• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kreditlər üzrə borcların səviyyəsi niyə artır?

Kreditlər üzrə borcların səviyyəsi niyə artır?

İqtisadiyyata kredit qoyuluşu artdıqca ölkədə vaxtı keçmiş kredit məbləğlərinin həcmi də genişlənir.

Son statistikaya əsasən, bu ilin avqust ayının əvvəlinə müxtəlif kredit qurumları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun məbləği 17 milyard manatı ötüb ki, bu da keçən ilin sonuna olan müvafiq göstəricidən təxminən 10 faiz çoxdur.

Sözügedən məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə isə 15-16 faiz çox edir.

Bunun müqabilində vaxtı ötmüş kredit məbləğlərinin həcmi də, az qala, 1 milyard manata yaxınlaşıb ki, başqa sözlə desək, keçən ayın əvvəlinə 900,1 milyon manat təşkil edib. Bu da bayaq qeyd etdiyimiz müqayisəyə əsasən, keçən ilin sonuna olan göstəricidən 12, həmin ilin eyni dövrünə görə isə 16 faiz çoxdur.

Göründüyü kimi, iqtisadiyyata kredit qoyuluşu ilə vaxtı ötmüş kredit məbləğlərinin həcmi demək olar ki, eyni templə artır. Halbuki ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankın (AMB) tövsiyəsinə əsasən, kommersiya bankları tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılması qeyd olunan tempi dəyişməli idi.

Ümumiyyətlə, cari ilin əvvəlindən kommersiya banklarının istehlak kreditlərini məhdudlaşdırmasına münasibətdə yazmışdıq ki, bunun ölkədə bank sistemi tərəfindən iqtisadiyyatın real sektorunun maliyyələşdirməsinə necə təsir edəcəyi diqqət mərkəzində saxlanılmalıdır. Çünki bizdə banklar gəlirlərinin əsas hissəsini istehlak kreditlərindən götürdüyündən, istehlak kreditləri məhdudlaşdırıldıqdan sonra kommersiya bankları məntiqlə kreditləşdirmə zamanı daha çox istehsal və ticarətdən kənar xidmət sahələrindən gəlir götürməyə start verməliydilər.

Bu da iqtisadiyyatın maliyyələşdirilməsinin daha da artacağına gətirib çıxarmalı idi.

Yeri gəlmişkən, istehlak kreditlərini məhdudlaşdırmaq barədə verilən tövsiyədən cəmi 4-5 ay sonra – ilin ortasında AMB rəhbərlərindən Xəqani Abdullayev bildirmişdi ki, istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması bank aktivlərinin keyfiyyətinə müsbət təsir edib. “Bu günə vaxtı keçmiş kreditlərin həcmi ölkənin bank sektorunun ümumi kredit portfelinin 5-6 %-ni təşkil edir. Bu baxımdan, sözügedən qərarın nəticəsi bütövlükdə qənaətbəxş hesab edilir”- deyə, AMB-in İdarə heyətinin sədrinin müavini X. Abdullayev qeyd etmişdi. Sədr müavinin sözlərinə əsasən, AMB ölkədə banklar tərəfindən həyata keçirilməyə başlanılan məhdudiyyətin nəticələrini artıq hiss etməkdə idi. Belə ki, risklərin azalması ilə yanaşı, iqtisadiyyatın real sektorunun kreditləşdirilməsinin artdığı görünürdü.

Amma sual yaranır ki, iqtisadiyyata kredit qoyuluşu ilə vaxtı ötmüş borc məbləğləri həcminin eyni templə artması müsbət haldırmı?

Onu da qeyd edək ki, kredit qoyuluşunun 34,7 faizini dövlət, 62,4 faizini özəl banklar, 2,9 faizini isə bank olmayan kredit təşkilatları həyata keçirib. Verilmiş kreditlərin 79,1 faizini isə uzunmüddətli kreditlər təşkil edib. Sözümüz bunda deyil.

Bəs, istehlak kreditlərinin verilməsi şərtləri ağırlaşdıqdan sonra, başqa sözlə desək, əvvəlki templə verilmədiyi halda, borc vəsaitlərinin geri ödənişi həcmi, görəsən, niyə və hansı səbəbdən artmaqdadır?

Bəribaşdan qeyd edək ki, bu, bir daha istehlak kreditlərinin məhdudlaşdırılması siyasətinin yeganə çıxış yolu olmadığını göstərməkdədir. Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, ümumiyyətlə, real sektorun maliyyələşdirilməsində ciddi canlanma əldə etmək üçün bu addım kifayət deyil.

Başqa sözlə desək, bankların əsas gəlir mənbəyini “kəsməklə” vəsaitlərini sözügedən sahəni kreditləşdirməyə yönəldəcəklərini düşünmək əbəsdir.

Yeri gəlmişkən, ölkə üzrə kredit qoyuluşunun sahələr üzrə statistikasına diqqət yetirsək, borc vəsaitlərinin yenə əvvəlki tək ən çox ev təsərrüfatlarına verildiyini görərik. Belə ki, yuxarıda qeyd etdiyimiz – bu ilin avqustun əvvəlinə olan son statistikaya əsasən, kredit qoyuluşunda ticarət və xidmət sektoru 14,4, energetika, kimya və təbii ehtiyatlar 1,3, kənd təsərrüfatı və emal 4,5, inşaat və əmlak 13,6, sənaye və istehsal 11,7, nəqliyyat və rabitə 3,4, ictimai təşkilatlar 5,1, hökumət idarələri 0,0, digər sektorlar isə 1,4 faiz paya sahib olduqları halda, ev təsərrüfatları 41,0, o cümlədən daşınmaz əmlakın tikintisi və alınması (ipoteka krediti daxil olmaqla) 5,9 faizə malikdir.

Bu həmçinin, onu göstərir ki, ölkəmizdə iqtisadiyyatın real sektorunda kreditə tələbat da qeyri-qənaətbəxş səviyyədədir. Biznesə şərait və maraq yüksək səviyyədə olan yerdəsə, əslində, pula böyük ehtiyac olmalıdır. Bizdə kreditlərin faiz dərəcələri yüksək olduğundan isə həmin maraq ciddi zərbə altına düşür.

Deməli, bir səbəb də faizlərdə axtarılmalıdır.

Yeri gəlmişkən, keçən ayın əvvəlində “Standard & Poor’s” adlı beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda da ölkəmizdə mövcud pul və bank sisteminin vəziyyəti olduqca zəif qiymətləndirilmişdi. Hesabatda Azərbaycanın daxili maliyyə bazarı da “dar” və qeyri-qənaətbəxş dəyərləndirilib.

Bu arada onu da xatırladaq ki, keçən il Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Z. Səmədzadə ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yummaq” lazım gəlmədiyini vurğulamışdı.

Bu fikirdə əsas məqsəd ondan ibarət idi ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir. Odur ki, AMB-in ölkədəki banklardan istehlak kreditlərini verən zaman müəyyən məhdudiyyətlər qoymaq tələbi zəruri idi.

Ancaq bu, təkrar edirik ki, yeganə çıxış yolu deyil.

Eyni zamanda, faiz dərəcələri də enməlidir. Mərkəzi Bankın uçot üzrə faiz dərəcəsini endirməsi isə buna təsir etmir ki, etmir. Məlum olduğu kimi, AMB İdarə Heyətinin bu barədə sonuncu qərarı 30 iyul 2014-cü ildən etibarən dərəcənin 4,25 faizdən 3,5 faizə endirilməsi barədə qəbul edilmışdı.

Bu da kommersiya banklarının kreditlər üzrə təklif etdikləri faizlərin səviyyəsinə təsir etmədi.

Pərviz Heydərov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR