200 milyard dollarlıq layihə Azərbaycana nə verəcək? – AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

200 milyard dollarlıq layihə Azərbaycana nə verəcək? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlatma mərasimi oldu.

Türkiyə mətbuatının 200 milyard dollar qiymətləndirdiyi bu layihə təbii qazın TANAP və Trans Adriatik Boru Xətti (TAPIN) ilə də Avropaya nəqlini nəzərdə tutur. İnşası 2017-ci ildə tamamlanması planlaşdırılan layihə üzrə ilk mərhələdə daşınacaq 16 milyard kub metrlik qazın 10 milyardı Avropaya, 6 milyardı isə Türkiyəyə nəql ediləcək.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında layihənin əhəmiyyətindən danışıb. İqtisadçı bildirib ki, Cənub Qaz Dəhlizi Xəzər dənizinin “Şahdəniz-2” hövzəsindəki Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması məqsədi daşıyır. Bu layihə Azərbaycana 1999-cu ildən sonra kəşf edilən qaz ehtiyatlarını böyük bazara çıxarmağa imkan verəcək: “İndiyə qədər Azərbaycan qaz ehtiyatları olsa da, mavi qaz ölkəsi kimi tanınmırdi. Bazara qaz çıxarmaq imkanları məhdud idi. Azərbaycan 2007-ci ildə ilk dəfə qaz ixracatçısına çevrilib. Belə ki, qazını Türkiyəyə satmağa başlayıb”.

İ.Şaban deyir ki, Azərbaycan öz qazını ancaq regionda satıb: “İndiyədək Gürcüstan, Türkiyə, Rusiyaya (2010-cu ildən – red.) qaz satılıb. Cənub Qaz Dəhlizi daha geniş bazarda uzun müddətə qaz satışına imkan verir. “Şahdəniz-2” də alqı-satqı müqaviləsi 25 il müddətinə - yəni 2019-cu ildən 2043-cü ilə qədər - nəzərdə tutulub. Sonradan müqavilənin müddəti uzadıla da bilər. Ona görə layihə Azərbaycan üçün əhəmiyyətlidir”.

İqtisadçının sözlərinə görə, layihə bundan sonra da işlənəcək qaz yataqlarının dünya bazarına çıxarılmasını təmin edəcək: “Digər tərəfdən, region ölkələri də layihədən tranzit ölkə kimi yararlanacaq”.

İ.Şaban bildirir ki, Azərbaycan təkcə qazı satıb qazanmayacaq: “Həm də qaz infrastrukturunun operatorudur. 10-15 il çəkilən xərcləri ödədikdən sonra yerdə qalan müddətdə mənfəət əldə edəcək”.

O ki qaldı Cənub Qaz Dəhlizinin Rusiya qazına alternativ olmasına, ekspert bağlılıq olmadığını deyir: “Ümumiyyətlə, “Şahdəniz-2”nin təməli 2007-ci ildən qoyulub. Həmin ildən ikinci mərhələnin işlənməsinə start verilib. Sadəcə, qazın hansı marşrutla qazın ötürülməsi gündəmdə idi. Daha çox “Nabucco” gündəmdə idi. 2012-ci ildə Trans Adriatik Boru Xətti seçildi və kommersiya sazişi imzalandı. O zaman Rusiya və Avropa arasında qaz təhcizatı ilə bağlı problem yox idi. Burada siyasi deyil, kommersiya maraqları üstündür”.

Xatırladaq ki, Trans Adriatik Boru Xətti Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya transferini nəzərdə tutur. Layihənin dəyərinin 5-7 milyard dollar olacağı və 2018-ci ildə tamamlanacağı nəzərdə tutulub. Xəttin tutumunun ildə 16-21 milyard m3 planlaşdırılır.

TAP layihəsi üzrə pay bölgüsü belədir: BP (20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%), "Total" (10%), E.ON (9%) və "Axpo" (5%)

Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi ARDNF-nin vəsaiti hesabına həyata keçiriləcək. Neft Fondundan verilən açıqlamaya görə, bu maliyyələşdirmə həm Azərbaycanın dövlət payının maliyyələşdirilməsi, həm də ARDNŞ-in nizamnamə kapitalının artırılması ilə həyata keçiriləcək. Cənub Qaz Koridoru işə salındıqdan sonra əldə olunan gəlirlər Neft Fonduna qaytarılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm