• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İranla Azərbaycan yeni iqtisadi əməkdaşlığa başlayır

İranla Azərbaycan yeni iqtisadi əməkdaşlığa başlayır

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.

Nazirlikdən Publika.Az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib. Komissiyanın İran tərəfindən həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, habelə İran İslam Respublikasının Enerji, Neft, Maliyyə və İqtisadiyyat, Nəqliyyat və Şəhərsalma, Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət nazirliklərinin rəhbərləri ilə görüşüb.

İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə keçirilmiş görüşdə komissiyanın bu ilin avqustunda Bakıda keçirilən 9-cu iclasının yekunlarına dair imzalanan protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib. Azərbaycan və İranın müvafiq dövlət qurumları və sahibkar birlikləri arasında əməkdaşlıq sənədlərinin hazırlanması qərara alınıb. Həmçinin, Azərbaycan, İran və Türkiyənin iqtisadi qurumları rəhbərlərinin birgə görüşünün və üçtərəfli biznes forumun keçirilməsi barədə razılığa gəlinib.

Azərbaycan nümayəndə heyətinin İranın enerji naziri Hamid Çitçian ilə görüşündə isə iki ölkə arasında uzunmüddətli enerji təchizatına dair sazişin hazırlanması, "Ordubad və Marazad Su Elektrik Stansiyalarının Tikintisi və İstismarı haqqında Saziş"in İran tərəfindən ratifikasiyasının sürətləndirilməsi, "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının tikintisinin davamı, istismarı, istifadəsi üzrə Saziş"in yekunlaşdırılması, eləcə də alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair razılıq əldə olunub.

Sərər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın maliyyə və iqtisadiyyat naziri Əli Tayebnia ilə də müzakirələr aparıb. Görüşlərdə ölkələrimiz arasında ticarət əlaqələrinin və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və İran İnvestisiya, İqtisadi və Texniki Dəstək Təşkilatı tərəfindən hər iki ölkədə potensial investisiya imkanlarının araşdırılması məqsədilə İşçi Qrupunun yaradılması barədə razılığa gəlinib. Həmçinin, Azərbaycan və İran arasında özəl sektorda müştərək müəssisələrin yaradılması, məhsulların üçüncü ölkələrə ixracı, habelə ixracqabiliyyətli mallar haqqında mütəmadi məlumat mübadiləsinin aparılması üçün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlıq sənədinin hazırlanması və müvafiq İşçi Qrupunun yaradılması məqsədəuyğun hesab olunub.

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirilmiş görüşdə iki ölkə arasında baytarlıq və bitki mühafizəsi sahələrində əməkdaşlıq sənədlərinin müzakirəsinin qısa müddətdə başa çatdırılması, balıqçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, hər iki ölkədə ixracqabiliyyətli kənd təsərrüfatı məhsulları üzrə məlumat mübadiləsi və kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşviq edilməsi məqsədilə İşçi Qrupun yaradılması məsələləri müzakirə edilib.

Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İnan Xodro maşınqayırma kompleksi, Daro-Paxş əczaçılıq, Mapna Qrup enerji istehsalı və alternativ enerji istehsalı müəssisələrində istehsal prosesi və məhsullarla tanış olublar.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR