• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Çinli milyarderin ərəb nağılı - Alibaba

Çinli milyarderin ərəb nağılı - Alibaba

Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi taniyir. İş həyatına 12 dollarla başlayıb və hazırda 22 milyard dollar sahibidir. İnternet şirkətinin səhmdarıdır, amma hansısa veb səhifəni işçilərinin köməyi olmadan iPadına yükləyə bilmir. Heç kimin nail olmadığı zirvəyə qalxıb, bununla belə, “Biznes mənim ilk məhəbbətim deyil“ deyir. Söhbət “Alibaba Group”un yaradıcısından, dünyanın 113-cü varlı şəxsindən gedir.

Publika.Az “Milyonçu” layihəsi çərçivəsində Yun Ma və yaxud Cek Manın həyat tarixçəsini təqdim edir.

Turistləri gəzdirirmiş

Yun Ma 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Yun Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib.

Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: “Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum”.

Şəhərin ən pis universitetində

Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Pedaqoji Universitetə daxil olmağı bacarır. Sözügedən universitet isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış. Buna baxmayaraq, Ma aktiv tələbəlik həyatı yaşayır. Oxuduğu müddətdə universitetin tələbə ittifaqına rəhbərlik edir. 1988-ci ildə məzun olduğu zaman ingilis dilindən tədris üçün 500 nəfərin arasından universitetdə işləməyə dəvət alan yeganə tələbə olur. Bir müddət dövlətlərarası ticarətlə bağlı ingilis dilində mühazirələr deyir. Əməyinin müqabilində isə gələcəyin milyarderi cəmi-cümlətanı 12-13 dollar maaş alır.

Böyük pullar qazanmaq arzusu

Elə həmin vaxtlarda Manın bir arzusu olur: biznes sektoruna daxil olmaq. 1992-ci ildə Çində ilk dəfə qeyri-dövlət şirkətləri yaranmağa başlayır. Ma güclə fast-food restoranlar şəbəkəsi olan “Kentucky Fried Chicken”ə menecer köməkçisi vəzifəsinə düzəlir. 1995-ci ildə ilk dəfə tacir nümayəndə heyətinin tərkibində Sietlə gedir. Amerikada dostlarından biri onu internetə tanış edir. Ma “Yahoo” vasitəsiylə Çinlə bağlı yararlı nəsə tapmağa çalışsa da, bazada ölkəsi haqqında heç bir məlumatın olmadığını görür. Bu, Ma üçün şansa çevrilir. Ömründə klaviaturaya əli dəyməyən Yun Ma internet şirkəti yaratmağı qərara alır. 2000 dollar borc götürərək ilk veb saytını – “China Pages”i (Çin haqqında online axtarış – red.) yaradır: ”Layihənin işə düşdüyü gün dostlarımı dəvət etdim. Yarım səhfənin yüklənməsi uçun 3 saat gözlədik. Bununla belə, onlara internetin mövcudluğunu sübut etdim”.

Nəzərə çatdıraq ki, bu işdə onun yeganə rəqibi dövlət şirkəti “China Telecom” olur. Bir qədər sonra “China Telecom” Maya birlikdə müəssisə yaratmağı və dəyəri 185 milyon dollar olan layihəni maliyyələşdirməyi təklif edir: “185 milyon dollar - həyatımda gördüyün ilk böyük məbləğ idi. Amma bir qədər sonra anladım ki, burada öz ambisiyalarımı realizə edə bilməyəcəyəm.

Çünki “China Telecom”un 5 səsinə qarşı 2 səs hüququm vardı.

Heç kim ona inanmır

1998-ci ildə Ma Pekinə gedir və hökümətin internet-ticarət şirkətində işləməyə başlayır. Dövlət şirkətində işlədiyi zamanlarda da Ma internet-ticarət sahəsindəki layihəsini beynindən çıxarmır. 1999-cu ildə layihəni maliyyələşdirmək üçün investor axtarışına çıxır. Lakin heç kim ona inanmır: “Mən Amerikada yüzlərlə insan gördüm ki, gecə-gündüz kompüterdə işləyirlər. Anladım ki, bu, tezliklə Çinə də gələcək”.

İnvestor axtarışları nəticəsiz qalan Yun Ma on səkkizə yaxın dostunu evinə çağırır və onlara düz iki saat özünün layihəsindən bəs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır. Yun Ma dostlarından 60 min dollar toplamağı bacarır. Beləliklə, 1999-cu ildə B2B meydanında Alibaba.com yaradılır. İlk vaxtlar “Alibaba”ya kiçik və orta sahibkarlar üçün alver meydanı kimi yanaşırlar. Amma şirkət tez zamanda iki yüz ölkənin vətəndaşına – 12 milyon nəfərə xidmət etməyi bacarır. Eyni zamanda, bir zamanlar layihəni daş-qalaq edən xarici investorların diqqətini cəlb edir. 1999-cu ildə “Alibaba”ya məhşur investisiya bankı – “Goldman Sachs”, 2000-ci ildə isə Yaponiyanın telekommunikasiya şirkəti “Softbank Corporation” investisiya yatırır. Həmin ərəfələrdə şirkət heç bir biznes-plana malik olmur: “Layihəmi reallaşdırmaq məqsədilə hələ investor axtarışına çıxdığın zaman biznes-plan yazmışdım. Amma müraciət etdiyim insanlar mənə bunun düzgün olmadığını deyib layihəni rədd etdilər. O vaxtdan bəri biznes-plan yazmaq arzum yaranmayıb”.

2002-ci ildə Yun Manın layihəsi gəlirli biznesə çevrilir. 2003-cü ildə biznesmen C2C modelində internet vasitəsi ilə ödənişi reallaşdıran “Taobao.com”u yaradır. Bu, hardasa Amerikanın eBay-ına alternativ olur.

2007-ci ildə “Alibaba Group”un (Alibaba.com) səhmləri Honkonqun fond birjasında yerləşdirilir. 2010-cu ildə “Tmall.com” yaradılır. Bu internet səhfəsi çinli və xarici təchizatçılara Çinə, Tayvana, Honkonqa brend məhsulların satışını reallaşdırmaq imkanı verir.

2011-ci ildə “Alibaba.com”un internet-kommersiya saytının rəsmi istifadəçilərinin ölkələr üzrə sayı 240-a çatır.

“Alibaba Group”

Hazırda “Alibaba Group” bir neçə strukturu idarə edir. Buraya “Alibaba.com” (Alibaba China, Alibaba International), “AliExpress.com” (internet-maqazin), “Taobao.com” (online bazar, internet -auksion), “Tmall.com”, “Juhuasuan, eTao”, “Alibaba Cloud Computing”, “China Yahoo!”, “Alipay” daxildir.

Şirkətin maliyyə göstəricilərinə gəlincə, 2014-cü ilin ikinci rübündə gəlirləri 2,54 milyard dollar olub. Xalis gəliri 1,99 milyard dollar təşkil edib. Şirkətin bazar dəyəri 160 milyard dollar səviyyəsində qiymətləndirilir. Onu da qeyd edək ki, 2014-cü ildə “Alibaba Group” ictimailəşəcəyini açıqlayıb. Şirkətin ictimailəşmək üçün təyin etdiyi qiymət 60-66 dollar arasıdır. Beynəlxalq sərmayəçilərdən gələn tələblə bu qiymətin dəyişəcəyi gözlənilir. İctimailəşdirildikdən sonra şirkətin balansına 20-25 milyard dollar gəlirin əlavə olunacağı deyilir.

Niyə “Alibaba”?

Yazılanlara görə, Yun Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara “Alibaba kimdir?” deyə soruşub. Hər kəsdən bəlli “Alibaba və Qırx quldur” cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına “Alibaba”adını verməyi qətiləşdirib.

Bazarda o qədər qurdun olduğu halda, Yun Ma uğuru necə əldə edir?

İllərdir hər kəsi bir sual düşündürür: niyə heç kim “Alibaba”nın nail olduğu müvəffəqiyyətə nail olmayıb? Yun Ma bu suala sadə cavab verir: “Onların həddən çox pulları var idi. Rəqiblər nəsə iş görmək istəyəndə pullarına güvənib başlayırdılar. Bizdə isə əksinə, pul qarşıya qoyduğumuz məqsədə nail omaq üçün vacib alət idi. İlk əvvəllər şirkətin kapitalı o qədər az idi ki hər dollarımızı sayırdıq. Məsələn, ofis mənim mənzilimdə yerləşirdi. O zaman “Alibaba”nın rəqibləri resurs baxımdan daha güclü olsalar da, bunun fərqinə tez varmadılar. Nəticədə, onların səhvləri bizim şirkətin yüksəlməsinə kömək etdi”.

Xəcalət çəkdiyi səhvlər

Yun Ma 2001-ci ildə səhv buraxdığını deyir: “Şirkəti birlikdə qurduğum əməkdaşlara şirkətdə karyera limitinin onlar üçün menecerlik olduğunu izah etdim. Düşünürdüm, kənardan peşəkar gətirib, top-menecer edə bilərəm. Bir il keçəndən sonra gördüm ki, kənardan gətirdiyim işçilərin heç biri işləmir. İşləyən mənim şübhə etdiyim adamlardır. Öz prinsiplərim var. Məsələn, sən heç kimi eyni cür düşünməyə məcbur edə bilməzsən. Lakin hər kəsi ümumi məqsədə inandırmaq olar”.

Ma deyir ki, siyasət və pul nadir halda eyni vaxtda adamın əlində cəmləşir: “Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.

“Bütün imperiyalar nə zamansa çökür”

Bildirək ki, 2013-cü ildə Yun Ma şirkətin rəhbəri vəzifəsindən getsə də, idarə heyətinin üzvü kimi qalır. O, “Alibaba”nın səhmlərinin 8,9 faizinə sahibdir: “Mən “Alibaba”nı imperiya hesab etmirəm. İmperiya deyil, ekosistem yaratmağı düşünmüşəm. Çünki bütün imperiyalar nə zamansa çökür. Çinlilərin pul kisələri doludur, amma şüurları boşdur”.

Bu arada, yazılanlara görə, Yun Ma internet şirkətinə sahib olsa da, internetdə elə də zaman keçirmir. Hətta televiziya şoularını milyarderin iPad-ına yükləməyə işçiləri kömək edir. Ma internetdə zaman keçirməyin əvəzində poker oynamağı sevir.

“Biznes mənim ilk məhəbbətim deyil” deyir.

Yun Ma “Forbes”də

İş həyatına 12 dollarlıq aylıq maaşla başlayan Ma bu gün “Forbes” in siyahısında11 milyard dollar sərvəti ilə 113-cü sırada yer alır. Ötən il onun sərvəti 197 milyon dollar azalıb. Qeyri-rəsmi qiymətləndirmələrdə isə Yun Manın sərvəti 22 milyard dollar civarında dəyərləndirlir. İş adamı Zhang Yinglə evlidir. Bu evlilikdən onun bir qızı və bir oğlu var.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR