, sözügedən sferada müxtəlif növ ödənişlərdən tutmuş, mаddi-tехniki bаzаnın inkişafına marağın az təşkil etməsi də bundan qaynaqlanır. Azərbaycanda büdcədən təhsilə real olaraq аyrılаn vəsаitin həcminin insan kapitalının inkişafına xidmət etməməsi həm də buradan irəli gəlir.

Neft pullarını sözügedən kapitala çevirməyin yolu yalnız təhsilin iqtisadiyyatın tələbləri əsasında fəaliyyət göstərməsindən keçir ki, iqtisadiyyatımızın rəqabətə bundan sonrakı davamlılığı da yalnız və yalnız bundan, başqa sözlə desək, məhz təhsil səviyyəmizdən asılı olacaq.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR