Avrasiya İttifaqı: Putinin layihəsi uçurumun bir addımlığında
Bizi izləyin

Ekopublika.az

Avrasiya İttifaqı: Putinin layihəsi uçurumun bir addımlığında

Rusiya prezidenti Vladimir Putinin yaratdığı Avrasiya İqtisadi İttifaqı ilə bağlı verilən proqnozlar özünün artıq doğrultmaqdadır. Belə ki, nəinki Qərb, qurumun üzvü olan Rusiya, Belarus və Qazaxıstanın siyasi və iqtisadi analitikləri Avrasiya İqtisadi İttifaqının uğursuz bir qurum olacağını proznozlaşdırırlar.

Publika.az-ın verdiyi xəbərə görə, Rusiyanın “Nezavisimaya qazeta” nəşri planların əksinə olaraq Rusiya, Belarus və Qazaxıstanın ittifaq çərçivəsində daha az inteqrasiya olduğunu bildirir.

“Hələ vahid valyuta, maliyyə, sosial siyasət, enerjidaşıyıcısıların ticarəti, real fövqəlmilli idarəetmə orqanlarının yaradılmasından söhbət getmir. Ən həssas məsələlər - nef, qaz və maliyyə üzrə məsələlər həll edilməmiş qalır. Bu məsələlərin isə 2025-ci ilə qədər həll edilməsi gözlənilir. Yəni, proses çox ləng gedir”, - Rusiya nəşri qeyd edir.

Avrasiya İqtisadi İttifaqının müəyyən vaxtdan sonra Avropa İttifaqının analoquna çevrilmək şansları varmı, yoxsa onu da MDB-nin digər uğursuz inteqrasiya layihələrinin taleyi gözləyir?

Avrasiya İqtisadi İttifaqı ölkələrin iqtisadi müstəqilliyin bir hissəsinin fövqəlmilli strukturlara etibar edilməsini nəzərdə tutur. Rusiya daxil olmaqla qurumun üzvləri bu prosesin olduqca ağır şəkildə getdiyini etiraf edirlər. Hələ ki heç kim milli müstəqillik prinsiplərindən keçmək istəmir. Avropa İttifaqı nümunəsi, yəni üzv ölkələrin iqtisadi, hərbi, maliyyə və digər milli müstəsna hüquqlardan könüllü şəkildə imtina etməsi Avrasiya İqtisadi İttifaqı iştitrakçılarına xoş gəlmir.

“Nezavisimaya qazeta” bildirir ki, MDB ölkələrinin Rusiya ilə daha sıx inteqrasiyaya etibar etməməsi çoxillik imperiya və keçmiş SSRİ təcrübəsi ilə izah olunmalıdır: “MDB ölkələrində ciddi qorxular var ki, iqtisadi inteqrasiya mütləq siyasi müstəqilliyin itirilməsinə gətirib çıxaracaq. Bununla belə müasir dünyada dərin iqtisadi inteqrasiya olmadan yaşamaq mümkün deyil. Əgər Rusiya həqiqətən də keçmiş respublikalarla uzunmüddətli əməkdaşlığa köklənibsə, o halda sübut etmək lazımdır ki, Avrasiya İqtisadi İttifaqı layihəsi siyasi müstəqilliyin saxlanıldığı, ərazi bütövlüyü, tarix, dil, mədəniyyət, mentalitet və partnyorların bərabərliyə əsaslanan inteqrasiya birliyidir. Əlbəttə ki, bəzi qərarlar bu və ya digər tərəfin maraqlarına zidd ola bilər və hər bir iştirakçı ölkə istənilən qərara veto qoymaq imkanına malik olmalıdır. Bu iqtisadi inteqrasiyanın ciddi impulsudur”.

Rusiya nəşri hesab edir ki, Ukrayna hadisələri və beynəlxalq reaksiya Belarus və Qazaxıstanla danışıqlarda Rusiyanı maksimal ehtiyatlı olmağa məcbur edirdi: “Qazaxıstan prezidenti Nursultan Nazarbayev keçən il Qırğızıstan, Tacikistan və Ermənistanın Gömrük Şurasına birləşməsinə qarşı çıxırdı. Amma yalnız Türkiyənin quruma üzvlüyü ilə bağlı ona görə razılıq var idi ki, Gömrük Şurasının SSRİ və ya Avropa Birliyi kimi fövqəlmilli siyasi birləşməyə çevrilməsinə mane olsunlar. Siyasi inteqrasiyaya eyni zamanda Belarus prezidenti Aleksandr Lukaşenko qarşı çıxdı. Son müqavilədən ümumi vətəndaşlıq, xarici və hərbi-texniki siyasət, sərhədlərin ümumi mühafizəsi, ümumi parlament ideyası, pasport-viza sahəsi və ixraca nəzarət kimi məsələlər çıxarılıb”.

“Nezavisimaya qazeta” hesab edir ki, Avrasiya İqtisadi İttifaqındakı partnyorlar inteqrasiya prosesini ləngitməkdə davam edilər. “Məsələn, Nazarbayev yaxın vaxtlarda – Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində bildirdi ki, quruma üzvlük Qazaxıstanın müstəqilliyini hədələyərsə, ittifaqdan çıxa bilər. Bundan başqa Avrasiya İqtisadi İttifaqının iştirakçıları arasında iqtisadi faydalar qeyri-bərabər şəkildə bölünür. Burada hələ ki ən çox Belarus qalib gəlir, Qazaxıstan isə məğlub olur. Rusiya postsovet inteqrasiya layihəsinin sponsoru olduğu üçün bu ağır yükü hər baxımdan üzərinə götürməli olacaq. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticari əməkdaşlıq Belarusin milli iqtisadiyyatı üçün daha əhəmiyyətlidir. Belarusun xarici ticarət dövriyyəsinin 46,4 faizi Rusiya və Qazaxıstanın payına düşür. Amma Lukaşenko Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması barədə sənədin imzalanmasına az qalmış sənədə imza atmaqdan imtina etdi və geosiyasi layihənin məhz Kreml üçün çox əhəmiyyətli olduğunu bildirdi. Belarus Moskvadan 2,5 milyard dollar kredit vədi aldı və Rusiya azad ticarətə aid olan bir sıra güzəştlərə getməli oldu. Amma bütün bunlar Gömrük Şurasında nə qarşılıqlı ticarətin çiçəklənməsinə, nə də mal strukturunun yenidən qurulmasına gətirib çıxardı”.

Ənənəvi inteqrasiya isə Rusiya üçün çox baha başa gəlir. Rusiya 2000-2013-cü illər ərzində Belarusa maddi yardımlar və dotasiyalar şəklində 70 milyard dollar ödəməli olub. Rusiyanın ABŞ və Avropa Birliyi ilə münasibətlərin gərginləşdiyi bir dövrdə Moskva Belarus və Qazaxıstandan kömək umur. Rusiya Qərbin sanksiyalarına cavab vermək üçün bir sıra qərarlar qəbul edib və cavab sanksiyalara Astana ilə Minskin də qoşulmasını gözləyir. Nazarbayev və Lukaşenko isə bildirdilər ki, ittifaqda Kreml tərəfindən təklif edilən münasibətlər modeli onların xoşuna gəlmir və Rusiyanın cavab sanskiayalarına qoşulmaq niyyətində deyillər.

Avrasiya İqtisadi İttifaqı üçün bir başqa problem də var. Hələ də məlum deyil ki, Ermənistan və Qırğızıstanın üzvlüyü quruma hansı iqtisadi dividentlər gətirəcək? Digər tərəfdən isə ittifaq Qırğızıstan və Ermənistanın üzvlüyü üçün bir sıra tələbləri yerinə yetirməlidir. Yalnız Qırğızıstan Gömrük Şurası iqtisadiyyatına uyğunlaşmaq üçün 500 milyon dollar alacaq. İrəvan isə Ermənistanın İranla sərhədini Ermənistanın Gürcüstanla sərhədinə birləşdirən “Şimal-Cənub” avtomobil yolunun tikintisi üçün bu yaxınlarda 150 milyon dollar aldı. Avrasiya İqtisadi İttifaqı ilə ümumi sərhədlərə malik olmayan Ermənistan Moskvadan iqtisadi baxımdan asılıdır.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişinə Azərbaycan qarşı çıxır. Azərbaycanın özü isə ittifaqa daxil olmaq niyyətində deyil. Özbəkistan və Türkmənistan isə Rusiya ilə münasibətlərdə iqtisadi və siyasi azadlıq siyasəti tətbiq edir. Rusiyanın Ukrayna siyasəti də prosesə təsir edir. Özbəkistan prezident İslam Kərimov Avrasiya İqtisadi İttifaqın yaradılmasına barədə tənqidi çıxış edib: “Onlar deyirlər ki, yalnız iqtisadi bazar yaradırlar, müstəqillikdən qətiyyən imtina etməyəcəklər. Bəs iqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilərmi?"

ABŞ və Avropa Birliyi, eləcə də digər inkişaf etmiş ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatında enişin başlanğıcı ola bilər. Bu halda isə Kremlin planlaşdırdığı bir sıra əhəmiyyətli layihələrin təxirə salınması şübhəsizdir. “Qazprom” və “Rosneft”ə qarşı sanksiyalar Rusiyanın müttəfiq respublikalarda təsirinə mane ola bilər.

Ukraynanın Avrasiya İqtisadi İttifaqında olmaması isə qurumun aşkar çatışmazlığıdır. Ölkənin 46 milyonluq əhalisi və diversifikasiya edilmiş iqtisadiyyat ittifaqa çox yaxşı perspektiv vəd edərdi. İndiki halda isə Ukrayna əldə çıxmış kimi görünür. Hətta ruspərəst hesab olunan Viktor Yanukoviç belə “3+1” düsturu arxasında gizlənərək Kremlin layihəsinə müqavimət göstərirdi. Moskvada yaxşı amlayırlar ki, Rusiya ilə yanaşı postsovet məkanında istənilən ciddi inteqrasiya layihəsinin müvəffəqiyyət qazanması üçün Ukrayna lazımdır. Məhz Ukrayna və Rusiyanın iqtisadi potensialı keçmiş SSRİ iqtiasadiyyatının lokomotivi olmağı bacarmışdı. Məhz Avropa İttifaqında lokomotiv kimi Almaniya və Fransa çıxış edir.

“Hətta daha uzaq perspektivdə Rusiyanın Ukrayna ilə eyni inteqrasiya layihəsində yer alması çətin olacaq. Rusiya Federasiyası və Ukrayna arasında yaranmış düşmən münasibət hələ uzun illər onların postsovet inteqrasiya ittifaqları çərçivəsində birləşməsini istisna edir. Biz Krımı udduq və Ukraynanı itirdik. Bu uzun müddət üçün kifayət edəcək. Amma bu çox kədərlidir", - Rusiya Elmlər Akademiyasın İqtisadiyyat İnstitutunun direktoru Ruslan Qrinberq qeyd edir.

“İstənilən inteqrasiya modeli yalnız onun iştirakçılarının bərabərliyi şərti ilə yaşamağa qabildir”, - sonda “Nezavisimaya qazeta bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm